Dostlara xəbərdarlıq
Romanı qazlar xilas elədi.
Əslində insan özü-özünü xilas eləməlidi.
Qaçmalıdı uzaqlara, getməlidi harasa...
Təzədən doğulmalıdı orda.
Təzədən tanımalıdı adamları.
Möcüzələr və dahilər
tarixdə qırlı ayaqqabılarla yeriyiblər.
İzləri silinmir ki, silinmir.
Tarix bizi uzun illər sonra yaddaş kitabçasına
Ancaq və ancaq
insanlar deyə yazacaqsa,
Deməli, adlarımız sadəcə bizi
çağırmaq üçün gəlir kara.
ağ və qara - günlərimiz rəngsiz televizordu.
Xətt-xətt, cizgili göstərir keçmişi
Bir gün telefonundakı nömrələrə bax.
Gör sənə vacib olan nə qədər adam var orda - həyatda.
Bütün insanlar istəmədikləri yerdə doğulublar.
Ona görə ürəyimizdə səyahət eşqi var.
Getməliyik... bu gün, sabah, ya da haçansa.
Romeya və Cülyetta - xəncər və eşq.
Məcnun və zəncir yoxdu həyatda.
Ona görə adamlardan bezdikcə
kitablara yaxınlaşırıq.
Paytaxda limon satan qadının
uzanmış qabarlı əlini itələdikcə
harın, boyalı barmaqlar.
İsaları özünə çəkdikcə çarmıxlar,
Artacaq insan ölümləri.
Biz həmişə unuduruq ki, bizi döyüşə səsləyən, həm də
bizi ölümə aparandı.
Qırmızıya azadlıq deyibən,
qırmızıdakı qanı görmədikcə.
Adamlar baş kəsəcəklər manatlara görə.
Artacaq ölülərin ölümləri.
İnsanların sevgilərinin susuzluğundan
mərhəmətləri quruduqca...
Küçələrdə çoxalacaq küçə itləri.
Özünüzü qoruyun...
***
Şairlər dildən-dilə azalıb,
sonuncu adamın dilində hecalanacaqlarsa,
Uduzmayıblar deməli,
Şeiri hökumət sevməyə də bilər?
Bəs küləklər zəmiləri misra kimi düzsə.
Qoy qadınlar sevməsin şeirləri.
Özləri də bilmədən adımızı rədif kimi çağıracaqlar.
Qoy uşaqlar da oxumasınlar bizi,
Biz oxunmadıqca sirli qalacağıq,
əzbərləməsinlər heç şeirlərimizi.
əzbərlər yaddaş qədər yaşar ancaq.
Ehey, adaşım, şeir oxumayan şairlər ölkəsindənik.
Hamımız qumara qoyulmuşuq,
udana haramıq, uduzana məğlubiyyət
Naşükür
Allah oğul da verəcək mənə,
Pul da.
Bəlkə oğluma ağıl da.
Gedəcəyəm dünyanın o başından, bu başına
Təyyarəylə maşınla.
Amma ömürlük naşükür olacam sənsiz,
Nəyim olsa da, elə biləcəm
Heç nəyim yoxdu.
Sevgi sözü
İki hecalıdır sevgi sözü,
Yarısı sənə,
yarısı mənə düşür,
Sevməyənlər dartışdırır bu sözü.
Sevənlərsə səssiz-küysüz bölüşür.
Təbrik
Qəlbimdən girən sevgi,
Durmadı öz yerində,
Illər keçdi giliz kimi
Gəzindi hey canımda.
Zülməti qurdaladım
Dərdlərim işıqlandı.
Sənə taxılan üzük,
sənsizliyə nişandı.
Səndə bəxtini tapdın,
Yolun olsun xeyirli.
Yaşamıma ziyan sevgi.
Ölümümə xeyirdi.
***
Əziz kişilər,
Siz qadınları tanımırsız,
Bənd-bənd şeir olmazlar
Misra-misra əzbərlənmək istərlər,
Kitab-kitab yaşamaqdansa,
Vərəq-vərəq paylanmaq istərlər əllərdə.
Ürəkdə pıçıltı kimi qalmaq istəməzlər,
bağırılmaq istərlər dodaqlarda,
Tanınmaq istərlər, sevilmək, istənmək istərlər,
Sizsə onları çox vaxt
uzaqlaşmasın deyə ayağınıza bağlayırsız.
Qurbanlıq qoyun kimi,
Qadını at sevgisiylə sevməyin,
Qadınlar minilməyəndə də əzizlənməlidi,
Qadınları it sevgisiylə də sevməyin,
Sizi qoruya bilməyəndə oxşayın qovmayın.onları,
Ah qadınlar, qadınlar,
Allahın təzə tanıdığım bəlaları…
Son xəbərlər
Son Xəbərlər