Məmməd Arazdan möhtəşəm Bakı - portreti

memmed-arazdan-mohtesem-baki-portreti-
Oxunma sayı: 944




Şəhərdən köçən təpə

Bu gün yaman məyus oldum-
Bu gün səhər
Gördüm şəhər kənarında
Bir təpəni sökürdülər...
Orda çoxlu çöl nanəsi,
Orda çoxlu xınalı daş...
Dayan bir az, dayan bir az,
Maşın yoldaş!
Yox, maşınlar dayanmadan
O təpəni didirdilər:
Dayanmadan, quzğun kimi
Elə bil ki, çidarlanmış
Bir köhləni didirdilər:
O təpənin
Balaca yal balaları
Maşınların xortumuyla
Haçalanıb
Dəvə, köşək olurdular.
Kəfkir vuran maşınlardan
Qazançalı maşınlara
Axıb xörək olurdular.
Qayasından qoparılan
Məyus daşlar
Yığılırdı maşınlara.
Elə bil ki, kəsik başlar
Yığılırdı maşınlara.
Dimdiyində tük gətirən,
Çöp gətirən bir quş gördüm-
Bilmirdi ki, hara qona.
Bu gün erkən işə çıxan
Qarışqalar
dönəcəkmi yuvasına?
Gözlərimə çox əsəbi,
Çox pərişan dəydi külək
Bəs, o harda uyuyacaq
Bəs, o harda dincələcək?
Kim tapacaq uşaqların
Daş dibində gizlətdiyi
Kiçik taxta qılıncını?
Uşaqların döyüş-vuruş
Qalasının bu xıncımı
Qulağıma sanki dolur.
Çiçəklərin təbəssümü
Üzüquyulu...
Arxezoyun, Kaynazoyun təəssüfü
Xəyalımda bütün yolu
Düşünürəm: bəlkə elə
Bir eranın geoloji
Muzeyini itirirlər.
Bir axtarış güneyini,
Bir axtarış quzeyini itirirlər.
Bu nə sözdür, nə deyirəm?
Bəs, təzə ev, təzə meydan?..
- Mən nə bilim,
Başımıza yer qəhətdi?
Axı, niyə şəhərlərdən
Qovmalıyıq təbiəti...