Kallas Venesuela ilə bağlı ABŞ-yə çağırış etdi

kallas-venesuela-ile-bagli-abs-ye-cagiris-etdi
Oxunma sayı: 3558

Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas ABŞ-nin Venesuelada həyata keçirdiyi hərbi əməliyyatlarla bağlı rəsmi Vaşiqntonu təmkinli olmağa çağırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Aİ diplomatiyasının rəhbəri rəsmi “X” hesabında paylaşım edib.

Kallas bəyanatında beynəlxalq hüququn prinsiplərinə və BMT Nizamnaməsinə hər şəraitdə hörmət edilməli olduğunu vurğulayıb:

“Biz təmkinli olmağa çağırırıq. Avropa İttifaqı Venesueladakı vəziyyəti yaxından izləyir”.

Diplomat mövcud durumla bağlı ABŞ dövlət katibi Marko Rubio və Aİ-nin Karakasdakı səfiri ilə danışdığını qeyd edib. O, həmçinin xatırladıb ki, Aİ Nikolas Maduronun legitimliyini tanımır və ölkədə sülh yolu ilə demokratik keçidin tərəfdarıdır. Kallas əlavə edib ki, Venesueladakı Aİ vətəndaşlarının təhlükəsizliyi hazırda qurum üçün əsas prioritetdir.

Xatırladaq ki, yanvarın 3-nə keçən gecə ABŞ ordusu Venesuelada 11 hərbi və mülki hədəfə zərbələr endirib. ABŞ Prezidenti Donald Tramp Venesuela lideri Nikolas Maduronun ələ keçirilərək ölkədən çıxarıldığını bəyan edib.