“Medalın kimə verilməsindən asılı olmayaraq...” - Nobel Komitəsindən açıqlama

medalin-kime-verilmesinden-asili-olmayaraq
Oxunma sayı: 972

“Nobel Sülh Mükafatı onu qazanan şəxs və ya təşkilatla ayrılmaz şəkildə bağlıdır, baxmayaraq ki, medal sonradan başqa şəxsə hədiyyə edilə bilər”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Norveç Nobel Komitəsinin yaydığı açıqlamada deyilir.

Açıqlama Venesuelanın müxalifət lideri Mariya Korina Maçadonun Nobel Sülh Mükafatı medalını ABŞ Prezidenti Donald Trampa verməsindən bir gün sonra verilib.

Nobel Komitəsinin bəyanatında vurğulanıb ki, medal, diplom və mükafat pulu laureatın ixtiyarındadır və Nobel Fondunun nizamnaməsində onların istifadəsi ilə bağlı heç bir məhdudiyyət yoxdur.

“Medal, diplom və ya mükafat pulunun kimə verilməsindən asılı olmayaraq, tarixdə mükafatın sahibi kimi qeyd olunan şəxs orijinal laureat olaraq qalır”, – deyə açıqlamada bildirilib.

Qeyd olunub ki, Nobel mükafatı laureatları bu əşyaları saxlamaq, bağışlamaq, satmaq və ya başqa məqsədlərlə istifadə etməkdə tam sərbəstdirlər.

Beş üzvdən ibarət Nobel Komitəsi bildirib ki, medal və diplom mükafatın verildiyini təsdiqləyən fiziki simvollardır, lakin mükafatın özü, yəni şərəf və beynəlxalq tanınma Norveç Nobel Komitəsi tərəfindən laureat elan edilən şəxs və ya təşkilatla bağlı olaraq qalır.

Komitə açıqlamasında Tramp və ya Maçadonun adını çəkmədən qeyd edib ki, mükafat elan edildikdən sonra laureatların açıqlamaları, qərarları və ya sonrakı hərəkətləri barədə şərh vermir.

Qeyd edək ki, Maçado medalını Trampa təqdim edib, Tramp isə buna görə ona təşəkkür edib. Ağ Ev Trampın qızılı çərçivədəki medalı əlində saxladığı fotonu yayımlayıb. Ağ Ev rəsmisinin sözlərinə görə, Tramp medalı özündə saxlamaq niyyətindədir.

Əlavə edək ki, Nobel mükafatı medalının verilməsi və ya satılması ilk dəfə baş vermir. Belə ki, 1943-cü ildə Nobel Ədəbiyyat Mükafatı laureatı Knut Hamsun medalını nasist Almaniyasının təbliğat naziri Yozef Göbbelsə bağışlamışdı. 2022-ci ildə Nobel Sülh Mükafatı laureatı Dmitri Muratov medalını 100 milyon dollara sataraq, vəsaiti ukraynalı qaçqın uşaqlara yardım üçün UNICEF-ə yönəltmişdi. 2024-cü ildə isə BMT-nin keçmiş baş katibi Kofi Annanın həyat yoldaşı 2001-ci il Nobel Sülh Mükafatı medalını və diplomunu Cenevrədəki BMT ofisinə bağışlamışdı.