REAL TV-nin yeni layihəsi “Media Masası”nın ilk buraxılışının anonsu yayımlanıb.
“Qafqazinfo” xəbər verir ki, Azərbaycan mediasının 151-ci ili ərəfəsində təqdim olunan layihənin ilk qonaqları AzTV-nin sədri Rövşən Məmmədov və İctimai Televiziyanın Baş direktoru Balakişi Qasımov olub.
Moderator isə verilişin ideya müəllifi Vəfa Həmzəyevadır. Verilişdə televiziyanın müasir dövrdə rolu, sosial şəbəkələrin informasiya məkanına təsiri, süni intellektin jurnalistikaya gətirdiyi çağırışlar, dezinformasiya, etibar böhranı, reytinq, regionların media gözləntiləri və tamaşaçı davranışının dəyişməsi müzakirə olunub.
İlk buraxılışda media rəhbərlərinə auditoriya, sosial şəbəkə istifadəçiləri, region nümayəndələri və tanınmış şəxslər tərəfindən də suallar ünvanlanıb.
Müzakirədə “Televiziya sosial şəbəkə sürəti ilə necə rəqabət aparmalıdır?”, “AI dövründə jurnalistin üstünlüyü nədir?”, “Reytinq ictimai maraqdan üstün ola bilərmi?”, “Azərbaycan televiziyası ölkəyə Bakının, yoxsa bütöv Azərbaycanın gözü ilə baxır?” kimi suallar ətrafında fikir mübadiləsi aparılıb.
“Media Masası”nın əsas ideyası media haqqında kənardan danışmaq deyil, medianın özünü müzakirənin mərkəzinə gətirməkdir.
Veriliş 4 iyul saat 21:00-da REAL TV-də yayımlanacaq.
Son xəbərlər
Son Xəbərlər