Lənkəran şəhərinin mərkəzində sahibsiz küçə itlərinin çoxalması uzun müddətdir sakinlərin narahatlığına səbəb olur.
“Qafqazinfo” xəbər verir ki, Cenublu.az-a danışan sakinlərin sözlərinə görə, şəhərin müxtəlif ərazilərində sahibsiz itlərin sayı ildən-ilə artır və məsələ ilə bağlı dəfələrlə müraciət edilməsinə baxmayaraq, problem hələ də həllini tapmayıb.
Vətəndaşlar deyir ki, itlər qrup halında tez-tez insanlara hücum edir və bu vəziyyət xüsusilə uşaqlar və yaşlılar üçün təhlükə yaradır. Bu səbəbdən bir çox insanlar küçəyə çıxmaqdan ehtiyat edirlər.
Mövzu ilə bağlı Lənkəran Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan “Qafqazinfo”nun müraciətinə cavab olaraq bildirildi ki, İcra hakimiyyətinin büdcəsində sahibsiz itlərlə bağlı vəsait nəzərdə tutulmadığından sözügedən məsələnin tez bir zamanda həll edilməsi imkan xaricindədir: “Ölkəmizdə sahibsiz itlərin müasir tələblər səviyyəsində baytar, qida və yaşayış üçün digər zəruri qayğı ilə əhatə olunmasından ötrü Bakı şəhəri ərazisində ilk məkan olaraq sığınacaqlar yaradılıb və bu istiqamətdə işlər davam etdirilir. Hazırda Lənkəran rayonunun ərazisində belə məkanlar olmadığından, o cümlədən şəhər İcra hakimiyyətinin büdcəsində sahibsiz itlərlə bağlı vəsait nəzərdə tutulmadığından sözügedən məsələnin tez bir zamanda həll edilməsi imkan xaricindədir. Buna baxmayaraq, qeyd olunan məsələ şəhər İcra hakimiyyəti tərəfindən nəzarətə götürülüb və aidiyyəti orqanlarla əlaqə saxlanılaraq yaranmış vəziyyətin həllindən ötrü imkanlar axtarılır. Eyni zamanda, İDEA İctimai Birliyi tərəfindən ötən ildə bir qisim sahibsiz itlərin yığılaraq Bakı şəhərindəki sığınacaqlara aparılması təmin edilib, prosesin davam etdirilməsi nəzərdə tutulur”.
Son xəbərlər
Son Xəbərlər