Maliyyə icarəçilərinin münasibətləri rəsmiləşdirilir

maliyye-icarecilerinin-munasibetleri-resmilesdirilir
Oxunma sayı: 408

Maliyyə icarəsi subyektləri arasında münasibətlərin rəsmiləşdirilməsi qaydası qanunla müəyyənləşir.

“Qafqazinfo” xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzkirəyə çıxarılan yeni - “Maliyyə icarəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, rəsmiləşmə aşağıdakı kimi tənzimlənəcək:

-icarəyə verən və icarəçi arasında maliyyə icarəsi müqaviləsinin, habelə icarəyə verən və satıcı arasında alqı-satqı müqaviləsinin bağlanılması yolu ilə;

- icarəyə verən, icarəçi  və satıcı arasında qarışıq müqavilənin bağlanılması yolu ilə;

- geriyə maliyyə icarəsi ilə və ya bu Qanunun 10.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təkrar maliyyə icarəsi müqaviləsinin bağlanılması yolu ilə.

Maliyyə icarəsi müqaviləsi yazılı formada bağlanılacaq. Bu Qanunun tələbləri nəzərə alınmaqla maliyyə icarəsi müqaviləsində azı aşağıdakılar göstərilməlidir:

- maliyyə icarəsi obyektinin təsviri;

- maliyyə icarəsi obyektinin təyinatı və istismar müddəti;

- maliyyə icarəsi obyekti üzrə verilən hüquqlar, o cümlədən, tətbiq edildikdə, icarəçinin maliyyə icarəsi obyektini müəyyən edilmiş və ya əvvəlcədən güman edilən qiymətlərlə almaq hüququ;

- maliyyə icarəsi obyektinin təhvil verilməsi proseduru;

- maliyyə icarəsi müqaviləsinin müddəti;

- maliyyə icarəsi obyektinin saxlanması və təmiri üzrə tərəflərin vəzifələri;

- icarəyə verən tərəfindən maliyyə icarəsi ilə bağlı əlavə xidmətlərin göstərilməsi nəzərdə tutulduğu halda, həmin xidmətlərin siyahısı;

- maliyyə icarəsi ödənişlərinin ümumi məbləği və icarəyə verənin mükafatının (faiz və ya digər gəlirinin) məbləği;

- maliyyə icarəsi ödənişlərinin qrafiki;   

- maliyyə icarəsi müqaviləsi vaxtından əvvəl icra və ya ləğv edildikdə bununla bağlı yaranan xərclərin və digər ödənişlərin aparılması qaydası.

Maliyyə icarəsi müqaviləsində icarəçinin maliyyə icarəsi müqaviləsinin şərtlərini saxlamaq və ya dəyişməklə maliyyə icarəsi müqaviləsinin müddətini uzatmaq hüququ nəzərdə tutula bilər.

Maliyyə icarəsi ilə əlaqədar bağlanılan alqı-satqı müqaviləsində maliyyə icarəsi obyektinin icarəyə verən tərəfindən maliyyə icarəsinə verilmək üçün əldə edilməsi və maliyyə icarəsi müqaviləsində ayrı hal nəzərdə tutulmadıqda, icarəçinin  alıcı hüquqlarına malik olması göstərilməlidir.

Nuranə Daxilqızı