“Lerikdəki həmin binaların istismar müddəti başa çatıb”

lerikdeki-hemin-binalarin-istismar-muddeti-basa-catib
Oxunma sayı: 564

“Bildiyiniz kimi, Lerik və Astara rayonlarının böyük turizm potensialı var və bu potensial əsas etibarilə rayonların meşə fondu ərazilərində yerləşir. Hazırda meşə fondu ərazilərində yeni sahibkarlıq subyektlərinin fəaliyyətinə lisenziyaların verilməsi dayandırılıb. Bu da bölgədə yeni turizm obyektlərinin açılmasının qarşısını alır və bölgənin böyük turizm potensialının reallaşmasına imkan vermir”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Vasif Qafarov Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında məruzəsinin müzakirəsi zamanı bildirib.

“İndiyədək bu bölgədə fəaliyyət göstərən turizm obyektləri əhalinin məşğulluğunun təmin edilməsinə və ölkə iqtisadiyyatına mühüm töhfələr verib. Bunu nəzərə almağınızı və bölgədə turizm sahəsinə yeni investisiyaların cəlb edilməsi üçün meşə fondu ərazilərində yeni sahibkarlıq subyektlərinin fəaliyyətinə lisenziyaların verilməsininin təminini xahiş edirəm.

Bundan başqa, Lerik rayonunda mövcud olan 3 ailə sağlamlıq mərkəzi, 39 tibb məntəqəsi və 22 həkim məntəqəsindən cəmi 2-si yeni tikilən binalardır. Digərləri isə demək olar ki, hamısı istismar müddətləri başa çatmış binalardır və qəzalı vəziyyətdədirlər. Astara rayonunun Kakalos kənd tibb məntəqəsi də eyni vəziyyətdədir. Həmçinin Lerik rayonunda nəinki idman kompleksi, ümumiyyətlə hansısa bir idman mərkəzinin olmaması, Lerik şəhər stadionunun da istifadəyə yararsız halda olması qəbullarda vətəndaşlar tərəfindən mütəmadi olaraq qaldırılan məsələlər sırasında yer alır. Ona görə də hörmətli Baş nazirdən növbəti illərin investisiya proqramlarında bu məsələlərin diqqətdə saxlanılmasını xahiş edirəm”, - deputat bildirib.

Nuranə Daxilqızı