İTV-də nə baş verir? - İstefa, yoxsa qovulma...

itv-de-ne-bas-verir
Oxunma sayı: 5437

İctimai Televiziyanın (İTV) xəbərlər departamentinin rəhbəri Elgün İbrahimov öz istəyi ilə vəzifəsindən azad edilib.

Bu barədə "Qafqazinfo"ya İTV baş direktor müavini Şaiq Məmmədov bildirib. 

İTV rəsmisinin sözlərinə görə, xəbərlər departamentinin bir neçə əməkdaşı da müqavilə müddətləri bitdiyi üçün işdən azad edilib. 

Kanalın xəbərlər departamentinin rəhbəri vəzifəsinə "Yeni gün" layihəsinin rəhbəri Rauf Rəcəbov gətirilib. 

***

Elgün İbrahimov aznews.az-afaktı təsdiqləyib. Keçmiş departament rəhbəri dünən kadrlar şöbəsinə çağırılaraq işdən çıxması ilə bağlı ərizə yazmasını tələb etdiklərini bildirib:

“İyunun 1-də kadrlar şöbəsinə çağırıldım. Heç bir səbəb göstərilmədən guya öz xahişimlə işdən azad edilməyim barədə ərizə yazmağımı istədilər. Mən də yazdım. Şirkətin baş direktorunun ölkədə olmadığı bir halda vəzifədən azad edilmişəm, vaxt itirmədən yerimə yeni təyinat və təqdimat da ediblər.

Proseslərə təsir rıçaqlarına malik şəxslərə olan hörmətim və üzərimdə olan haqları səbəbindən məsələnin təfərrüatlarına getmək istəmirəm. Lakin ümid edirəm ki, baş direktor Cəmil Quliyev iş başına dönəndə, bu məsələ ilə bağlı mövqeyini bildirəcək. Hadisə hələ nəzarətdə ikən müvafiq addımlar atılacaq və “çevriliş cəhdi” İTV-nin nüfuzuna xələl gətirmədən ədalətli qərarla aradan qaldırılacaq”.