“Makron haqda ən dolğun ifadəni Putin səsləndirib” - Elşən Musayev

makron-haqda-en-dolgun-ifadeni-putin-seslendirib
Oxunma sayı: 5180

Fransa Prezidenti haqda ən dolğun və tutumlu ifadəni indiyə qədər Putin səsləndirib. Rusiya – Ukrayna müharibəsi ərəfəsində. Mətbuat konfransında. Elə Makronun yanındaca: “7 saatdır nəsə danışır və zəhləmi tökür”.

Nə gözəl təsbit. Gerçəkdən. Makron həqiqətən də sanki hansısa zaman kəsiyində “zəhlə tökmək” kurslarına gedib, beyin xarab eləmək üçün xüsusi təlimlər keçib, “mızşünaslıq” ixtisasına yiyələnib və axırda da həkimlər Hippokrat andı içən kimi bu da hansısa qibləyə yönələrək riyakarlıq andı içib, beynəlxalq hüququn anasını ağlatmaqla bağlı üzərinə konkret öhdəlik götürüb! Hər halda belə olmasaydı öz dəxilsiz və Sofiyaya (süni intellekt robotu) bənzər nazirinin dili ilə Beynəlxalq Ədalət Məhkəməsinin qərarına şərh verməzdi, “qırmızı xətti” bu şəkildə keçməzdi, abır deyilən anlayışın barı “a” hərfinə hörmətlə yanaşardı…

44 günlük müharibə də, sonrakı proseslər də sübut etdi ki, Fransanın ATƏT Minsk Qrupunda 30 illik təmsilçiliyi əslində siyasət tarixinin ən böyük absurdu olub.

Çünki Ermənistan hətta forpost belə deyil, bütöv dövlət formasında Fransanın ikinci qeyri-rəsmi paytaxtıdır. Çünki, Ermənistan Fransanın de-fakto (nigahdan kənar) övladıdır. Çünki Qarabağ necə Azərbaycandırsa, Ermənistan da o cür Fransadır!  

Yaxşı bəs Fransa bü günə qədər arxasında dayana bilibmi, Ermənistanın? Adamın üstündə Allah var, məncə dayanıb. Sadəcə dağ kimi yox, dərə kimi…

Gürcüstan üzərindən silah daşımaqla, Ermənistan və Amerika arasında “poçtalyon”luq eləməklə, Paşinyanın başını NATO mifi ilə oyalamaqla, sülhü əngəlləməklə Fransa nəyəsə nail olacağını düşünürsə, kökündən yanılır. Bitib bu söhbət. Bizim üçün də bitib, dünyanın düşünən bütün beyinləri üçün də.

Azərbaycan suverendir. Bundan sonra səkkiz cəbhədə belə vuruşsaq yenə hər birinizin ağzının payını özünüzə layiq şəkildə, öz masştabınızda verəcəyik. Əmin olun!

***

Fransanın ruhu hələ də Əlcəzair nostalgiyasının rüzgarı əsən yerlərdədir. 20-ci əsrdə bu xalqa və mübarizənin başında gedən Şeyx Abdullaha qarşı edilənlər, məscidlərdə Azan səsinin qadağan olunması, faktiki soyqırım icraatı və ümumilikdə əsrlər boyu aparılan yırtıcı müstəmləkə siyasəti deyəsən dişlərinin dibində tam qoyub.

Bunlarda insan yox, balina zehniyyətidir. Qan qoxusuna gəlirlər. Öldürməkdən həzz alırlar. Haqsızlığı, arsızlığı, abırsızlığı özləri üçün ləzzət təamına, adrenalinə çevirməyi bacarırlar.

Bu gün Fransanın “Avropa beşliyi” və “demokratiya beşiyi” qiyafəsində təmsilçiliyi müasir zəmanəmizin ən böyük nonsenslərindən biridir.

İnanın, bir azdan xoruzlar belə gedib Beynəlxalq Məhkəmələrə şikayət verəcəklər ki, Fransa bizim şəklimizi öz simvolundan çıxarsın.

“Adımıza ayıbdır” – deyə.

Elşən Musayev. Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri.