Bu duam eşq iləndi,
İstiləndim, ilahi.
Qovuşuq yanğısından,
Tüstüləndim, ilahi.
Ruhumun varlanması,
Sinəmin qorlanması,
Dərvişlər fırlanması,
Üst iləndi, ilahi.
Sözüm səhərdən duru,
Çaxmaq çəkdi can qoru,
Üfüqdə mələk xoru,
Dəstələndi, ilahi.
Coşdu eşqin çağları,
Var güləri, ağları,
Qan içmiş nar bağları,
Xəstələndi, ilahi.
Sən bir odsan, yax belə,
Yanğı belə, ah belə,
Nəğmələrim bax belə,
Bəstələndi, ilahi.
***
Yol gedəni üzməz qada,
Bir işıq var hər qarada,
Dünya adlı mağarada,
Yaşayırıq xımır- xımır.
Göy açanda çadırını,
Mindik ömür qatırını,
Nəfsimizin qoturunu,
Qaşıyırıq xımır-xımır.
Saat gedir, yol bükülür,
Hər addıma sirr tökülür,
Adam olmağın yükünü,
Daşıyırıq xımır- xımır.
****
Biz ölümə tamarzıyıq,
Ölüm bizdən küsər gedər.
Yolumuzda bir əcəl var,
Körpüləri kəsər gedər.
Nə şirindir yalanımız,
Nədir bizdən qalanımız?
Bizi yaşadan canımız,
Əlimizdən bezər gedər.
Gəldik dünyadan qaçmağa,
Son mənzilə yol açmağa,
Cənnət deyilən uçmağa,
Könlü dualı ər gedər.
****
Gedənlərə yol açılsın,
Salam olsun gələnlərə,
Görünməzlər şam yandırır,
Alqışını bölənlərə.
Məndə dərviş davası var,
Başımda cəng havası var,
Yerin- göyün duası var,
Savaşını bilənlərə.
Belə yazıb yazanımız,
Susmaq bilməz azanımız,
Çələng olsun qoy qanımız,
Bizdən əvvəl ölənlərə.
Qucaq açdı göyün bağrı,
Mərtəbə yox bundan anrı,
Mərhəmət göndərər tanrı,
Qaranlığı dələnlərə.
Köçəri ruhumuz səmənd,
Ölməzliyə atdıq kəmənd,
Ölümdən o yana varmı kənd,
Gələn bizik kafir mərə.
*****
Vaxt yetişdi, yaşam keçdi,
Hey dedim, hey dedim, hey dedim.
Ayrılığın quşu gəldi,
Ley dedim, ley dedim, ley dedim.
Qısrağım çapır dörd nala,
Nə yalaq bilməz, nə çala
Bu ömür oturmuş xançala,
Oy dedim, oy dedim, oy dedim.
Ərənlərin məclisi nuş,
Pirlər dövrəyə oturmuş,
Tör başında saqi durmuş,
Mey dedim, mey dedim, mey dedim.
Astın kilim, üstün dəyə,
Suç sordular, göndərməyə,
Qapı-bacasız hücrəyə,
Öy dedim, öy dedim, öy dedim.
Ölümə uçuş
Haqqın dərgahına bir ayrı yol var,
İnamsız olanlar keçməz qapıdan,
Məni Tanrıdağda məclis gözləyir,
Tanrıya tanıq dur ilahə anam.
Düşüncəm uçanda mən quş kimiyəm,
Bu bədən, bu yaşam yerə bağlanıb.
Cığırlar uzanıb göy dağ zirvəsinə,
Səma odaları qonaq gözləyir,
Ora tanrı yurdu, doğmaca bir kənd,
Yatanı uyqudan həzz oyandırır.
Atamı-anamı görürəm orda,
Qarşıma çıxanlar qardaşlarımdır.
Dünya cəng meydanı, mən savaş əri,
Əlimdə qılınc var, dilimdə dua.
Mən qonaq yaşadım Yer kürəsində,
İndi sakiniyəm əbədiyyətin.
***
Bahar qoxusunda güllər güləndə,
Eşqin bardağından nur töküləndə,
Uyumuş duyğular oyansa səndə,
Gözlərin dünyaya baxar, ya baxmaz?
Tale ajanının oyunu mindi,
Xatirə sehrində könül isindi,
Sevda müjdəçisi desə bəsindi,
Kədər ürəyini sıxar, ya sıxmaz?
İndi bu şəhərdə bir ayrı park var,
Yarpaq dumanında yürüyən arx var,
Bilsən ki içində məğlub monarx var,
Başından tüstülər çıxar ya çıxmaz?
Son xəbərlər
Son Xəbərlər