“Lotu Quli”nin adamlarının məhkəməsi başladı

lotu-qulinin-adamlarinin-mehkemesi-basladi
Oxunma sayı: 1611

Bakı Ağır Cinayətlər Məhkəməsində kriminal aləmdə “Rafət Əlibayramski” kimi tanınan qanuni oğru Rafət Əmirovun qardaşı Rüfət Əmirov və Elvin Hüseynov, Rüfət Kərimov, Kamil Əmirov, İsmayıl İbrahimovun məhkəməsi başlayıb. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Samir Əliyevin icraatında olan prosesdə ilkin hazırlıq iclası keçirilib.

Təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Vəkillər prosesdə iştirak etmədiyi üçün hazırlıq prosesi mayın 10-da davam etdiriləcək. 

Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən Nəsimi Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsinə Rüfət adlı bir nəfərin üzərində odlu silah gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən şəxs - Şirvan şəhər sakini Rüfət Əmirov saxlanılaraq idarəyə gətirilib. Onun üzərinə baxış keçirilən zaman bir ədəd “Makarov” markalı tapança, həmin silaha məxsus daraq və 7 ədəd patron aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində tapançanı bir neçə il bundan əvvəl Rusiya Federasiyasından aldığını və qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirdiyini bildirib. R.Əmirovun ətrafında həyata keçirilən əlavə əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, o, Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə Binəqədi Rayon Polis İdarəsi tərəfindən də axtarışdadır. Daha sonra onun barəsində aparılam istintaq dövründə onunla cinayət iştirak etməkdə şübhəli bilinən Elvin Hüseynov, Rüfət Kərimov, Kamil Əmirov, İsmayıl İbrahimov saxlanılıb. Onlara Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə ittiham verilib. 

“Rafət Əlibayramlinski” və qardaşı Rüfət Əmirov “Lotu Quli”nin (Nadir Səlifov) adamları kimi tanınır.

Murad Əhməd