“İsa Qəmbər demokratik düşərgənin vahid namizədi olsun”

isa-qember-demokratik-dusergenin-vahid-namizedi-olsun-
Oxunma sayı: 694


Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının “Qafqazinfo”ya müsahibəsi:


- Həbsdən sonra, azadlıqda özünüzü necə hiss edirsiniz?

- Həbsxanada olmağın əsas maraqlı cəhətlərindən biri həbsxanadan azad olunmaqdır. Mən artıq dəfələrlə həbsdən azadlığa çıxmışam, iki dəfə isə uzun müddətdən sonra həbsdən çıxmışam. Təəssüf ki, bu dəfə həbsdən çıxmağım o qədər də ürəyimcə olmadı. Çünki həbsdən çıxdığım müddət ərzində mənim ailəm, dostlar hüzn içərisində idi. Anamı itirmişdim və onun qırx mərasimi keçirilməmişdi. Amma hər halda həbsdən çıxmaq məmnunluq yaradır. Həbsdən çıxdıqdan sonra artıq həm şəxsi həyatımda, həm ictimai həyatımda, həm də siyasi həyatımda faktiki olaraq fəaliyyətimi bərpa etmişəm.

- Səhhətiniz necədir?

- Səhhətimdə müəyyən problemlər var. Ancaq mən belə bir fikri daim səsləndirirəm ki, həyatım üçün təhlükəli xəstəliyim yoxdur.

- Yəqin, bu dəfə həbsiniz həm də prezidentə müraciətinizlə yadda qalıb və bu müraciətiniz birmənalı qarşılanmadı. Hətta bunu zəiflik kimi dəyərləndirənlərdə oldu.

- Mənim həbsxanada yazdığım “Darıxıram” şeiri ilə bağlı da belə fikirlər səsləndirənlər var. Əgər kimsə bu şeiri siyasi hadisə hesab edirsə, deyim ki, o siyasət hadisəsi deyil, ədəbiyyat hadisəsidir. Mənim həbsxanada olduğum dövrdəki durumum orada yazdığım məqalələrdə özünü göstərib. Mən bu dövrdə üç-dörd məqalə yazmışam, onlar “Yeni Müsavat” qəzetində çap olunub. İstər 18 oktyabrla, istərsə də Elçibəylə bağlı yazım mənim siyasi durumumu və baxışlarımı əks etdirib. Eyni zamanda həbsdə olduğum müddətdə məhkəmə prosesləri olub və siyasi mövqeyim möhkəm çıxışlarımda da öz əksini tapıb. Şeir isə insanın daxili durumu ilə, düşüncələri, yaradıcı təxəyyülü ilə bağlı məsəldir. Biz avtoritar imperiyanın ənənələrini yaxşı xatırladığımız, eyni zamanda indi də avtoritar ölkədə yaşadığımız üçün siyasətçiləri robot kimi görmək istəyirik. Ancaq siyasətçilər də insandır və onlarında insani duyğular var. Biz əgər avropaya inteqrasiya etmək istəyiriksə, açıq, insani cəmiyyət yaratmaq istəyiriksə, siyasətçilərin insani duyğularına da təbii yanaşmalıyıq.

- Bəy, prezidentə müraciətiniz ətrafında deyilən fikirləri necə qiymətləndirirsiniz?

- Mənim İlham Əliyevə müraciətim həqiqətən həmin dövrdə Azərbaycana qarşı olan ciddi basqılarla əlaqədar olub. İstər İran, Rusiya, istərsə də Ermənistan “Eurovision”un Azərbaycanda keçirilməsini istəmirdilər və buna müqavimət göstərirdilər. Onların bununla bağlı irəli sürdükləri arqumentlərdən biri də Azərbaycanda siyasi məhbus probleminin olması idi. Ona görə mən dövlət başçısından məni həbsdə saxlamaq şərti ilə digər vicdan və siyasi məhbusların azadlığa buraxılmasını xahiş etdim. Bu xahişimi bir motivlə etdim: Azərbaycanın milli mənafeləri naminə məhbus problemini həll edin, mənim müraciətim bundan ibarət idi. Burada hər hansı məna axtarmaq qərəzli adamların işidir. Mən Azərbaycanda əfv fərmanı ilə iki dəfə azadlığa buraxılan və iki dəfə əfv ərizəsi yazmadan azadlığa çıxmış yeganə adamam. Mən siyasətdə üzdə olan adamlar arasında İlham Əliyevin hakimiyyəti dövründə iki dəfə uzunmüddətli həbsdə olunmuş yeganə adamam. Mən Azərbaycanın bütün həbsxanalarında olmuşam. Ona görə mənə qarşı deyilən bu ittihamlar mənə yapışmaz. Mənim üçün vacib olan Müsavat Partiyasının və başqanının, Müsavat Partiyasını Məmməd Əmin Rəsulzadədən təhvil alıb bizə əmanət edən Türkiyədəki Azərbaycan Kültür Dərnəyinin başqanı Cəmil Ünalın, Azərbaycan ziyalılarının və cəmiyyətinin mövqeyidir. Bu mövqe müsbətdir və konkret olaraq adını çəkdiyim adamlar bu müraciətimi ləyaqət və fədakarlıq kimi qiymətləndiriblər. Bütün qərəzsiz insanlarda bu şəkildə düşünür. Mən bu müraciəti əvvəlcə Müsavat Partiyasına, İsa Qəmbərə göndərmişdim və xahiş etmişdim ki, bu müraciət müəyyən dairədə müzakirə olunsun, məqsədəuyğun sayılarsa mətbuata verilsin. Müraciətlə sual doğuran yeganə məsələ mənim bu müraciətlə bağlı həbsimin uzanma ehtimalları olub. Müzakirə olunub ki, Arif Hacılı mən istisna olmaqla digər vicdan məhbuslarını azad edin, 12 mart və 2 aprel mitinqlərini əsas təşkilatçısıyam fikirləri səsləndirib və bu onun həbsini 2013-cü ilin oktyabrına qədər uzanması ehtimalı var. Mən bildirdim ki, əgər narahatlıq bu məsələyə görədirsə, narahat olmayın. Bundan sonra bu müraciət ictimailəşdirilib və cəmiyyətə çatdırılıb.

- Müsavatın gözlənilən qurultayın haqqında siz nə düşünürsünüz? Elə təəssürat yaranıb ki, sanki müsavatçılar qurultayı keçirməkdə maraqlı deyil. Hər zaman qurultayın keçirilməməsinə səbəb olaraq hakimiyyətin uyğun yer verməməsi göstərilirdi. Artıq hakimiyyət tərəfindən qurultay üçün yer ayrılması məsələsi ilə bağlı müsbət fikirlər səslənir.

- Müsavat Partiyasının qurultayının ləngiməsinin bir çox səbəbləri var. Səbəblərdən biri partiyanın rayon təşkilatlarının toplantılarının keçirilməsinə əngəllər törədilməsidir. Heç şübhəsiz ki, mənim, gənclər təşkilatının sədri Tural Abbaslının, onun müavinlərinin həbsi də bu məsələdə müəyyən rol oynadı. Bir tərəfdən biz qurultaya hazırlıq işlərində fəal iştirak edirdik, digər tərəfdən də azadlıqda olan dostlarımız qurultaya hazırlıqla yanaşı həm də bizim azadlığa çıxmağımız uğrunda mübarizəyə xeyli enerji sərf etdikləri üçün diqqətləri müəyyən qədər qurultay işlərindən ayrılırdı. Ancaq bu ilin yanvar ayından etibarən Müsavat qurultayını keçirməyə hazırdır. Hazırda qurultayın ləngiməsinin yeganə səbəbi Azərbaycan hakimiyyətinin uyğun yer ayırmaması ilə bağlıdır. Sizin də bildirdiyiniz kimi hakimiyyət bu barədə müsbət fikirlər səsləndirir və təəssüf ki, hələ müsbət fikirlərdən o yana hər hansı bir addım atılmayıb. Biz qurultayın keçirilməsi üçün yer istəmişik, müraciətimiz qüvvədədir. Azərbaycan hakimiyyəti müvafiq yer ayırarsa, təbii ki, biz qurultayımızı keçirəcəyik.

- Bəlkə yenidən müraciət edəsiniz?

- Yenidən müraciətə etmək olar. Biz azı 800 nəfərin iştirak edəcəyi məkan istəyirik. Yaxşı olardı ki, bu məkan Opera və Balet Teatrının binası olsun. Amma başqa uyğun yerlərdə, mehmanxanalarda ola bilər və biz bu məsələlər barədə düşünürük.

- Qurultayın Gürcüstanda keçirilməsi ilə bağlı fikirlər səsləndirilirdi. Bunun sonu nə oldu?

- Biz qurultayın Gürcüstanda keçirilməsini istəmirik. Təbii ki, qurultayın Bakı şəhərində keçirilməsini istəyirik. Ancaq hakimiyyət dairələri bizə uyğun yer ayırmadığından qurultayın xarici ölkələrdən birində keçirilməsi alternativ variant kimi səsləndirilib. Amma Bakı şəhərində uyğun yer ayrılarsa bu variant aradan qalxacaq.

- Son günlər mətbuatda ən çox müzakirə olunan məsələ müxalifətin vahid namizədidir. Müxalifət isə bu haqda danışmaqdan çəkinir, elə bil bu haqda danışılsa müxalifət düşərgəsi dağılacaq. Prezident seçkilərinə artıq bir ildən bir az çox vaxt qalıb, sizcə namizədi müəyyən etməyin vaxtı deyilmi? Niyə müxalifət, liderlərdə daxil olmaqla bu mövzuda danışmaqdan qorxur?

- Mən ümumiyyətlə xaraktercə problemləri konserviləşdirmək, sonraya saxlamaq deyil, problemlərin üzərinə getmək və onları həll etmək tərəfdarıyam. Əgər müxalifətin potensial namizədi kimi adı çəkilən şəxslər və İctimai Palatanın Koordinasiya Şurası hesab edirsə ki, bu məsələlərin müzakirə olunması indiki məqamda ziyandır mən bu mövqeyə hörmət edirəm. Hesab edirəm ki, bu məsələ ilə bağlı siyasi məsuliyyət onların üzərindədir.

- Bu haqda müzakirələr nəyə ziyandır?

- Onların bu fikrində həqiqət var. Yenə deyirəm müxalifətin vahid namizədi olması ehtimal edilən şəxslər hesab edirlərsə ki, bu məsələ indi müzakirə olunmamalıdır, onda mən onlarla siyasi polemika açmaq fikrində deyiləm.

- Belə bir fikir var ki, Əli Kərimli bu dəfə seçkilərdə İsa Qəmbərə güzəştə getməyəcək. İsa bəyin bundan öncə öz potensialını ortaya qoyması üçün şərait yaranmışdı, lakin o buna müvəffəq ola bilmədi. Sizcə artıq sıra Əli Kərimlidə deyil? Əli Kərimlinin namizədliyi daha doğru olmazdımı?

- Mənim bu məslələrlə bağlı konkret mövqelərim mövcuddur. Ancaq vahid namizəd mövzusunda müzakirə açmamaq məqsədi ilə mən bu suala cavab vermək istəmirəm.

- Bəs Əli Kərimli ilə münasibətləriniz necədir?

- Normal.

- Bir siyasi lider olaraq onu necə qiymətləndirirsiniz?

- Əli Kərimlini mən 1989-cu ildən tanıyıram. İstər Xalq Cəbhəsində, istərsə də Xalq Cəbhəsi hakimiyyətin dövründə bir yerdə işləmişik, iş prosesində hər gün təmasda olmuşuq. Onu kifayət qədər bacarıqlı və enerjili bir siyasətçi hesab edirəm.

- Yəni uğur qazanacaq namizəd Əli bəy ola bilər?

- Mən bu məsələ ilə bağlı sizin sualınızı artıq cavablandırmaqdan imtina etmişəm (gülür).

- Bəy, siz namizəd olaraq İsa Qəmbəri dəstəkləyirsiniz. Mənə maraqlıdır namizəd niyə İsa bəy olmalıdır?

- Siz məni yenə bu mövzuda müzakirəyə cəlb edirsiniz.

- Xeyr, sadəcə olaraq mənə sizin öz seçiminizi necə əsaslandıracağınız maraqlıdır.

- Mən bildirmişəm və sözümü yenə təkrar edirəm ki, mənim 2013-cü il prezident seçkilərindəki namizədim İsa Qəmbərdir. Ancaq o mənim namizədimdir. Mən çalışacağam ki, İsa Qəmbər bütövlükdə Azərbaycan demokratik düşərgəsinin vahid namizədi olsun. Mənim bu cür yanaşmamı bəzi dostlar parçalanma yaratmaq kimi qələmə verməyə çalışırlar. Halbuki mənim namizədimin İsa Qəmbər olmaması qeyri-təbii olardı. Mən Müsavat Partiyasının rəhbərlərindən biriyəm, partiyanın üzvlərinin bəlkə də hər birinin Azərbaycan prezidenti kimi İsa Qəmbəri görmək istədiyi bir məqamda mənə birbaşa verilən sizin namizədiniz kimdir sualından mən necə yayınmalıyam, niyə yayınmalıyam?! Yayınmağım qeyri-təbii olardı və hesab edirəm ki, bu suala dəqiq cavab verməsəydim həm dostlarımın, həm opponentlərimin mənə irad tutmağa haqqı olardı. Ancaq digər partiyalarında öz namizədləri var. Heç şübhəsiz ki, ACP-nın namizədi Rəsul Quliyevdir, BAXCP-nin namizədi Qüdrət Həsənquliyevdir, AXCP-nin namizədi Əli Kərimlidir. Bu fikirlərə hörmətlə yanaşılmalıdır. Əgər biz müxalifətin vahid namizədindən danışırıqsa, o zaman İctimai Palatada bir arada olan siyasi qüvvələrin namizədi barədə danışmalıyıq.

- Bəs müxalifət vahid namizəd mövzusunda ortaq məxrəcə gələ bilməsə, nələr baş verəcək?

- Azərbaycan cəmiyyətinin demokratikləşməməsinin səbəbi müxalifətin bir arada olmaması deyil. Xüsusilə hakimiyyət dairələri və digər opponentlərimiz qəsdən elə təəssürat yaratmağa çalışırlar ki, Azərbaycanda demokratik dəyişikliklərin olmamasının, siyasi islahatların aparılmamasının yeganə səbəbi müxalifətin bir araya gələ bilməməsidir. Əslidə Azərbaycanda müxalifət qüvvələrinin ciddi birliyi mövcuddur. Konkret olaraq İctimai Palata həm Azərbaycan cəmiyyəti, həm də beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan müxalifətinin birlik modeli kimi qəbul olunur. Əgər İP seçkilərə vahid siyasi platforma ilə getməyə nail olacaqsa, bu elə Azərbaycan müxalifətinin birliyi demək olacaq. Azərbaycanda demokratiyanın olmaması, geriyə doğru proseslərin getməsinin səbəbi hakimiyyətin siyasi iradəsinin olmamısıdır. Azərbaycan hakimiyyəti deklorativ olaraq islahatların aparılacağı, Azərbaycanın avropanın bir parçasına çevriləcəyi barədə bəyanatlar verməsinə baxmayaraq, işdə siyasi islahatların aparmasına mane olur. Bunun əksinin sübut etmək üçün konkret addımlar atmaq lazımıdır.

- Hansı addımları?

- Məsələn, siyasi məhbuslarla bağlı problemləri çox qısa müddətdə həll etmək olar. Hazırda Şahın Həsənli, Vidadi İsgəndərli, Əvəz Zeynallı, Ramin Bayramov, Taleh Xasməmmədov və başqaları həbsdədirlər və bu adamların həbsdə olması hakimiyyətlə yanaşı, bütövlükdə Azərbaycanın imici üçün problemlər yaradır. Onların azadlığa buraxılmasının mexanizmi var. İstintaq başa çatmayanlar haqqında həbs qəti imkan tədbirinin ləğv edilməsi və onların azadlığa buraxılması mümkündür. Eyni zamanda Şahin Həsənli və Vidadi İsgəndərli onlara təyin olunmuş cəzanın üçdə birindən çoxunu çəkiblər, digər məhbuslar kimi onlarda məhkəmə vasitəsilə cəzalarının qalan hissəsini şərti çəkməklə azadlığa buraxıla bilərlər. Bu addımlar atılsa, vətəndaşların sərbəst toplaşma hüququ təmin edilsə, siyasi partiyalara normal fəaliyyət şəraiti yaradılsa Azərbaycan cəmiyyəti hakimiyyətin demokratik islahatlara hazır olduğu barədə vədlərinə inanacaq.

- Hakimiyyətə inanmırsınız, bəs hazırkı vəziyyətdə müxalifətin uğuruna nə dərəcədə inanırsınız?

- Azərbaycan cəmiyyətində vəziyyət xeyli dərəcədə dəyişib. Azərbaycanda demokratik dəyişikliklər arzusunda olan insanların sayı artıb. Eyni zamanda beynəlxalq birliyin Azərbaycana münasibəti müsbət mənada dəyişib və beynəlxalq birlik Azərbaycan cəmiyyətinin demokratik islahatlara hazır olduğuna inanıb. Hesab edirəm ki, bunlar ciddi amillərdir. Sadəcə olaraq hazırda müəyyən təşkilati işlər aparmaq, təbliğatı genişləndirmək, ilk növbədə cəmiyyəti siyasi, demokratik dəyişikliklərin mümkünlüyünə inandırmaq lazımıdır.

- Sizcə, bunlarla yanaşı cəmiyyətdə müxalifətə inam yaratmaq da lazım deyilmi? Çünki cəmiyyət son 20 ilin müxalif liderlərinə və vədlərinə inanmır.
- Bu subyektiv mövqelərdir. Cəmiyyətdə müxalifətə inananlar və inanmayanlar da var.

- Elə hakimiyyətə də inananlar və inanmayanlar var...

- Düşünürəm ki, demokratik seçkilər keçirilsə, vətəndaşların kimə inanıb, kimə inanmadığını müəyyən etmək mümkündür. Təbii ki, nəsil dəyişmə prosesi getməlidir. Nəsil dəyişmə prosesi isə sürətlə gedir. Kifayət qədər gənc siyasətçilər ortaya çıxıb. Mən onların mövqelərini izləyirəm, onların yazdıqlarını oxuyuram, hətta mənə ünvanlanmış tənqidlərini və bəzi halda qərəzli fikirlərini oxuyaraq ruhlanıram, nikbinləşirəm. Çünki siyasi vəziyyəti kifayət qədər düzgün analiz etmə qabiliyyətinə malik olan, siyasətə bir dolanışıq vasitəsi kimi deyil, cəmiyyəti yaxşılaşdırmaq uğrunda mübarizə vasitəsi kimi baxan adamların sayının artdığını görürəm və düşünürəm ki, yaxın gələcəkdə ölkədə siyasi proseslərin başına yeni nəsil keçəcək.

Sədan Bünyadova