“Qafqazinfo” AYB-nin üzvü, dissertant, “Respublika”, “525-ci qəzet”də köşə yazarı, Azərbaycan Dövlət radiosunda, İctimai televiziyada redaktor-ssenarist kimi çalışmış sonuncu iş yeri ANS şirkətlər qrupunun “EL” jurnalının şef-redaktoru olan Südabə Sərvinin şeirlərini təqdim edir. Onun “Döz görüm” adlı ilk şeirlər kitabı 2003-cü ildə işıq üzü görüb.
Qaranlıq və işıq
Kimə açım qəlbimi
Ürəyimin başında dəyirmanm daşı kimi
gəzdirdiyim dərdimi.
Çəkirəm çəkdikcə
Bu dünyanın dəmini
Amma əridə bilmirəm qəmini
Ürəyimə süzülür göz yaşım da
Sanki duz kisəsi gəzdirirəm
ürəyimin başında
Əllərim açılıb Tanrıya;
Nə vaxt düzələcək bu dünya?
Ruhum göydə, cismim yerdə
Qalmışam yapayalnız
Qaranlıqla işığın qarşılaşdığı yerdə
Yaddaş
Yaddaşım yaman pis olub
Unuda bilmirəm heç nəyi
Amma bəzən unutmaq, unutmaq istəyirəm
Çəkilib bir köşəyə mən də rahatca
Zamanın nəbzini tumaq istəyirəm
Ax yaddaşım!
Olanları, keçənləri vərəqləyir
bircə-bircə, sıra-sıra,
ürəyimi parçalayır
məndən hesab sora-sora
Yaddaşımda sırğalanır
o ah-aman, nalə səsi
Ataların, anaların, öldürlən oğulların
son nəfəsi
Xocalıda, Kəlbəcərdə süd qoxulu körpələrin
öz qanına bələnməsi
Bu gün vətən torpağında
belibükük qocaların dilənməsi
Bunlar, bunlar yaddaşımda qubar olur.
Haqq deməkdən dilim qabar-qabar olur
Unutqanlıq bir bəladır, nöqsandır bu millətə
Axı millət çox dözübdü tarix boyu zillətə
Gəl unudaq vəfasızı, riyakarı, xəbisi
Amma heç vaxt unutmayaq
Faşıstdən də betər olan
Erməni vəhşiliyini
Daş olmaq əzabı
Dünyanın işləri sirdi, sehrdi
Hər zaman kələklə aldatdı bizi
Əzab alnımızda sanki möhürdü
Tanrı bəlkə daşdan yaratdı bizi?
Ömür qul olubdu dərdə, əzaba
Ürək nə daş dseyil, nə də ki dəmir.
Bəlkə cəza verir Tanrı bizlərə?
Niyə göz görəni dilimiz demir?
Daş olmaq əzabdı, əzabdı qardaş!
Daş kimi dözürük hər haqsızlığa
Yoxsa qurudumu gözümüzdə yaş,
Yoxsa alışdıqmı torpaqsızlığa?
Suallar dilimdən asılıb qalıb
Yalan yeridimmi indi beynimə?
Könlümə bir ağrı qısılıb qalıb
Dünyanın nizamı zor imiş demə
Biz niyə beləyik?
Yamanca alışdıq pis adətlərə,
Yandıq içimzdə yandıq ay Allah.
Bəzən qarışqanı böyük bir dəvə,
Dəvəni qarışqa sandıq ay Allah!
Alışdıq qatığa qara deməyə,
Dərdi içimizdə daşımağa biz.
Alışdıq obasız, elsiz ölməyə,
Alışdıq torpaqsız yaşamağa biz.
Olub-keçənləri çox tez unutduq
Bir sözə min dəfə çəpik də çaldıq.
Namərdi çox zaman yuxarıda tutduq
Yıxılan adama təpik də çaldıq
Vicdanın səsinə qulqa asmadıq,
Xəcalət oduna alışmadıq biz
Doğru olanları doğru yazmadıq
Bizə dərs olmadı əməllərimiz.
Hər şeyə alışdıq hər şeyə, ancaq
Bircə düz deməyə alışammadıq.
Gözümüz önündə itirildi haqq
Üzə söz deməyə alışammadıq.
Yalan dilimizdə, haqq içimizdə,
Biz niyə beləyik aman İlahi?
Haqqı söyləməyə yox gücümüz də
Tərsinəmi dönür zaman, İlahi?
Bu zəmanə
Bu zəmanə yeri deyil mərdlərin,
Haqsızlığın ümmanında azıram
Doğradıqca ürəyimi dərdlərim
Öz əlimlə məzarımı qazıram
Namərd dünya, gör kim kimi qandırır,
Bir nahaq söz neçə ürək sındırır,
Günahımız içimizi yandırır.
Bu günahı qana-qana yazıram
Çəkmək olmur bu dünyanın yükünü,
Şeş atsaq da götürürük yekini
Zalım fələk ağlatmadı de, kimi?
Döz ay ürək, de ki dərdə hazıram.
Tanrı bizi qəm-kədərdən yoğurub
Anamız da dərd üstündə doğurub
Min illərin acısını sovurub
Fikrilərii söz sapına düzürəm
Bilməyəcək
Başımıza döyə-döyə,
Dərs öyrədir həyat bizə
Nə xeyri var əsilsizə,
Quran, ayə bilməyəcək
Minsifətli adam yenə
Tənə edir dalda mənə
Hər acı söz, acı tənə
Məni “döyə” bilməyəcək
Dərd Sərvini yandıracaq
Çox mətləbi qandıracaq
Əl-qolunu sındıracaq
Amma əyə bilməyəcək!
Biz ki dözümlü millətik
(Sabiranə)
Hər sözü qanan da bizik,
Qanıb da yanan da bizik
Yalana inanan da bizik
Çünki dözümlü millətik
Kim nə edir, söz demirik,
Aylarla heç ət yemirik
Adam deyil, biz dəmirik,
Çünki dözümlü millətik
Fağır, imkansız ərlərik
Kasıb bəxtəvərlərik
Xoş gün nədi heç bilmərik,
Çünki dözümlü millətik
Qeyrətimiz o taydadır,
Türkiyədə, Dubaydadır
Nə vecimizə, lap aydadır
Biz ki dözümlü millətik!
2000-ci il
Mən elə bilirdim...
Mən elə bilirdim qayıdacaqsan,
“Unut”-deyəcəksən olub keçəni.
Həsrətin gözünü dağlayacaqsan
Qovub ömrümdəki dumanı, çəni.
Mən elə bilirdim sən yol gəlirsən,
Niskilli günləri unudacaqsan
Alıb tənhalığın əlindən məni
Hönkürən dərdimi ovudacaqsan
Mən elə bilirdim qayıdacaqsan,
Sənə dərd olacaq saçımdakı dən.
Sönən çırağımı yandıracaqsan.
Əhdə xilaf çıxıb gəlmədin nədən?
Mən elə bilirdim qovuşacağıq,
Bəlkə bu vüsaldan ölə bilirdim.
Hicrandan yan ötüb sovuşacağıq
Mən elə bilirdim, elə bilirdim...
Heyif
Bir payız axşamı məni tərk etdin
Səninlə olduğum anlara heyif
Eşqimi özünlə aparıb getdib
O eşqi aparan yollara heyif.
Bir zaman eşq ilə gəzərdik qoşa
Verib sonalartək göldə baş-başa
Bir anda çevrildin soyuq bir qışa
Üstü buz başlamış göllərə heyif
Ömrüm bahar idi, soldu, saraldı
Ədəm dəryasına gəmim yan aldı
Göz yaşım sel oldu, dünya qaraldı.
Gözümdən tökülən sellərə heyif
Heyif o günlərə, gələn də deyil,
Bir nadan eşqimi bilən də deyil.
Sərvi sənin üçün ölən də deyil,
Səninlə olduğum illərə heyif.
Qaçqın adı ilə barışma...
Bəsdi bağladığın ürəyinə daş.
Nə vaxtdı o yerlər yiyəsiz qalıb
Bu qaçqın adıyla barışma qardaş,
Demə ki alnıma belə yazılıb.
Söylə, nə vaxtadək qara günlərdən,
Qəlbin daşacaqdır gözdə yaş kimi
Axı nə vaxtadək qaçqın kəlməsi
Dəyəcək başına ağır daş kimi
Dur ayağa, qardaş, qayıt yuvana.
Nə vaxtdı o o torpaq səni gözləyir
Ata-babaların məzarı orda,
O dağlar, dərələr “qayıt gəl”-deyir
Bizi bağışlamaz gedən şəhidlər.
Ruhuna bir dünya kədər, qəm çökər
Əgər qayıtmasaq biz o torpağa
Ağrını, əzabı bu Vətən çəkər
Barışma bu qaşqın adıyla daha.
Səbrin daş səddini keçginən qardaş.
Yol aç xoş gününə, yol aç sabaha,
Tezliklə yurduna köçginən qardaş!