İraqın Baş naziri Azərbaycan nümayəndə heyətini qəbul edib

iraqin-bas-naziri-azerbaycan-numayende-heyetini-qebul-edib
Oxunma sayı: 1546

6-7 dekabr tarixlərində rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin başçılıq etdiyi nümayəndə heyəti İraq Respublikasında səfərdə olub.

“Qafqazinfo” xəbər verir ki, səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin üzvlərini qəbul edən İraq Prezidenti Əbdüllətif Camal Rəşid Bakıya rəsmi səfərini məmnunluqla xatırlayıb.

Azərbaycan nümayəndə heyətinin rəhbəri səfər zamanı müzakirə olunacaq məsələləri dövlət başçısının diqqətinə çatdırıb. 

Azərbaycan nümayəndə heyətinin Baş nazir Məhəmməd Şia əl-Sudani, Nazirlər Kabinetinin üzvləri və biznes sənayesinin nümayəndələri ilə görüşləri zamanı beynəlxalq yükdaşımalar, infrastruktur, energetika, hərbi sənaye, təhsil, mədəniyyət, turizm, rəqəmsal hökumət və dövlət xidmətləri sahələrində əməkdaşlığın inkişafı ilə bağlı məsələlər müzakirə edilib.

Kommunikasiya naziri Hayam Al-Yasiri ilə görüşdə iki ölkə arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq imkanlarından danışılıb. Azərbaycanda xarici şirkətlər üçün geniş vergi və gömrük güzəştləri təklif edən texnologiya və sənaye parkları barədə məlumat verilib.

Səfər çərçivəsində Azərbaycan və İraq hökumətləri arasında Birgə Komissiyanın üçüncü iclası da keçirilib. Azərbaycan və İraq dövlət başçılarının tapşırıqlarının icrası istiqamətində qarşıda duran vəzifələr müzakirə edilib.

Rəsmi şəxslərlə görüşlərlə yanaşı, Azərbaycan və İraq şirkətlərinin nümayəndələrinin iştirakı ilə biznes forumu keçirilib. 

Səfər çərçivəsində hökumətlər arasında Ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın üçüncü iclasının Protokolu, İnformasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu və FM radio yayımları üzrə tezlik təyinatlarının koordinasiyası barədə Anlaşma Memorandumu imzalanıb.