“Karvan-Yevlax”dan meydanı özbaşına tərk edən futbolçu ilə bağlı - Bəyanat

karvan-yevlaxdan-meydani-ozbasina-terk-eden-futbolcu-ile-bagli
Oxunma sayı: 907

“Karvan-Yevlax” futbol klubunun icraçı direktoru Elvin Əjdərli iki gün əvvəl “Araz-Naxçıvan”la oyunda özbaşına meydanı tərk edən legioner Samuel Durrantla bağlı bəyanat yayıb. 

“Qafqazinfo” xəbər verir ki, bəyanatda sözügedən oyunçunun nizam-intizamlı olduğu, zədə səbəbindən meydanı tərk etdiyi qeyd olunub.

“Araz Naxcıvan”la qarşılaşmada baş vermiş epizodla bağlı yayılan məlumatlara münasibət olaraq bildiririk ki, futbolçumuz qarşılaşma zamanı zədə alıb. Eyni zamanda komandanın oyunçu dəyişikliyi limiti artıq dolduğu üçün o, səhhəti ilə bağlı riski artırmamaq məqsədilə meydanı tərk etmək məcburiyyətində qalıb.

Klub olaraq hər bir futbolçumuzun sağlamlığı bizim üçün hər şeydən önəmlidir. Bu hadisə tərəfimizdən heç bir halda özbaşına davranış kimi qiymətləndirilməyib. Qeyd etmək istəyirik ki, sözügedən futbolçumuz komandamızın ən intizamlı və peşəkar oyunçularından biridir. O, həm şəxsi keyfiyyətləri, həm də davranışı ilə kollektiv daxilində daim böyük rəğbət qazanıb. Klub olaraq komandamızın birliyinə və peşəkar prinsiplərinə sadiq qalmağa davam edəcəyik”, - bəyanatda bildirilib.

Qeyd edək ki, fevralın 21-də “Araz-Naxçıvan”la qarşılaşmanın 83-cü dəqiqəsində “Karvan-Yevlax”ın legioneri Samuel Durrant heç bir əvəzetmə və ya hakimin göstərişi olmadan, zədələndiyini iddia edərək, özbaşına meydanı tərk edib və soyunub-geyinmə otağına yollanıb. Bundan sonra isə Füzuli Məmmədovun komandası matçın qalan hissəsini 10 nəfərlə davam etdirməyə məcbur olub. Daha sonra futbolçu zədəsi ilə bağlı müayinələrdən keçə bilmədiyini, klub rəhbərliyinin onun səhhəti ilə maraqlanmadığını açıqlamışdı.