İtkin şəhidlərimiz dəfn olundu - Fotolar - Yenilənib

itkin-sehidlerimiz-defn-olundu
Oxunma sayı: 2069

Birinci Qarabağ müharibəsində itkin düşən şəhid Ələddin Həzi oğlu Həziyevlə vida mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, vida mərasimində Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidin ailə üzvləri və rayon ictimaiyyəti iştirak edib.

Şəhidimiz Füzuli rayonu, İşıqlı kənd qəbiristanlığı, şəhidlər cərgəsində torpağa tapşırılıb.

Xatırladaq ki, Ə.Həziyev 1973-cü ildə Füzuli rayonunun İşıqlı kəndində anadan olub. O, 1993-cü ilin iyulun 23-ü Füzulinin Çuvarlı kəndində müdafiə etdikləri döyüş postunda iki döyüş yoldaşı ilə birgə şəhid olub. Şəhidlər həmin postun ərazisində, əsir düşmüş 6 nəfər silahdaşının erməni silahlılarının məcburiyyəti ilə basdırılıb. 1994-cü ildə Füzuli Rayon Məhkəməsinin qərarı ilə ona şəhid statusu verilib, lakin nəşi tapılmayıb.

Əsirlikdən qayıtmış 3 nəfər silahdaşının verdiyi məlumatlar əsasında məzar yerinin müəyyən edilməsi istiqamətində aparılan araşdırmalar nəticəsində 2025-ci ilin dekabr ayında basdırıldığı ərazidə qalıqları aşkarlanıb. Ekspertiza prosesindən sonra, 2 may 2026-cı il tarixində şəxsiyyətinin müəyyən olunması ilə bağlı ailəsinə rəsmi məlumat verilib.

***

Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid Rafiq Şirvan oğlu Cəfərov ilə Qayıdış qəsəbəsində vida mərasimi keçirilib.

Mərasimdə rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidin ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidin nəşi Füzuli rayonunun Əbdürrəhmanlı kənd qəbiristanlığında dəfn edilib.

 

Qeyd edək ki, Rafiq Şirvan oğlu Cəfərov Birinci Qarabağ müharibəsi zamanı, 1993-cü ilin iyul ayında itkin düşmüşdü. Aparılan müvafiq ekspertiza nəticəsində onun şəxsiyyəti müəyyən edilib.

***

***

İtkin şəhid Zaur İmamqulu oğlu Sadıqov dəfn edilib.

Dəfn mərasimində rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidlərin ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhid Füzuli rayonunun İşıqlı kənd qəbiristanlığında şəhidlər cərgəsində torpağa tapşırılıb.

Qeyd edək ki, şəhid 1993-cü ildə Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüşdü.

Ziya Əmirxanlı