İslamı qəbul edənlər, yoxsa etməyənlər? - Araşdırma

islami-qebul-edenler-yoxsa-etmeyenler-arasdirma
Oxunma sayı: 1422

Azərbaycan əhalisinin 95 faizinin müsəlman olduğu bildirilir. Bu müsəlmançılığın neçə faizinin kortəbii, nə qədərinin də məntiqi əsaslarla qəbul edildiyini heç kim qeyd etmir. Bunun statistikasının aparılması mümkün də deyil. Sadəcə təxminə və müşahidələrə əsaslanaraq demək olar ki, özünü müsəlman adlandıraraq, İslamı olduğu kimi qəbul edib yaşayanların sayı digərlərinə nisbətən olduqca azdır. Bunun səbəbi isə kortəbiilikdir. Əvvəlki dövrlərdə «urra» qışqırıb ateist olanların, indi «əlhəmdu lilləh» deyib müsəlman olduğunu və ya özlərini bu cür adlandırdıqlarını görmək mümkündür. Bəs «qonşudan geri qalmamaq» prinsipi ilə hərəkət edən bu cür kortəbiiliyin qarşısını necə almaq olar? Təbii ki, ancaq və ancaq düzgün təbliğatla... Bu yazımızda kortəbiiliyə əsas təşkil edən xurafat və mövhumatı deyil, İslam dinini qəbul etmədiyi halda, “müsəlmanlaşdırdığımız” bəzi məşhurları qeyd etməyə çalışacağıq.

Müsəlmanların imanlarını gücləndirmək, inanmayanları da “yola gətirmək” məqsədi ilə bir qrup xəyalpərəst əvvəlcə “Peyğəmbər” (Risalə, The Message) filminin baş rolunu -Hz.Həmzə rolunu- ifa edən Anthony Quinnin («Ömər Muxtar» filminin də əsas qəhrəmanıdır) “müsəlman” olduğunu elan etdi. Sonra 1969-cu ildə Aya ilk dəfə ayaq basan kosmonavt Neil Armstronqa bu “titul” verildi. Bir müddət ötəndən sonra da məşhur okeonoloq Kapitan Kustonun (Jacques Yves Cousteau) Atlantik okeanında kəşf etdiyi iki dənizin suyunun bir-birinə qarışmamasının Quranda 1400 il əvvəl Allahın bildirdiyini bilməsindən sonra İslama “gətirdilər”...

Bunların hamısı böhtandır. Heç bir əsası yoxdur. Əlbəttə, Anthony Quinn çox gözəl aktyor idi. Rolunun öhdəsindən layiqilə gəldiyini kinotənqidçiləri də etiraf edirlər. Onun «The Message» və «Ömər Muxtar» filmlərində müsəlman obrazları canlandırandan sonra təsirlənərək müsəlman olduğu qeyd olunurdu (hər tərəfində kamera olan adamın necə və nədən təsirləndiyi mənim üçün hələ də qaranlıq olaraq qalır). Ancaq Anthony Quinn axır nəfəsinə kimi müsəlman olaraq deyil, adi bir xristian (katolik) kimi yaşadı. Çünki heç vaxt İslam dinini qəbul edib müsəlman olmamışdı. Xatirələrini yazdığı “Bir nəfərlik tanqo” adlı kitabında da bunu oxuya bilərsiniz. Quinn İsrailə və sionizmə açıq-aşkar rəğbət bəsləyən və kömək edən bir adamdı. Hətta Liviyada Peyğəmbərimizin (s.ə.v.) həyatından bəhs edən filminin çəkilişlərində qaldığı hoteldə Yasər Arafatla bu haqda necə mübahisə etdiyini də həmin kitabında qeyd edib.

«Müsəlmanlaşdırılan» başqa bir məşhur şəxs isə Neil Armstronqdur. Haqqında danışdığımız bu şəxs 1969-cu il, 16 iyul, saat 9:31-də ABŞ-ın Florida ştatındakı 55 ölkədən 3493 müxbirin iştirak etdiyi “Arollo-11” kosmik gəmisinin Aya gedəcək heyətin karitanıdır. Kosmik gəmi yerdən qalxandan tam 102 saat 47 dəqiqə sonra Ayın üzərinə düşən və 9 rilləli nərdivanı enərək Aya ilk dəfə ayaq basan Neil Armstronqun Ayda eşitdiyi bir səsdən 14 il sonra İslamı qəbul etdiyi bildirilirdi. Onun müsəlman olmasının səbəbi isə belə izah edilirdi: 1983-cü ilin fevral ayında Armstronq bir konfransda çıxış etmək üçün ilk dəfə olaraq bir müsəlman ölkəsinə - Misirə gedir. Konfransın sonuna yaxın bir vaxtda Armstronqun sanki sehrlənibmiş kimi oturduğu yerə yarışdığını və donub qaldığını görürlər. O, rəncərələrdən içəri süzülən bir səsi dinləyirdi və üzünün ifadəsindən də açıq görünürdü ki, o bu səsi sanki əvvəllər də dinləyib. Armstronq bu səsin nə səs olduğunu soruşanda yanındakı adamlar onun azan səsi olduğunu bildirib. Ona: “Bu səs Allahın qüdrətini kainata elan edən və biz insanları qurtuluşa səsləyən ilahi bir dəvətdir”, - deyə söyləyirlər. Armstronq: «Bu səs Aya ilk ayaq basdığım zaman eşitdiyim və tüklərimi ürrədən səsdir. Əvvəlcə qulaqlarımın uğuldadığını güman etdim, lakin sonralar bu səsi yenidən eşitdiyim zaman heyrətlənib titrəmişdim”. Armstronqun ruhunda qoran fırtına azanın bitməsinə qədər davam edən qısa bir müddət ərzində onun İslam dinini seçməsinə səbəb olmuşdu.
Bu «möcüzəli hadisə»ni isə Pakistanda nəşr olunan “The muslim world” adlı yurnalın 1983-cü il 19 fevral tarixli sayı ilə həmin ölkənin “Cenk” qəzeti, Malayziyada nəşr olunan “Star” və Türkiyənin “Zəfər” yurnalının 1983-cü il avqust sayında “Aydakı azan səsi” sərlövhələləri çatdıraraq inananları «sevindirmişdi».

Bu məsələnin gerçəkliyini isə Amstronqun da müəllimi olan professor Fərrux əl-Bəzzdən öyrənməyə çalışacağıq. Qeyd edək ki, Fərrux əl-Bəzz 1938-ci ilin yanvar ayının 1-də Misirdə dünyaya gəlib. Atası ilahiyyatçı olub. 1967-ci ildən NASA-da (Amerika Aerokosmik Hava Tədqiqat Mərkəzi) strateji vəzifələrdə çalışıb. «Apollo astronavtları uçuş şöbəsi»nin rəhbəri olub. Bütün «Apollo» astronavtlarını o yetişdirib. Həmçinin «müsəlmanlaşdırdığımız» Armstronqu da. NASA-da onu astronavtlar «kral» adlandırırlar. Qeyd edək ki, Fərrux əl-Bəzz 1973-1975-ci illərdə ruslarla amerikalıların kosmik sahədə ilk əməkdaşlıqları olan «Apollo - Soyuz» layihəsinin də memarlarındandır (haqqında daha ətraflı məlumat almaq istəyənlər bu sayta baxa bilərlər http://www.bu.edu/remotesensing/Faculty/El-Baz/FEBbio.html). Əl-Bəzz azsaylı müsahibələrinin birində «Ayda azan» məsələsi və Neil Armstronqun müsəlman olmaması ilə bağlı bunları bildirib: «Amstronqu da bütün «Apollo» astronavtları kimi çox yaxşı tanıyıram. Çünki onların hər birinin Ayın səthinə necə düşəcəklərini mən öyrətmişəm. Bu günə kimi də həmin astronavtlarla dostluğumuz davam edir. Çünki biz bir heyət kimi XX əsrin ən mühüm elmi layihələrindən birini həyata keçirməyin sevincini yaşamışıq. Ancaq bununla yanaşı, qeyd etmək istəyirəm ki, Amstronq Ayda heç vaxt «Azan səsi» sayılacaq bir səs eşitməyib və bu günə kimi də müsəlman olduğunu heç bir yerdə söyləməyib. Bu cür içi boş dedi-qodular bütün həssas müsəlmanlar kimi məni də dərindən yaralayır. Bu cür dayaz düşünən insanlar elə zənn edirlər ki, bütün dünyada tanınan məşhur bir şəxs İslam dinini qəbul etdiyini bildirsə, o vaxt İslam «yaxşı din» olacaq və qlobal mənada hörmətə layiq din sayılacaqdır. Mən bir müsəlman kimi İslama bundan daha böyük təhqir fikirləşə bilmirəm. Neil hazırda 75 yaşındadır və Ohioda ailəsi ilə birlikdə sakit həyat yaşayır. Əgər İslamı qəbul etsəydi, təbii ki, buna sevinərdik. Amma müsəlman olmayıbsa, onda 1400 illik İslam dini öz mənasını və əhəmiyyətini itirəcək? Müsəlmanların dinlərinə inanmaq və güvənmək üçün mütləq «Qərbli» sübutuna ehtiyac varmı? Bu cür düşünənlər bu dinə uzaqdan tamaşa edənlərdir. Təkidlə bu cür bir sübut istəyənlərə, bu cür xəbərlərin kölgəsinə sığınmaq istəyənlərə mən ən gözəl nümunəni göstərim. Bəli, bir də təkrar edirəm Neil Armstronq və başqa «Apollo» astronavtlarından heç biri hələlik müsəlman olmayıb. Amma onların hər birini bir-bir yetişdirib Aya göndərən və sağ-salamat geri qayıtmalarını təmin edən, onları öyrədən mən Fərrux əl-Bəzz anadan olduğum gündən bəri müsəlmanam. Bu kifayət edərmi?».

«Ayda azan səsi»nin ortaya çıxmasına səbəb professor Fərrux əl-Bəzzin «Apollo - 15» astronovtlarından biri olan Alfred Meril Wordenin 380 min km.-dən Houstona raport verməsi ilə bağlı olub. Fərrux bu hadisəni belə qeyd edir: «Alfred dostcasına məndən: «Kral, Aydan istədiyin bir şey varmı?», - deyə zarafatla soruşdu. Mən də: «Dünyamıza ərəb dilində bir salam göndərməyin kifayətdir», - dedim. Həmin an müsəlman kimi Quranın dilinin Ayda səslənməsini istəmişdim. Alfred də dərslərimdən 3-5 cümlə ərəb dilində söz öyrənmişdi. O xahişimi yerə salmayaraq eyni ilə belə dedi: «Mərhaba əhləl ard, min Endeaveour ələykum salam», yəni «Hərvaxtınız xeyir, Endeaveourdan hamınıza salam olsun, ey dünya insanları». Bu sözlər bizim mərkəzdə olduğu kimi, dünyanın hər yerində Aya səyahəti seyr edənlər tərəfindən canlı olaraq eşidilirdi. Sonradan bu sözlər müxtəlif dəyişikliklərə məruz qalaraq «azan səsi» kimi yayıldı. Hadisə isə «Apollo - 15»də baş verdiyi halda, bunu həmin hadisədən iki il əvvəl Aya çıxmış «Apollo - 11» üçün uydurulub. Bir məqamı da qeyd edim ki, «Apollo» uçuşları vaxtı astronavtların yerlə bütün dialoqlarına qulaq asan az saydakı adamdan biri də mən idim. Əgər həmin ərəfədə Aydan və ya başqa bir yerdən azan səsi gəlsəydi, bir ərəb müsəlman olaraq bunu ilk mən başa düşər və qeyd edərdim, amma qətiyyən belə bir hadisə olmayıb. Bununla bağlı olaraq, bütün müsəlman gənclərinə bunu tövsiyə etmək istəyirəm: «İslam dini Quranda bildirilib və ən gözəl ifadəsini orada tapıb. Buna görə də, başqa heç bir sübuta ehtiyac yoxdur. Quranın özü ən böyük sübutdur».

İslama «gətirilən»lərdən biri də məşhur okeonoloq olmuş Karitan Kustodur (Yacques-Üves Cousteau). Kustonun «müsəlman» olmasına səbəb kimi onun Cəbəllütariq boğazında birləşən Atlantik okeanı ilə Aralıq dənizinin sularının arasında maneənin olmasını kəşf etməsidir. Okeonoloq burada iki cür suyun bir-birinə qarışması və nəticədə onların duzluluqda, sıxlıqda, özlərində ehtiva etdikləri maddələrin nisbətində bərabər və ya buna yaxın bir vəziyyətdə olması lazım gəldiyi halda, aradakı gözəgörünməz «rərdə»nin olmasını aşkarlamışdı. Kusto müxtəlif quruluşlara malik olan bütün dənizlərin birləşmə nöqtələrində həmin su əngəllərinin mövcud olduğunu elmə sübut etmişdi. Bunu ilk dəfə kəşf etdiyini güman edən Kustoya müsəlman olan dostu bu həqiqətin Qurani-Kərimin “Rəhman” surəsinin 19-20-ci və “Furqan” surəsinin 53-cü ayələrində qeyd edildiyini bildirəndən sonra okenoloqun İslamı qəbul etdiyi bildirilirdi. Həmin ayələrdə belə buyrulur: «İki dənizi O qovuşdurdu. Amma onların arasında maneə vardır, bir-birinə qatışmazlar» (“Rəhman” surəsi, 19-20), «Birinin suyu çox şirin, digərininki isə olduqca şor (acı) olan iki dənizi qovuşduran, aralarında (bir-birinə qarışmamaq üçün) maneə və keçilməz sədd qoyan Odur!» (“Furqan” surəsi, 53).

Kapitan Kusto 1997-ci ildə öləndə xristian idi və vəsiyyətinə uyğun olaraq kilsədə mərasim təşkil edildi. Sonra da Parisdə xristian qəbiristanlığında basdırıldı.

Bəziləri elə zənn edir ki, tanınmış adamların müsəlman olması İslama şərəf və etibar qazandıracaq. Əksinə, işində nailiyyət əldə edən hər hansı dindən olan elm, siyasət adamının həyatın sirrini qavrayıb İslama üz tutması İslama deyil, həmin şəxsin özünə şərəf gətirər. Bu şəxslərin müsəlman olmasından başqa çox sayda cəfəng xurafatlar da İslamın adı ilə əlaqələndirilir. Və bunu möcüzə kimi təqdim edirlər. Sizi inandırım ki, buna inananların sayı heç də az deyil. Hətta bunları “Allah hər şeyə qadirdir” ayəsi ilə əlaqələndirib təəccüblənəcək bir şey olmadığını da göstərməyə çalışırlar. Bəziləri fındığın üstündə Allahın məharətini görüb mükafat təltif edir, bəziləri balığın quyruğundakı möcüzəni göstərib insanların imanlarını “artırmağa” çalışır. Lakin əsas məqamı unudurlar ki, bunlar üstündə yazılanlarla deyil, başdan başa tərkibi və quruluşu ilə möcüzədir. Bunu dərk edən üçün həmin nemətlərin üstündə və ya altında nəyinsə yazılmasının elə də əhəmiyyəti yoxdur. Allah istəsə, səmaya da öz adını hamının görə biləcəyi bir şəkildə həkk edib hər kəsin iman gətirməsinə şərait yarada bilər və ayədə də buyurduğu kimi “O hər şeyə qadirdir”. Lakin bu insanın müstəqil təfəkkürünə və azad düşüncəsinə ən böyük müdaxilə olar. Çünki Allah istəsəydi, insanların hamısını cənnətə qoyardı və heç bu dünyaya göndərib imtahan etməyə də ehtiyac qalmazdı. Lakin Allah bunları etməyib. Çünki burdakı hikməti ən gözəl bilən Odur.

Məşhur olan və ya olmayan bir adamın İslamı qəbul etməsini açıqlaması ancaq onun «fərdi qələbə»si sayıla bilər, bu cür bir qərar İslamın möhtəşəmliyinə, aliliyinə zərrə qədər də dəyər verməz. Bu cür fikirləşən müsəlmanlar belə xəstə ruh halını öz üzərlərindən atmalı və özlərinə daha çox etimad etməli, daha çox güvənmələdirlər. Kainatın ən dəyərli mesajı - Qurani-Kərim qarşımızdadır.

Bir gün hər birimiz bu dünyadan axirətə köçəcəyik. Bizi Yaradan heç bir yaratdığından hansınınsa Oskar mükafatı almasına, Eirovicionda çıxış etməsinə, primadonna, nəyinsə kralı, harasa gedib-getməməsinə və malına-mülkünə baxmayacaq. Ancaq «Sənə göndərdiyim sonuncu mesajımı necə dərk edib icraa etdin, ey bəndəm», - deyə soruşacaq. İnanıram ki, bunlar həqiqi mənada inanan insanlar üçün çox şey deyir...

Elşad MİRİ
www.elshadmiri.com