“Komandaya yaraşmayan formada çıxış etdik” - Montiel

komandaya-yarasmayan-formada-cixis-etdik
Oxunma sayı: 544

“Azərbaycanın böyük klubu olaraq “Qarabağ”dan gözləntilər yüksəkdir”.

“Qafqazinfo” xəbər verir ki, bunu “Qarabağ”ın ispaniyalı yarımmüdafiəçisi Coni Montiel “Nyukasl”la UEFA Çempionlar Liqasının cavab oyunundan əvvəl keçirilən mətbuat konfransında deyib. 

O bildirib ki, 1:6 hesabı ilə uduzduqları Bakıdakı oyunda komandaya yaraşmayan formada çıxış ediblər: “İlk oyundakı birinci hissədə çox uğursuz oynadıq. İkinci hissə birinci hissə ilə müqayisədə daha yaxşı idi. İkinci yarıda mübarizə apardığımzı kimi, kaş birinci hissədə oynayardıq. Amma bu yarışın səviyyəsi hər kəsə bəllidir. Artıq bu oyunu unutmalı və cavab görüşü haqda düşünməliyik. Bakıdakı ikinci hissədəki kimi oynasaq, cavab matçında yaxşı nəticə əldə edə bilərik”.

C.Montiel qeyd edib ki, ÇL-in səviyyəsi onu təəccübləndirməyib: “Hansısa oyunun asan keçdiyini xatırlamıram. Gözləntilərin qarşılığını verməyə çalışacağıq”.

27 yaşlı oyunçu “İspaniyada “Qarabağ”ın uğurları haqda nə düşünürlər?” sualına belə cavab verib: “Bura gələndən bəri İspaniya mətbuatına bir neçə müsahibə vermişəm. Həmişə demişəm ki, burada olduğuma görə xoşbəxtəm. Komanda yoldaşlarım və mən ən yaxşısını etməyə çalışırıq. Burada dəyərlər də odur. Bizə bildirilir ki, komanda üçün əlinizdən gələni etməlisiniz. Tələblər də odur”.