İsaxan Aşurovun son müsahibəsi - Fotolar

isaxan-asurovun-son-musahibesi-fotolar
Oxunma sayı: 828

Tanınmış vəkil İsaxan Aşurov bir müddətdir mətbuatda görünmür. İstər son dönəm jurnalistlərlə bağlı baş verən hadisələr, istərsə cəmiyyətdəki digər proseslərlə bağlı onun fikirləri oxucular üçün maraq doğurduğundan İsaxan bəyə hazırda istirahət etdiyi doğma elində- Borçalı mahalının Faxralı kəndində baş çəkib, qısaca bir söhbət etdik.

- İsaxan bəy, neçə vaxtdır mətbuatda görünmürsünüz. Vəkillik fəaliyyəti ilə məşğulsunuz hazırda?
- Aktiv vəkillik fəaliyyəti ilə məşğul deyiləm. Bunun da səbəbi uzun müddətli müayinə və müalicə olunmağımla bağlıdır. Mən daha çox xaricdə oluram və bu baxımdan ölkədə, eləcə də mətbuatda az görünürəm.

- Ölkədəki ictimai-siyasi prosesləri izləyə bilirsinizmi?
- İmkan olan həddə bəzən internet vasitəsilə izləyirəm. Orda da materiallar nisbətən məhdud və az olur. Amma ölkədə baş verənlərlə bağlı məlumatlıyam.

- Siz daim jurnalistlərin müdafiəsində dayanan vəkillərdən olmusuz. Son dönəmdə jurnalistlərin döyülməsi, məhkəməyə cəlb olunması, habelə Xədicə İsmayılovanın nümunəsində şantajla üzləşməsi prosesi geniş vüsət alıb. Necə düşünürsüz, nə üçün jurnalistlərə qarşı təzyiq bumu zəifləmək əvəzinə artan qrafik üzrə davam edir?
- Bunun səbəbləri barədə fikir söyləməyə çətinlik çəkirəm. Amma deməliyəm ki, jurnalistlərə qarşı hər hansı qanunsuzluq edilirsə, bu, hüquq müstəvisində həll olunmalıdır. Bilirəm ki, Xədicə İsmayılova çox yaxşı vəkillə, Adil İsmayılovla təmin olunub. Digər jurnalistlər də onlara qarşı təzyiq faktı olarsa bunu hüquq müstəvisində araşdırmağa səy göstərməli, ruhdan düşməməlidir.

- Yəqin ki, həmkarlarınız sizə Xədicə İsmayılova ilə bağlı baş vermiş şantajın detallarını, bu barədə Jurnalist Təhqiqat Qrupunun apardığı araşdırma barədə məlumat verib. Həmkarlarınız bu şantaj əməliyyatının qeyri-professional, kustar səviyyədə aparıldığını deyir. Siz nə düşünürsünüz?
- Ümumiyyətlə, buna əməliyyat demək olmaz. Çünki bu əməliyyat-axtarış fəaliyyəti haqqında Azərbaycan Respublikası qanunundan kənarda baş verən hadisədir. Hətta belə bir vəziyyət - başqasının mənzilinə daxil olub, orada kamera quraşdırmaq - o halda mümkün ola bilər ki, söhbət hansısa iri terrorçu dəstədən, dövlət və şəxsiyyət əleyhinə hansısa irihəcmli cinayətlərin hazırlanmasından getsin. Bu zaman əməliyyat keçirilməsinə, hansısa qurğular quraşdırılmasına qanun icazə verir. Buna qanun yox, bizim qəbul etdiyimiz konvensiya da icazə verir. Amma bəlli normalar çərçivəsində bunun üçün mütləq məhkəmə qərarı tələb edilir. Bu əməliyyatın gedişində yataq səhnəsi öz əksini tapmamalıdır. Əgər onlar tərəfindən belə bir səhnə tapılıb müəyyənləşdirilsə də, o səhnə çıxarılmalıdır. Bunun hər hansı şəkildə ictimailəşdirilməsi yolverilməzdir. Əgər fikir verdinizsə, Azər Əhmədov və Qənimət Zahidin olayından fərqli olaraq Xədicə İsmayılova ilə bağlı hadisədə çəkiliş televiziyaya verilmədi. Çünki bunun televiziyaya verilməsi ciddi qalmaqal ola bilərdi.

- Sizcə, televiziyaya verilməməsinin səbəbi ehtimal olunan beynəlxalq təpkilərdən çəkinmə ilə bağlı oldu, yoxsa Xədicə İsmayılovanın təmsil etdiyi radionun Amerikaya mənsub olması ilə?
- Məncə, bu əməliyyatı keçirənlər də artıq bir az təcrübələniblər. Bunun televiyaya verilməsi elə qəbul oluna bilərdi ki, bu, dövlətin dəstəyi ilə baş tutmuş bir hadisədir.

- Daha öncə jurnalistlərlə bağlı insidentlərdə günahkarların cəzalandırılması halları baş verməyib. Sizcə, bu dəfə Xədicə İsmayılova olayında bir istisna baş verə bilərmi?
- İstintaq hərəkətləri aparılır. Xədicə xanımın özü də buna mətbuat konfransında toxunub. Deyib ki, artıq bir sıra şəxslər dindirilib və istintaq hərəkətləri edilib. Lakin mənim qənaətimə görə, bu əməli törədən şəxslərin tapılıb cəzalandırılması xeyli müşkül məsələdir.

- Nə üçün? İp ucları azdır, izlər itirilib, yoxsa...?
- İzlərin itirilməsi məsələsi də var. Hazırkı mərhələdə bir müdafiə tərəfi olaraq Xədicə xanımgil iş materialları ilə tanış olmaq hüququna malik deyillər. Hansı istintaq hərəkətlərinin aparılmasını da geniş mənada bilmirlər.

- Siz Eynulla Fətullayevin hüquqi müdafiəsini həyata keçirmisiniz. Bir çoxları iddia edir ki, azadlığa çıxandan sonra Eynulla Fətullayev mövqeyini dəyişib. Keçmiş silahdaşları, iş yoldaşları bu məsələdəki mövqelərini artıq açıqlayıblar. Siz bu barədə nə düşünürsüz?

- Ümumiyyətlə, insanın həyatında həbs və cəzalandırma kimi hadisələr müəyyən mənada hansısa təkamül prosesinə səbəb olur. Eynulla haqda danışmaq mənə xeyli dərəcədə çətindir. Çünki 4 il o şəxsin hüquqlarını qorumuşam. Sonra bizim aramızda fikir ayrılıqları yaranıb. Mən bu fikir ayrılıqları yaranmasının dərin səbəblərinə varıb bir ictimai diskussiya açmaq istəməzdim. Amma eşitdiyim görə, o danışır ki, mən Apelyasiya Məhkəməsindəki prosesə getməsəydim, o azadlığa bir il daha tez çıxa bilərmiş. Etiraf edim ki, bizim aramızda həqiqətən belə razılıq olub ki, mən Apelyasiya Məhkəməsinə getməyim.

- Söhbət Apelyasiya Məhkəməsindəki hansı prosesdən gedir? Daha dəqiq desək, konkret hansı iş üzrə?
- Söhbət Qaradağ Rayon Məhkəməsinin narkotiklərlə bağlı verilən hökmündən apelyasiya şikayətinə ilkin baxış mərhələsindən gedirdi. Mən onu deməliyəm ki, bu razılıq olandan sonra hakim mənimlə əlaqə saxlayıb. Mən də hakimə bildirmişəm ki, bizə heç bir vaxt verilmədiyi üçün və sənədləri hazırlama imkanından məhrum olduğumuz üçün baxış başqa vaxta təyin edilsin. Mənə deyib ki, bunu gəlib prosesdə demək lazımdır və biz ancaq bu halda prosesi başqa vaxta təyin edə bilərik. Və mən ona görə bu prosesə getmişəm, ardınca isə prosesi də yarımçıq tərk etmişəm. Əgər Fətullayevlər belə düşünürlərsə, mən bu hərəkətlə onlara hansısa iztirab gətirmişəm, mən tam səmimi qəlbdən onlara demək istəyirəm ki, burda heç bir qəsd elementi olmayıb. Hakim, sadəcə olaraq, məni dəvət edib və mən getmişəm. Və bu zaman o prosesi yarımçıq tərk etmişəm. Çünki görmüşəm ki, burada həbs-qətimkan tədbirinə baxılır. O prosesdən sonra məktubla müraciət etmişəm ki, mən həbs-qətimkan tədbirinin müzakirəsində hər hansı formada iştirak etməmişəm. İkincisi, o sadəlövh düşüncədir ki, mənim o prosesə getməyimlə onun bir il artıq həbsdə qalması arasında əlaqə olub. Bu, qətiyyən belə deyil. Mən, ümumiyyətlə, kimliyindən asılı olmayaraq, hüquqlarını müdafiə etdiyim şəxslərin mənafeyinə xələl gətirən vəkil olmamışam.

- İndi Fətullayevlə münasibətlər normaldır, fikir ayrılıqları həll olunub?
- Yox, bizim onunla heç bir münasibətimiz, ünsiyyətimiz yoxdur. Mənim ona heç bir ehtiyacım yoxdur.

- Sizdəmi güman edirsiniz ki, o, mövqeyini, xəttini dəyişib və bununla bağlı nə düşünürsüz?
- Hansı fəaliyyət növü ilə məğul olmağı hər kəs özü müəyyənləşdirir. Ona görə də mən hər hansı şəxsin hərəkətləri və davranışlarının dəyişməsi haqda fikir söyləmək istəməzdim. Xüsusən həmin şəxs mənim vaxtilə hüquqlarını müdafiə etdiyim şəxs olubsa, bu, mənim üzərimə əlavə məsuliyyət də qoyur ki, mən belə fikirlər söyləməli deyiləm.

- Ümid edirəm, bu hadisədən sonra jurnalistlərin müdafiəsindən imtina etməyəcəksiz.
- Mən heç vaxt jurnalistlərin müdafiəsindən imtina etməmişəm və ondan sonra da bloggerlərin müdafiəsi ilə məşğul olmuşam. Onlar da çox qeyri-adi adamlar idi. (Gülümsünür).

- Bugünlərdə doğma elinizdə Borçalıda istirahət edirsiniz və yəqin ki, burdakı soydaşlarımızla da tez-tez görüşürsünüz. Onlar öz problemləri barədə sizə nə danışır? Necə deyərlər, burdan Azərbaycan və Azərbaycandan bura necə görünür?
- Görünmək və proseslərin içində olmaq fərqli şeylərdir. Əfsuslar olsun ki, həmvətənlərimiz dar çərçivədə düşünürlər və Gürcüstanda gedən demokratik proseslərdə yaxından iştirak etmək istəmirlər. Azərbaycanlıların çox az yaratdığı və içində iştirak etdiyi qeyri-hökumət təşkilatları var. Halbuki bu gün Gürcüstan dövlətinin əsasını qoyan, yaradan şəxslərin əksəriyyəti qeyri-hökumət sektorundan gəlmiş adamlar idi. Və mən arzu edərəm ki, bizim adamlarımız daha geniş çərçivədə düşünsünlər. Burada maraqlı məqam odur ki, insanlar problemlərə görə bir-birini günahlandırırlar. Bu, əlbəttə ki, yanlışdır. Əgər problem varsa, onun konturlarını müəyyən edib, aradan qaldırmaq üçün tədbirlər görülməlidir. Yoxsa ki, Əli Vəlini, Vəli Əlini günahlandırır. Bununla da problem həll oluna bilməz. Buradan Azərbaycan necə görünür? Buradan Azərbaycan çox zəngin ölkə kimi görünür. Hətta Tiflisdən baxanda Bakı o qədər zəngin görünür ki, Bakının bir rayonuna ayrılan vəsait bütöv Tiflisə ayrılmır. Gürcülərin də təfəkküründə Bakı çox zəngin görünür.

- Bəs gürcülərin azərbaycanlılara münasibətində bir dəyişim müşahidə olunurmu? Əvvəlki illərlə müqayisədə yumşalma varmı?
- Əlbəttə ki,müsbətə doğru bir dəyişiklik müşahidə olunur. Daha tolerant olmaqla yanaşı, Avropa dəyərlərinə meyl edirlər. Bu münasibətlər pis deyil, amma daha yaxşı ola bilərdi. Bizim insanlar da çalışmalıdır ki, bir-birinə münasibəti daha yaxın olsun. Və bu yaxınlıq məclislərdə sağlıq deməklə məhdudlaşmamalıdır.

- Siz nə vaxt aktiv vəkillik fəaliyyətinə qayıdacaqsız?
- Bu, daha çox müalicədən və Allahdan asılıdır.
Müsahibimiz sonda Bakıdakı bütün dostlarına uzaq dağ kəndindən salam göndərdi.

Sevinc TELMANQIZI, Fotolar Əflatun AMAŞOVUNDUR, Faxralı 06 may