Jurnalist nə soruşdusa, Eldar Sabiroğlu “əsası yoxdur” dedi

jurnalist-ne-sorusdusa-eldar-sabiroglu-esasi-yoxdur-dedi-
Oxunma sayı: 915

Müsahibə ciddi rezonans doğurdu və Müdafiə Nazirliyinin (MN) etirazı ilə qarşılandı. Nazirliyin mətbuat xidmətinin rəhbəri, polkovnik Eldar Sabiroğlu redaksiyamızla əlaqə saxlayaraq, narahatlıq yaradan suallara cavab verməyə hazır olduğunu bildirdi. Beləliklə, MN rəsmisi ilə söhbətimizdə cəmiyyətdə sual yaradan məqamlara müəyyən qədər işıq salmağa çalışdıq.

- Eldar müəllim, Yaşar Cəfərlinin ittihamları ilə tanışsınız. Münasibətiniz necədir?
- Müsahibəni oxumuşam. Ümumiyyətlə, Yaşar Cəfərli barəsində məlumatım orduya gələndən sonra yaranıb, amma onunla işləyən adamların söylədiklərini mətbuata çıxarmaq istəmirəm. Yaşar Cəfərli bu gün özünü çox mühüm hərbi-ekspert kimi cəmiyyətə təqdim etməyə çalışır, anladı-anlamadı bütün məsələlərdən danışır, ölkə və ordu rəhbərliyinin hərbi siyasətini tənqid hədəfinə çevirir. Bu mənada onun fikirlərini qərəzli hesab edirəm. Ümumi təəssüratım belədir: son illərdə onun ordu haqqında müsbət fikrinə rast gəlməmişəm. O zaman belə çıxır ki, ya onun ordumuz barədə kifayət qədər məlumatı yoxdur, ya da bilir, amma danışmaq istəmir. Çünki həqiqətləri, ordunun inkişafı barədə fikirlər söyləsə, onun arxasında dayananlar qaça bilər. Yaşar Cəfərlinin də ehtiyat etdiyi bundan ibarətdir.

- Konkret faktlara keçə bilərsinizmi?

- Bəli. Yaşar Cəfərli və həmkarları əsgər itkiləri ilə bağlı həmişə rəqəmləri şişirdib ictimaiyyətə təqdim edirlər. Bu şəxslər düşmən gülləsindən şəhid olanların da statistikasını dəyişdirib, şişirdilmiş formada qəzet səhifələrinə çıxarırlar. Bu qərəzin adı yoxdur. 2012-ci ilin 7 ayı ərzində düşmən gülləsindən şəhid olanların sayını 13 göstərirlər, əslində isə 11 şəhid vermişik. Biz 11 nəfəri də az hesab etmirik, hər bir itki bizim üçün ağırdır. Ancaq qarşı tərəfin itkisi 3 dəfə çox, yəni 30-dan çox olduğu halda, bu barədə ümumiyyətlə danışmaq istəmirlər. Halbuki, düşmən tərəf itkilərini rəsmi şəkildə etiraf edib. Bizim sayanlar isə ermənilərin itkisindən danışmır, amma bir əsgərimizin burnu qanayan kimi şişirdilmiş statistikanı sevinə-sevinə, təkrar-təkrar mətbuata verirlər.


- Bəs qeyri-döyüş şəraitində ölən əsgərlərimizin sayı 60-dan çoxdursa, buna necə qiymət vermək olar?

- Biz heç nəyi gizlətmirik. Etiraf edirik ki, itkilərimiz az olmayıb. Əslində hər bir itki bizim üçün ağırdır. Vəziyyəti təhlil etdikdə o zaman yəqin edə bilərik ki, nə üçün milli orduda itkilərin sayı bu dərəcədə çoxdur.

- Doğrudan da nə üçün bu qədər çoxdur?
- Mətbuatda yazılır ki, filan güc strukturlarında itkilər yoxdur, amma Müdafiə Nazirliyinin hərbi hissələrində var. Nəzərə almaq lazımdır ki, min kilometrdən uzun səngərdə yatanlar Müdafiə Nazirliyinin hərbi hissələrinin əsgərləri, ordumuzun zabitləridir. Onlar neçə illərdir səngərlərdə davamlı olaraq düşmənə qarşı dayanıblar. Əsəb pozuntusu da olur, stress də keçirilir, bütün bunların hamısı son nəticədə bəzən faciəvi hadisələrə gətirib çıxarır. Bunları unutmaq lazım deyil, müqayisə edilirsə, ədalətli şəkildə təhlil aparılmalıdır. Başqa tərəfdən, müharibə şəraitində olan bir ölkədə itkisiz keçinmək də qeyri-mümkündür. Çox arzu edərdik ki, bunlar baş verməsin, amma bəzən elə vəziyyət yaranır ki, qaçılmaz olur. Ordu tam itkisiz ola bilməz, dünyanın bütün ölkələrində bu mövcuddur, istəsən də, istəməsən də, bu ağrını bütün ölkələrin orduları yaşayır. Xüsusilə müharibə şəraitində olan ölkədə belə üzücü vəziyyətdən istifadə edib ordu rəhbərliyinə qarşı amansız hücumları səngimək bilmədən mətbuat səhifələrinə çıxarmağın mənasını başa düşmək olmur. Bu, çox düşündürücüdür. Necə ola bilər ki, əsgər itkisinə yol verilsin və ordu rəhbərliyi bundan nəticə çıxarmasın? Bu, mümkün deyil! Biz ürəyimizə daş bağlayıb burada oturmamışıq. Mətbuatda oxuyanda ki, əsgərin daxili orqanlarını satılmaq üçün götürürlər, adamı dəhşət bürüyür.

- Bu barədə yazılanları araşdırdınızmı, ordu rəhbərliyi məsələni müzakirə edibmi?
- Əlbəttə. Yazılanların tam böyük əksəriyyəti araşdırılıb və deyilənlərin tam tərsinə olduğu üzə çıxıb. Yəni vicdan bu dərəcədəmi itib ki, belə rəzalətə əl atılsın? Ancaq yalan məlumatı, həqiqəti əks etdirməyən informasiyanı əldə dəstəvuz edib, mətbuat vasitəsilə insanları çaşqın duruma salırlar. Bir daha deyirəm, əsgərin daxili orqanlarını çıxarmağa necə vicdan yol verə bilər?! Başqa bir misal, yazılır ki, 40 illik dondurulmuş əti əsgərə yedizdirirlər. Adamın bir Allahı olar. Əti 40 il soyuducuda necə saxlamaq olar?

- Ümumiyyətlə, hərbi xidmətə yaralı olmayan gənclərin əsgər olmasının məsuliyyəti nazirliyin, yoxsa yeni yaranan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərindədir? Və nazirlik hərbiyə gələn hər bir əsgərin sağlamlığı ilə maraqlanırmı, yoxsa hər gələni xidmətə götürür?
- Müdafiə Nazirliyi hər bir əsgərin sağlamlığı ilə maraqlanır və xəstə olan əsgərin müalicəsi üçün əlindən gələn tədbiri görür. Bəzən elə xəstəliklər olur ki, onun müalicəsi mümkün deyil. Məsələn, əsgər Tayfur Bəyovun dünyasını dəyişməsi haqqında nazirliklə Hərbi Prokurorluq birgə bəyanat yayıb. O, elə bir xəstəliyə tutulmuşdu ki, onu müalicə etmək qeyri-mümkün idi. Biz bu məqamda valideynin də dərdini, harayını başa düşürük. O, oğul böyüdüb əsgərliyə göndərib, lakin onun üzərinə meyit qayıdır. Ola bilsin ki, bu cür situasiyalarda valideyn gərək olmayan ifadələr işlədir. Ancaq bu ifadələri qəzet səhifələrinə çıxardarkən, bəzi ekspertlər, o cümlədən Yaşar Cəfərli bunları əldə bayraq edəndə düşünməlidirlər ki, belə şey ola bilər, yoxsa yox? Əsgər ağır xəstəlikdən dünyasını dəyişib və biz də öz açıqlamamızı ictimaiyyətə çatdırtmışıq.

- Eldar müəllim, dediyiniz kimi 11 nəfərin şəhid olmasını anladım, ancaq qeyri-döyüş şəraitində ölənlərin sayı hər gün artır. Bəs, bu itkilərə görə hansısa bir komandir cəzalandırılıbmı?
- Sizə tam səmimiyyətlə deyirəm, neçə hərbi hissə komandiri qeyri-döyüş şəraitində dünyasını dəyişmiş əsgərə görə tutduğu vəzifədən azad olunub, ya da başqa cür cəzalandırmalarla “mükafatlandırılıb”. Bu hallar bir yox, bir neçə dəfə baş verib. Ola bilsin ki, bəzən biz bu barədə konkret məlumatlar vermirik, faktlar demirik deyə, müəyyən çaşqınlıq yaranır. Mən Sizə bunları tam məsuliyyətlə söyləyirəm ki, hər bir hadisə araşdırılır və nəticəyə uyğun da ciddi tədbirlər görülür.

- Qazax, Şəmkir, Tərtər və başqa rayonlardakı hərbi hissələrdə kütləvi ölümlər oldu, bunlar araşdırıldımı?
- Bəli, ciddi faktlar idi və həmin hərbi hissələrin komandirləri də vəzifədən azad olunmaqla bərabər, bir neçəsinin də rütbəsi əlindən alındı.

- Mətbuatda nazir Səfər Əbiyevin yaxın qohumlarını ətrafına yığması, hərbi hissələrə komandir təyin etməsi barədə fikirlər yayılır. Bu barədə izahınız varmı?
- Gəlin, bir anlığa düşünək, Səfər Əbiyev tanımadığı adamı nədən gətirib hərbi hissə komandiri qoymalıdır?! Yaxın qohumdan isə söhbət gedə bilməz. Bircə fakt gətirə bilməzsiniz ki, müdafiə nazirinin hansısa yaxın qohumu hərbi hissə komandiridir. Mən sözümün məsuliyyətini dərk edən adamam.

- Deməli yoxdur?
- Xeyr, yoxdur. Zabit təcrübəsinə görə tanıdığı adamlara vəzifə verməsi öz adamı anlamına gəlməməlidir. Kobud desəm, küçədən gətirilməməlidir ki! Buna görə nazirə qarşı kampaniya aparmaq ədalətli təsir bağışlamır. Mən bu barədə yazılanları qərəzli hesab edirəm. Son zamanlar Müdafiə Nazirliyinin rəhbərliyinə qarşı aparılan kampaniyanın tərkib hissələrindən biri də Sizin dediklərinizdən ibarətdir. Bunların heç bir əsası yoxdur. Hətta elə yalan, qızışdırıcı məlumatlar mətbuata çıxarılır ki, ümumiyyətlə, bunlar heç bir əndazəyə sığmır.

- Səfər Əbiyev 18 ildir müdafiə nazirdir, çox deyilmi bu?
- Mən çox hesab etmirəm. Ona görə ki, Səfər Əbiyev çox yüksək hərbi təcrübəyə və biliyə malik insandır. O, Azərbaycan Silahlı Qüvvələrinin formalaşdırılması, vahid komandanlıq altında birləşdirilməsi istiqamətində ulu öndər Heydər Əliyevin və prezident İlham Əliyevin yürütdüyü siyasəti çox ləyaqətlə yerinə yetirir. O, dövlətinə də, xalqına da sədaqətli adamdır. Bu mənada nazir bəzi ekspertlərin və onların yandaşlarının qətiyyən xoşuna gəlmir. Yaşar Cəfərlidən soruşmaq lazımdır: axı sən kimsən? O, Müdafiə Nazirliyində işlədiyi müddətdə pis əməl tutduğuna görə azad olunub, döyüş briqadasına göndərildi.

- Hansı pis əməl etmişdi ki?
- Özü nə etdiyini çox gözəl bilir. Hansı əməl sahibi olduğunu da özündən yaxşı bilən yoxdur. Amma özünü mələk obrazında göstərməyə çalışır.

- Konkretləşdirə bilərsinizmi?
- Mənə nazirlikdə söylədilər ki, o, rüşvətxorluq üstündə kənarlaşdırılıb. Yeni hərbi hissədə də özünü qanuna müvafiq apara bilmədi və xidməti uyğunsuzluğa görə ehtiyata buraxıldı. Hətta xidməti uyğunsuzluğa görə etiraz etməməsi barədə raport da yazdı. İndi gəlib dərs verir.

- Dedikləriniz sənədləşdirilibmi?
- Bəli, lazım olsa, həmin sənədləri Sizə göstərərəm. Söhbət öz xətti ilə yazdığı və imza qoyduğu sənədlərdən gedir. Axı bu qədər də olmaz.

- Müdafiə Nazirliyini sərt tənqid edən hərbi ekspertlər var: Üzeyir Cəfərov, Yaşar Cəfərli və başqaları. Bu ekspertlərlə bir masa arxasında problemləri müzakirə edə bilməzsinizmi?
- Biz dəfələrlə söhbət etmişik, bir dəfə də ümumi masa arxasında əyləşmişik. Mən adlarını xatırlatdığın insanlarla danışmışam, onların içərisində ən ədalətsizi və qərəzlisi Yaşar Cəfərli və Cəsur Sümərinlini görürəm. Bu adamlar xüsusi tapşırıqla Müdafiə Nazirliyi rəhbərliyini ləkələməyə cəhd edirlər. Buna görə də yalan məlumatları, əsassız xəbərləri çox qabarıq şəkildə ictimaiyyətə sırıyırlar. Görsənir ki, bu cür ötürülmüş danosu qəzet səhifələrinə çıxaranda bu şəxslər çox xoşhal olurlar. Mən onları çox da qınamaq istəmirəm. Çünki çörəkləri bundan çıxır. Amma ələbaxımlıq pis şeydir.

- Xüsusi tapşırıqları kimlərdən alırlar?
- Onlar özləri çox gözəl bilirlər haradan alırlar.

- Tapşırıq verən ordunun içindədir, yoxsa kənarda?
- Ordunun içində də, ondan kənarda da ola bilər. Mən maraqlı bir məqama toxunmaq istərdim: insanlar olub ki, ürək problemindən dünyasını dəyişiblər, avtomobil qəzasına düşüblər, şəxsi mənzilində elektrik vurub və həyata vida edib. Bunları da qeyri-döyüş itkisi adı altında siyahıya salıb cəmiyyətə təqdim edirlər. İstefada olan zabit dünyasını dəyişəndə belə, onu da həmin siyahıya əlavə edirlər. Yetər ki, Müdafiə Nazirliyinə “qara yaxılsın” və həmin adamlar aldıqları sifarişi həyata keçirib növbəti sifarişlər alsınlar. Mən bu məsələdə başqa bir mahiyyət, məna görmürəm. Yəni doğrudanmı bu illərdə orduda heç bir irəliləyiş olmayıb? Bir də görürsən ki, Yaşar Cəfərli və onun bəzi dostları haqqında yazılar gedir: “NATO-nu bilənlər”. Axı, o, NATO-nu necə bilər ki? NATO-nu bilməkdən daha çox gəlib öz ordusunu öyrənsin. Əvəzində isə boyalı rəqəmləri təqdim etməklə məşğuldurlar. Bunda məqsəd də ictimaiyyətin ordu barəsində həqiqi məlumatlarını dəyişdirmək cəhdidir. Ancaq bu, alınan iş deyil. Əgər Yaşar Cəfərli kimiləri və onların sifarişçiləri silahlı qüvvələrimizi cəmiyyətin gözündən salmaq gücünə, imkanına malikdirlərsə, o zaman doğurdan da göydən yerə daş yağmalıdır.

- 18 ildir Səfər Əbiyev nazirdir və Siz irəliləyişlərdən danışırsınız. Necə irəliləyişlər var ki, işğal olunmuş ərazilərimizdən bir qarış da qaytarılmayıb?
- 18 il müdafiə naziri işləməyi bu cür müqayisə apararaq sual verməyin özündə bir əsas, məntiq görmürəm.

- Ancaq atəşkəs dövründə yüzlərlə əsgər itirmişik...
- Bilirsiniz, bu çox taleyüklü bir məsələdir. Dövlət bu istiqamətdə danışıqlar aparır, nə zaman ki, bu prosesin effekt vermədiyi görünəndə o zaman dövlətimiz və ordumuz öz tədbirini ələ alacaqdır.

- O zaman nazir Əbiyev nədən tez-tez “lazım gəlsə, ərazilərimiz azad edəcəyik” açıqlamasını verir? Sizə elə gəlmir ki, bu ifadə artıq lətifəyə çevrilib?
- Biz öz torpaqlarımızı azad edəcəyik, uzun müddətə ərazilərimizin işğal altında qalmasına dözməyəcəyik. Artıq bıçaq sümüyə dirənib. Nazirin də söylədiyi ifadəni bu cür başa düşmək lazımdır. Yoxsa ən ağıllı fikri belə lətifə şəklinə salmaq mümkündür... Bu məsələdə mənfi yanaşma axtarmağa ehtiyac yoxdur. Bir daha təkrar edirəm, Azərbaycan dövləti və ordu tam əmin olandan sonra ki, düşməni fikrindən daşındırmaq qeyri-mümkündür, biz müharibə aparıb torpaqlarımızı mütləq azad edəcəyik.

- Atəşkəsin imzalandığı 1994-cü ildə doğulan uşaqlar artıq əsgər yaşındadır, insan ömürləri məhv olur və ərazilərimiz də qaytarılmır, Sizə elə gəlmir ki, çox zaman itiririk?
- Əlbəttə, hər ötən gün bizim üçün itki hesab oluna bilər. Ancaq mən tarixdən başqa nümunələr də gətirə bilərəm ki, münaqişələr bəzən 30-40 illə davam edir. İnşallah, Azərbaycan xalqı hörmətli prezidentimiz və Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında münaqişənin həllinin bundan sonra daha uzun çəkməsinə imkan verməyəcək. ATƏT-in Minsk Qrupu vasitəçilik rolunu oynamaq istəyir, amma bu günə qədər də fəaliyyəti heç bir nəticə verməyib. Mən bir məqama da toxunmaq istəyirəm, Siz elə bilməyin ki, Azərbaycan Ermənistan qarşısında acizdir, bu gün ordumuzun silah-sursatı, şəxsi heyətinin döyüş qabiliyyəti təcavüzkarı istənilən səviyyədə məğlub etməyə tam hazırdır. Bir ay kifayət edər ki, Ermənistanla haqq-hesabı çürüdək, mən bunu qətiyyətlə deyirəm.

- Söylədiklərinizə əminsinizmi?
- Ordumuzun gücünə əmin olduğuma görə bu cür danışıram. Ermənistanın da yekə-yekə danışmasının arxasında başqa şeylər dayanıb, onun arxasında dayanan qaçsa bu ölkə heç müharibə aparmaq barədə danışmayacaq, əllərini qaldırıb Azərbaycanı masa arxasında müzakirəyə dəvət edəcək.

- Mən Yaşar Cəfərlinin çıxışına qayıdıram, o, bildirib ki, hərbi qanunvericilik və aktlarımızda Azərbaycan ordusunun qarışıq sistem əsasında komplektləşdirilməli olduğu göstərilib. Yəni həm müqavilə əsasında xidmət edən, həm də çağırışçılara ehtiyac var. Niyə qanunvericiliyə riayət olunmur?
- Bunun üçün “Alternativ xidmət haqqında” qanun qəbul olunmalıdır, əgər qanun qəbul olunsa, söylədikləriniz həyata keçə bilər. Ancaq bir vətəndaş kimi mən alternativ xidmətin hələ tez olduğunu düşünürəm.

- Amma Yaşar Cəfərli qanunvericilikdə və aktlarımızda məsələnin təsbit olunduğunu bildirir...
- “Alternativ xidmət haqqında” hansı qanun qəbul olunub? Gətirsin, qoysun qarşımıza, görək hansıdır?!

- Güman ki, hərbi ekspert Konstitusiyanı nəzərdə tutur...
- Konstitusiyada göstərilən fikirlər qanun deyil, həmin fikirlər qanun halında qüvvəyə mindikdən sonra işləyə bilər. Bəli, Konstitusiyada ordumuzun alternativ hərbi xidmətə keçməsi göstərilib, bunun üçün isə qanun qəbul olunmalıdır. Azərbaycan ordusu üçün belə bir qanunun qəbulu hələlik tezdir. Bəlkə də münaqişə bitənədək lazım deyil. Bu bir vətəndaş olaraq mənim özəl fikrimdir.

- Bəs əsgərlərin üzərində peşəkar çavuşların dayanmamasını necə izah edərdiniz?
- Yaşar Cəfərli bu məsələni haradan çıxardıb? Ümumiyyətlə, onun ordudan xəbəri varmı? Əsgərlər özbaşına buraxılıb? Onlara komanda verən, əsgəri bilikləri öyrədən də əsasən çavuşlardır. Biz 2007-ci ildən tam NATO sisteminə daxil olmuşuq, ştat strukturlarımız da, direktiv sənədlərimiz də, təlim və tədris proseslərindən tutmuş hər şey NATO standartlarına uyğunlaşdırılıb. Çavuş sistemi də eyni qaydadadır. Yaşar Cəfərli özündən “Amerika kəşf edir”, ümumiyyətlə, bu adam özünü cəmiyyətə bilikli ekspert kimi təqdim etmək istəyir, amma çox savadsız adamdır. Mən indiyə qədər belə üslubda danışmamışdım, amma onun qəzetinizə verdiyi müsahibədən sonra bu qənaətə gəldim.

- Siz onun savadsız olduğunu nədə isbat edə biləsriz?
- Məsələn, çavuşlarla bağlı söylədiklərində, bəs əsgərlərin üzərində kim dayanır?

- O, peşəkar çavuşlardan danışır...
- Necə yəni peşəkar yoxdur? O, özünü peşəkar sayır? Deməli, belə çıxır ki, bizim ordumuzda nə peşəkar çavuş, nə peşəkar zabit yoxdur və indiyə qədər də bu istiqamətdə heç bir iş aparılmayıb.

- Əgər peşəkarlar olsaydı, bu qədər də qeyri-döyüş itkiləri olmazdı axı...
- Qardaşım mənim, dünyanın ən inkişaf etmiş ölkələrində bir il ərzində 200-300 əsgər itkisi olur. İnterneti izləsəniz bu məlumatlarla rastlaşa bilərsiniz. Halbuki, həmin ölkələr peşəkar ordu təcrübəsinə sahibdirlər. O zaman sual yaranır, həmin ölkələrdə itkilər necə baş verir, çavuş yoxdur?! Axı bu cür danışmaq olmaz.

- Sonuncu əsgər ölümündən sonra prezidentin hərbi məsələlər üzrə müşaviri Vahid Əliyevin Səfər Əbiyevi danladığı haqqında məlumatlar yayıldı. Bu barədə yazılanların əsası varmı?
- Bu məlumatın heç bir əsası yoxdur. Uydurma informasiya verən mənbələr, yaxud özündən yalanı icad edən mətbuat şəxslər arasında münasibətləri korlamaq üçün bu cür işlərə əl atırlar. Mənim bildiyimə görə Vahid Əliyevlə Səfər Əbiyev arasında çox yaxşı münasibət var və bu münasibətlər birinci növbədə dövləti məsələlərin həllinə əsaslanır. Onlar eyni düşüncəyə malik insanlardır, hər ikisi də dövlətimizə xidmət edirlər. Nəinki bu iki şəxs arasında, başqa şəxslərdə də Səfər Əbiyevin münasibətlərinin guya pis olması haqqında dərc olunan informasiyalar yalandır.

- O cümlədən Nəcməddin Sadıqovla nazirin münasibətlərinin yaxşı olmaması barədə deyilənləri necə izah edərdiniz?
- Bəli, heç bir problem yoxdur, onlar oturub işləyirlər. Siz haradan bilirsiniz ki, Nəcməddin Sadıqovla Səfər Əbiyevin münasibətləri pisdir, yaxud yaxşıdır? Bu cür yalan informasiyalar haradan sızır? Deməli, məqsədli şəkildə sızdırırlar.

- Kimlər tərəfindən?
- Özünüz araşdırın, haradan gəlir, hansı məqsədi daşıyır, kimdir bunları edən və meydana çıxarıb ifşa edin... Bayaq Vahid Əliyevin adını çəkdiniz, axı belə şey olmayıb, təkrar edirəm, münasibətlər çox normaldır. Başqa tərəfdən, əgər bir şey olsa, prezident, dövlətin başında dayanan şəxs var. Bütün bunlar münasibətləri korlamaq üçün ortalığa atılır. Müdafiə Nazirliyi sistemində bütün məsələlər nizamnamə və direktiv sənədlərə əsaslanır. Səfər Əbiyev bir nazir kimi dövlətin hərbi siyasətini çox uğurla yerinə yetirir və heç bir dedi-qodu da yoxdur. Bu dedi-qodunun olmaması da çoxlarının yuxusunu ərşə çəkir, ona görə də müxtəlif dövrlərdə bu cür kampaniyalar bəzi mətbuat səhifələrində özünə yer tapır.

- Mən havaların isti keçdiyi indiki günlərdə əsgərlərin vəziyyətinə diqqət çəkmək istərdim, kazarmalarda kondisionerlər varmı?
- Bu isti günlərdə əsgəri qorumaq üçün nə lazımdırsa, təşkil olunub. Müdafiə nazirinin bu barədə əmri var: saat 11-dən saat 17-yə qədər əsgər gün altına çıxa bilməz, kazarma şəraitində olmalıdır. Şükürlər olsun ki, indiyə qədər bir əsgərimiz də gün vurmadan ağır vəziyyətə düşməyib.

- Qafqazinfo.az saytı məlumat yayıb ki, nazir Əbiyev zabitlərə sosial ipoteka üçün arayış verilməməsi haqqında göstəriş verib. İnformasiya nə dərəcədə səhihdir?
- Məndə belə bir məlumat yoxdur və bu cür tapşırığın verildiyinə də inanmıram.

- Təkzib edirsiniz?
- Mən sualınıza cavab verdim.

- Yenidən qeyri-döyüş şəraitində olan əsgər ölümünə qayıdıram, olmazdı ki, mətbuatın, müstəqil ekspertlərin iştirakı ilə hərbi hissələrdə monitorinqlər aparılsın?
- Mən şəffaflığın, aydınlığın tərəfdarıyam. İşlədiyim müddətdə də Müdafiə Nazirliyinin, şəxsən nazir Əbiyevin ictimai nəzarətin gücləndirilməsi istiqamətdə atdığı addımların şahidiyəm. Ola bilsin ki, bunlar bəziləri üçün yetərli hesab edilməsin, bundan daha çoxunu istəsinlər. Ancaq nəzərə alın ki, ordu elə bir strukturdur ki, hər atılan addımı ölçmək gərəkdir. Və bu sistemi çevirib başqa bir sistem şəklində monitorinqlər “yuvası”na döndərmək düzgün deyil.

- Mən “yuva”dan danışmadım, dediyim odur ki, valideynlər, ictimai qurumlar da daxil olmaqla monitorinqlər aparılsın..
- “Yuva” sözünü nə üçün işlətdim, dəfələrlə buna rast gəlirəm: jurnalistlərdən, QHT-lərdən, ziyalılardan ibarət monitorinqlər təşkil olunsun, axı belə iş görülmür. Siz mənə sual verə bilərsiniz ki, əsgər ölümləri ilə bağlı hansı tədbirlər görülüb, ümumiyyətlə, bu barədə ictimaiyyət məlumatlandırılırmı? Mən sualınıza cavab verə bilərəm, biz bir əsgər ölümünü belə gizli saxlamırıq və hansı şəraitdə dünyasını dəyişməsini də olduğu kimi ictimaiyyətə təqdim edirik. Nazirliyin rəhbərliyi də bununla bağlı öz göstərişlərini verir, günahkar kimdirsə, cəzalandırılır. Son əsgər ölümü ilə bağlı 4 nəfər həbs edilib və araşdırma davam edir, əgər yeni günahkarlar çıxacaqsa, yenə də həbslər olacaq. Bu barədə Müdafiə Nazirliyinin Hərbi Prokurorluqla birgə bəyanatı oldu, bəs bu tədbir deyil, nədir?

- Ancaq bir general belə həbs olunmayıb...

- Niyə Siz arzu edirsiniz ki, bir general həbs edilsin?

- Çünki məsuliyyət yalnız çavuşların üzərində ola bilməz axı...
- Səngərlərdə həyatını keçirən, əzab-əziyyət çəkən general buna layiq deyil. Niyə arzu edək ki, general həbs edilsin, yaxud öldürülsün?

- Əgər torpaqlarımız azad olunmursa və bunun qarşılığında qeyri-döyüş itkilərinin sayı hər gün artırsa, niyə generallar məsuliyyət daşımamalıdır?
- Torpaqlarımızın azad olunması barədə fikirlərimi dedim və söylədiklərimin üzərində dayanıram. Ümumiyyətlə, general olmasın, kiminsə həbsi barədə konkret araşdırma olmadan bu fikrə düşməyi doğru hesab etmirəm. General səviyyəsinə gəlib çatmaq asan deyil. Bizim əsgərlə səngərdə birgə yatan generallarımız var.

- Ərazilərinin 20 faizi işğal altında olan ölkənin generallarının sayı çox deyilmi?

- Mənə belə gəlir ki, çox deyil. Əgər o insan general rütbəsinə layiqdirsə, deməli, bu məsələdə heç bir qəbahət yoxdur. Ümumiyyətlə, bizim generallar haqqında o cür fikrə düşməyin doğru olmadığını diqqətinizə çatdırıram. Belə qənaətə gəlirəm ki, bəzi mətbuat orqanlarının generallarımızın fəaliyyəti haqqında məlumatı kifayət qədər deyil. Milli ordumuzda olan generallarımız vətən qarşısında çox böyük xidmətlər göstəriblər. Ancaq dəfələrlə töhmət alıb sonra ordu sıralarından qovulan bir şəxsin ordu barəsində qərəzli təəssüratlarını mətbuat səhifəsinə çıxarmağı düzgün saymıram. Bəlkə fikir azadlığı dövründə mənim bu sözlərim səhv qəbul edilsin, eybi yox. Mən bunu bir daha təəssüflə qeyd edirəm.

/Natiq Cavadlı, Bizim Yol/