Nəsimi rayonu Süleyman Rüstəm küçəsində yerləşən 127 saylı körpələr evi-uşaq bağçasında müəllimlər işsizlik təhlükəsi ilə üzləşiblər.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “ATV Xəbər” süjet hazırlayıb.
İddia olunur ki, sözügedən bağçada qeydiyyat sistemi işləmədiyindən valideynlərin ərizələri qəbul olunmur. Buna görə də bağçada uşaq yoxdur.
Bağçanın müəllimi Məlahət Tağıyevanın sözlərinə görə, tədris başlasa da, qrup bağlanıb: “Avqustun 31-i buranı təmizləmişəm ki, ayın 1-dən tədris başlayır. Lakin gəldim, dedilər ki, “qrupun bağlanıb, gəlmə”. Siyahıda 8 nəfər uşaq var, ad-soyadı ilə bunu sübut edə bilərəm. Bir qədəri də sistemdə gözləmədədir. Beləcə, qrupum durduğu yerdə bağlandı”.
Körpələr evi-uşaq bağçasının müdiri Məhruyyə Mərdanova da müəllimlərin dediklərini təsdiqləyib: “Məzuniyyətə getməmişdən əvvəl dedilər ki, uşaq sayı az olduğuna görə məktəbəhazırlıq qrupu ləğv olunur. Mən bu halda razılaşdım ki, ləğv edilməsin, qrupun adı dəyişilsin. Razılıq belə olmamışdı”.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, qeyd olunan təhsil müəssisəsində təlim-tərbiyə prosesində səmərəliliyin artırılması məqsədilə müvafiq qaydalara uyğun olaraq qrupların komplektləşdirilməsi həyata keçirilib: “Həmin qruplarda çalışan müəllimlər isə digər məktəbəqədər təhsil müəssisələrində işlə təmin olunacaqlar. Müəssisələrə qəbul üzrə qeydiyyat hazırda komplektləşdirmə qaydalarına uyğun olaraq dayandırılıb. Proses başa çatdıqdan sonra elektron sistem yenidən aktivləşəcək”.
Daha ətraflı videomaterialda:
Son xəbərlər
Son Xəbərlər