“İsa Qəmbər həlledici məqamlarda həmişə qaçıb”

isa-qember-helledici-meqamlarda-hemise-qacib-
Oxunma sayı: 1499

Müsavat başqanı İsa Qəmbər gənclərlə keçirdiyi görüşdə müxalifətə bağlı bir sıra ittihamlar səsləndirib. Belə ki, Müsavat başqanı İctimai Palatada təmsil olunan partiyalardan savayı digər müxalif partiyalarının bir qisminin hakimiyyətin, bir qisminin İranın, digər qisminin isə Rusiyanın nəzarətində olduğunu deyib. Bununla yanaşı, İ.Qəmbər 2003-cü il hadisələrinə də toxunaraq bildirib ki, o dövrdə müxalifətin vahid namizədinin müəyyənləşdirilməsində ən çox əziyyət çəkən özü olub, amma digərləri buna razı olmayıblar. Buna görə də, o hazırda müxalifətin vahid namizədinin olmasını istəmir. Yalnız həqiqi müxalifətlə birlik haqqında danışa bilər. İ.Qəmbər partiyaları mövqesizlikdə və boş-boş fəaliyyətdə də günahlandırıb. Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev Müsavat başqanının ittihamlarına Publika.Az-a müsahibəsində cavab verib.

-İsa Qəmbərin partiyaların başqa qüvvələrin nəzarətində olması ilə bağlı fikrinə necə yanaşırsınız?

-Bununla bağlı İsa Qəmbərin konkret danışmağı məsləhətdir. Çünki İsa Qəmbər üzərində ciddi siyasətçi imici yaratmış şəxsdir. Ona görə də yaxşı olar ki, cəmiyyətə faydalı olan bu cür məlumatları açıqlasın.
Onun belə bəyanat verməsi birinci dəfə deyil. İsa Qəmbərin özü haqqında müxtəlif dövrlərdə müxtəlif məlumatlar olub. Onun Viktor Polyaniçko tərəfindən yaradılan "Gənc alimlər klubu" vasitəsilə siyasətə gəlməsi və bir sıra başqa məlumatlar mövcuddur. İran məsələsinə gəlincə, hakimiyyətdə olduğu dövrdə neft kəmərinin İrandan keçməsini müdafiə edən, İran dövlətinin maraqlarının güdülməsinin müəllifi olan şəxs də İsa Qəmbər olub. İsa Qəmbər məlumatlı adamdır. Kimlər haqqında məlumatı varsa, bunu ictimaiyyətə açıqlasa, daha yaxşı olar.

-İsa Qəmbər 2003-cü il hadisələrində müxalifətin bir araya gəlməsində özünün daha çox əziyyət çəkdiyini deyir. O dövrdə həqiqətənmi belə olmuşdu?

-İsa Qəmbər o vaxt xeyli fəal partiyanın yaratdığı siyasi birliyin əsas namizədi idi. O vaxt vahid namizəd məsələsi "Dördlər" formatında müzakirə olunurdu. Əslində 2003-cü ilin uğursuzluğunu elə İsa Qəmbərin ayağına yazmaq lazımdır. Çünki o vaxtı məşhur London səfəri var idi. London səfərində vahid namizəd məsələsində razılığa gəlinməməsinin səbəbi məhz İsa Qəmbərin mövqeyi idi. Səfərdən sonra verilən məlumatlar ondan ibarət idi ki, namizədlərin fikri bir namizəd üzərində razılaşdırılmışdı. O dövrdə hakimiyyətin dəyişilməsi üçün ən münasib dövr idi. Vahid namizəd məsələsi həll olunsaydı, hakimiyyətin daxilində olan müxtəlif strukturların, o cümlədən hökumətdə, orduda və digər nazirliklərdə ciddi təşkilatlanma gedəcəkdi və hakimiyyətin dəyişilməsi baş verəcəkdi. Buna mane olan yalnız İsa Qəmbər oldu. Əslində o, belə fəaliyyəti təkcə 2003-cü ildə pozmayıb. Onun bu cür fəaliyyətini tərəfdarları bu gün İctimai Palatada davam etdirir.
Eyni zamanda, 1998-ci ildə "Beşlər" formatı var idi. Orda Elçibəyin vahid namizəd olması məsələsi həll olunurdu. Lakin İsa Qəmbərin mövqeyi beşlər formatında Elçibəyin vahid namizədliyinə mane oldu. İsa Qəmbər ümumi fəaliyyətində daim Azərbaycan müxalifətini parçalamaqla vahid platformanın əmələ gəlməməsinə xidmət edən bir şəxsdir. Həlledici məqamlarda da həmişə qaçıb gizlənib. Bu 20 yanvar hadisələrində də oldu. Hadisələrdən bir qədər əvvəl cəbhənin konfransı olmuşdu. O vaxt “demokratiyadan milli müstəqilliyə” şüarı altında qütbləşmə yaratdılar. Sonra da 20 yanvar hadisələrində hamısı qaçıb gizləndi. Heç biri küçəyə çıxmadı.
İsa Qəmbər sadəcə olaraq bu xalqın məlumatlandırılmaması, ictimai rəyin onun və bir sıra şəxslərin əlində olan mətbuat vasitəsilə formalaşdırılması vasitəsilə sui-istifadə edərək bu cür yanlış məlumatlar yayır. Bu gün Azərbaycan hakimiyyətinə adekvat olaraq vahid cəbhənin formalaşmamasının da ən böyük fəaliyyətçisi məhz İsa Qəmbərdir.

-Onun digər partiyaları boş-boş fəaliyyət göstərməsi ilə bağlı dediklərinə münasibətiniz necədir?

-Başqasını boş-boş fəaliyyət göstərməkdə ittiham edən şəxs ən azından özü dolu fəaliyyət göstərməlidir. Dolu fəaliyyət nümayiş etdirib nəyə nail olublar? İsa Qəmbər 20 ildə Azərbaycan müxalifət partiyasının başında duran şəxsdir. Həmçinin, vaxtilə prezident səlahiyyətlərini icra etmiş, sonra parlamentin sədri olmuş bir şəxsdir. Amma o, hakimiyyətdə olandan bir ildən sonra öz isti kreslosunu Heydər Əliyevə nimçədə təqdim etmiş bir şəxsdir. O, indi hansı dolu fəaliyyətdən danışır ki, bu 20 il ərzində cəmiyyətin, müxalifətin bu vəziyyətə düşməsinin məsuliyyətini o daşıyır. Sadəcə olaraq, Azərbaycanda ictimai rəy süni sürətdə hakimiyyətin nəzarətində olan mətbuatın vasitəsilə formalaşdırıldığından İsa Qəmbərin cavabını vermək çox çətin olur. Çünki hökumət onu həmişə mühafizə edib, vaxtı gələndə o da hökumətin işinə yarıyıb. Buna görə də ona adekvat cavab vermək bir qədər çətindir.

-Belə çıxır ki, İsa Qəmbərin dediyi qüvvələrə onun öz partiyası da işləyir?

-Mən bunu deyə bilmərəm. İstəyərəm ki, o konkret danışsın. Mənim dediklərimin hamısı Azərbaycan siyasətində son 20 ildə baş verən hadisələrdir. Mən ehtimal danışmıram, bunların hamısı faktlardır. 1998-ci ildə olanların, 2003-cü ildə baş verənlərin, indi, 2013-cü ildə baş verənlərin də hamısı faktdır. 20 yanvarda qırğınlar zamanı İsa Qəmbərin rəhbərlik etdiyi fraksiyanın tutduğu mövqe Azərbaycan tarixinin ən acınacaqlı həqiqətidir. 1993-cü ildə hakimiyyətin təhvil verilməsi də həmin fraksiyada təmsil olunan İsa Qəmbərin, Arif Hacılının, Pənah Hüseynin gördüyü işlərdir. Yaxud da, neft kəmərinin İrandan keçməsi layihəsinin müəllifinin İsa Qəmbər olması, Polyaniçkonun yaratdığı qrupun üzvü olmasının hamısı tarixi həqiqətlərdir. Mən ehtimalla danışmıram. Müxalifətin parçalanmasına xidmət edən mövqeni tutması üçün hökumət məqsədyönlü sürətdə bu şəxsi üzdə saxlayır. Maraqlıdır ki, o nə üçün partiyasının rəhbərliyindən istefa vermir? 2009-cu ildə bəyan etmişdi ki, partiya sədrliyindən istefa verməyə hazırdır. Öz partiyasında qanunçuluğu təmin edə bilməyən, nizamnaməyə riayət edə bilməyən bir şəxs Azərbaycana nə verə bilər? Bir postu təhvil verməkdən ehtiyatlanır. Belə şəxslərin böyük siyasi iddialarda olması mənə elə gəlir ki, böyük səhvdir.