Jurnalistlər “Nikosayağı”nın məhkəməsinə buraxılmadı - Yenilənib

jurnalistler-nikosayaginin-mehkemesine-buraxilmadi
Oxunma sayı: 3765

“Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirlinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasa media nümayəndələri buraxılmayıb.

KİV nümayəndələrinə verilən məlumata görə, iclasa sədrlik edən hakim Samir Əliyevin prosesin qapalı keçirilməsi haqda göstərişi var.

Qanuna görə, hazırlıq və hökm elan edilan iclaslar açıq keçirilməlidir. Əgər cinayət işi materiallarında ailə və kommersiya sirri olarsa, məhkəmənin baxış iclasları qapalı keçirilə bilər. Amma bu işdə hansı səbəbdən jurnalistlərin prosesi işıqlandırmasına icazə verilməməsinin dəqiq səbəbi açıqlanmayıb.

***

Əldə etdiyimiz məlumata görə, prosesdə anket məlumatları dəqiqləşdirilib, tərəflərin hüquqları izah edilib.

Prokuror təqsirləndirilən şəxs haqda seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin dəyişdirilmədən işin baxışa verilməsini istəyib.

Məhkəmə müşavirədən sonra qərar verib. Qərara əsasən, qətimkan tədbiri dəyişdirilməyib.

İlk baxış iclası fevralın 6-na təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin avqustunda qeydə alınıb. Hadisə günü N. Şakirlinin idarə etdiyi “Porsche” markalı avtomobil TIR-a çırpılıb. Qəza nəticəsində avtomobildə olan bloqerin dostu Ruslan Məmmədov yerindəcə vəfat edib. N. Şakirli ağır xəsarət alıb, onun sağ yuxarı ətrafı dirsəkdən amputasiya edilib. 

Faktla bağlı cinayət işi başlanıb. “Nikosayağı”ya Cinayət Məcəlləsinin 263-1.3 (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.  

Bu maddənin sanksiyasında 5 ilə kimi nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 ildən 8 ilə qədər azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

Sail Ağasəlim