İvanişviliyə 800 milyon dollar ödəməlidir - Azərbaycanla sərhəddə saxlanıldı

ivanisviliye-800-milyon-dollar-odemelidir
Oxunma sayı: 3835

Gürcüstanın hakim “Gürcü arzusu” partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvilinin axtarışda olan keçmiş müşaviri Georgi Baçiaşvili Gürcüstan-Azərbaycan sərhədində saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti yayıb.

Bildirilib ki, mayın 26-sı Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinə G. Baçiaşvilinin “Qırmızı Körpü” və “Sadaxlı” sərhəd keçid məntəqələri arasındakı “yaşıl sərhəd” adlanan ərazinin yaxınlığında hərəkət etməsi ilə bağlı məlumat daxil olub. 

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində isə həmin şəxs saxlanılıb.

Qeyd edək ki, G. Baçiaşvili hazırda iki iş – kriptovalyuta oğurluğu və cinayət yolu ilə əldə edilmiş gəlirin leqallaşdırılması üzrə istintaqa cəlb olunub. Belə ki, o, İvanişvilidən kriptovalyuta oğurlamaqda ittiham edilir. Bundan əvvəl Gürcüstan məhkəməsi Baçiaşvilinin İvanişviliyə 8 mindən çox “Bitcoin” (800 milyon dollardan çox) ödəməli olduğu barədə qərar çıxarıb, eləcə də onu qiyabi olaraq 11 il müddətinə azadlıqdan məhrum edib.