“Yango Azerbaijan” və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi rəqəmsal texnologiyalar sahəsində əməkdaşlıq barədə razılığa gəlib.
“Qafqazinfo” xəbər verir ki, “Yango Group” qlobal texnologiya şirkətinin bir hissəsi olan “Yango Azerbaijan” və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi rəqəmsal texnologiyalar, şəhər xidmətləri və innovativ infrastrukturun inkişafına yönəlmiş qarşılıqlı anlaşma memorandumu imzalayıb.
Memorandumun imzalanması Agentliyin kommersiya və beynəlxalq əməkdaşlıq üzrə administratoru Salar İmaməliyev, “Yango Azerbaijan”ın baş direktoru Müşviq Həsənov, Türkiyə və Azərbaycan üzrə Hökumətlə əlaqələr (GR) direktoru Urxan Seyidovun iştirakı ilə baş tutub.
Razılaşma çərçivəsində tərəflər şəhər mobilliyi və logistika üzrə rəqəmsal xidmətlərin inkişafını, şəhər proseslərinin səmərəliliyini artıran texnoloji həllərin tətbiqini, həmçinin startap ekosisteminin dəstəklənməsini planlaşdırır. Bundan əlavə, təhsil təşəbbüslərinə, təcrübə mübadiləsinə, yerli texnoloji icma və sahibkarlarla əməkdaşlığa xüsusi diqqət yetiriləcək.
Yaxın aylarda tərəflər ölkədə rəqəmsal xidmətlərin inkişafına və innovativ layihələrin dəstəklənməsinə yönəlmiş pilot təşəbbüslərin həyata keçirilməsi üzərində işləməyi planlaşdırır.

“Memorandumun imzalanması Azərbaycanda rəqəmsal xidmətlərin və texnoloji mühitin inkişafı istiqamətində birgə fəaliyyət üçün yeni imkanlar yaradır. Biz “Yango Group”un beynəlxalq təcrübəsi ilə yerli ekspertizanı birləşdirərək istifadəçilər və biznes üçün dəyərli həllər yaratmaqda böyük potensial görürük”, — deyə “Yango Azerbaijan”ın baş direktoru Müşviq Həsənov bildirib.
“Yango Azerbaijan” ölkədə şəhər mobilliyi, çatdırılma və biznes üçün texnoloji həllər sahəsində rəqəmsal xidmətləri inkişaf etdirir, məlumatlara və optimizasiya alqoritmlərinə əsaslanan həlləri tətbiq edir.

“Yango Group” Yaxın Şərq, Avropa, Afrika və Latın Amerikası daxil olmaqla dünyanın 35-dən çox ölkəsində fəaliyyət göstərən beynəlxalq texnologiya şirkətidir. Şirkət sərnişin daşıma sifarişi xidməti, çatdırılma, naviqasiya və digər texnoloji həlləri əhatə edən rəqəmsal xidmətlər ekosistemini inkişaf etdirir.
Tərəflər arasında əməkdaşlıq Azərbaycanda rəqəmsal transformasiyanın sürətləndirilməsinə və texnologiya sahəsində beynəlxalq təcrübə mübadiləsinin genişləndirilməsinə yönəlib.
.jpeg)
Son xəbərlər
Son Xəbərlər