Məcburi köçkünlərə mənzillərin verilməsi zamanı qarşıdurma oldu - Yenilənib

mecburi-kockunlere-menzillerin-verilmesi-zamani-qarsidurma-oldu
Oxunma sayı: 6321

Ağcabədi rayonunda məcbur köçkünlərə mənzillərin verilməsi prosesi zamanı qarşıdurma yaranıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bir neçə məcburi köçkün onlara verilən mənzillə razılaşmayaraq Laçın Rayon İcra Hakimiyyətinin qarşısına yığışıblar. Bu zaman polisin müdaxiləsi ilə saxlanılanlar olub.

İlkin məlumata görə, qarşıdurma zamanı iki nəfər sakin və polis əməkdaşları da xəsarət alıb.

DİN Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, qeyd edilən hadisə zamanı polis əməkdaşları heç bir xəsarət almayıb: “İki nəfər xuliqanlıq etdiyi üçün Laçın Rayon Polis Şöbəsinə gətirilib. Onlar şöbədə də xuliqanlıq əməllərini davam etdiriblər. Hər iki şəxs başını şöbənin qapısına vuraraq özlərinə xəsarət yetiriblər. Dərhal polis şöbəsində təcili tibbi yardım çağırılıb və həmin şəxslər tibbi yardım edilib. Hazırda onların əməlləri ilə bağlı araşdırma aparılır”.

***

“Qafqazinfo” məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlkərin İşləri üzrə Dövlət Komitəsinə sorğu göndərib. Sorğuya cavab olaraq bildirilib ki,  Ağcabədi rayonunun Taxtakörpü ərazisində yeni salınmış 645 ailəlik üç qəsəbədə məcburi köçkünlərin yerləşdirilməsi davam etdirilir. Fevralın 28-də Laçın rayonunun Vağazin kəndindən olan məcburi köçkünlərə evlərin verilməsi zamanı onlardan bir neçə nəfər ictimai qaydaları pozmağa cəhd göstərib. Bu cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb, qayda pozucuları Laçın Rayon Polis Şöbəsinə aparılıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Repatriasiya departamentinin direktoru Natiq Hüseynov və Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli münaqişəni aradan qaldırmaq üçün yerindəcə məcburi köçkünlərlə görüşüblər.

Məlum olub ki, yaşayış sahələrinin bölgüsü zamanı Vağazin kəndindən məcburi köçkün Yusif İsmayılova və onun ailəli olan oğlu Rəhimə ayrılıqda  ikiotaqlı ev verilməsi nəzərdə tutulub. Lakin ata ümumilikdə 5 nəfərdən ibarət olan iki ailəyə birlikdə yaşamaq üçün üçotaqlı mənzil ayrılmasını xahiş edib. Komissiya atanın xahişini nəzərə alaraq müvafiq qərar qəbul edib. Bu qərarı etrazla qarşılayan Rəhim İsmayılov ictimai asayişi pozmağa çalışıb. Komissiya ata ilə oğul arasında yaranan fikir ayrılığını nəzərə alaraq, əvvəlki kimi, onların hər birinin ailəsinə ikiotaqlı ev verilməsini qərarlaşdırıb.  
Vağazin kəndindən olan digər məcburi köçkünlər – Zöhrab və Babək Mürsəlovların yeni yaşayış sahələri ilə təmin edilməsi məsələsinə də təkrarən baxılıb və onların hər ikisinə ailə tərkiblərinə uyğun evlər verilib.

***

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri, polis polkovniki Ehsan Zahidov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, həmin hadisə zamanı saxlanılan olmayıb: “Orada toplaşanlar içərisində iki nəfər çılğınlıq edib. Onlar profilaktik söhbət aparılması üçün şöbəyə gətiriliblər. Orada da çılğınlıqlarını davam etdiriblər. Bu zaman şöbənin qapısına başlarını çırpıblar və qapının şüşəsinin qırılması nəticəsində onlar xəsarət alıblar. Dərhal polis şöbəsində çağırılan təcili tibbi yardım briqadası tərəfindən həmin şəxslərə tibbi yardım göstərilib. Daha sonra onlar sərbəst buraxılıblar”. 

 

Murad Əhməd

Günel Türksoy