Almaniya Kansleri Fridrix Merts martın əvvəlində Vaşinqtona səfər edərək ABŞ Prezidenti Donald Trampla görüşməyə hazırlaşır.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Almaniyanın “Bild” qəzeti yayıb.
Məlumata görə, Ağ Evdə baş tutacaq yüksək səviyyəli görüşün ilkin tarixi kimi 3 mart müəyyənləşdirilib. Əgər bu görüş reallaşarsa, bu, keçən ilin mayında vəzifəsinin icrasına başlayan Mertsin ABŞ-yə sayca üçüncü rəsmi səfəri olacaq.
Nəşr yazır ki, Almaniya Kanslerinin Amerika paytaxtına budəfəki gedişi iki ölkə arasında bəzi məsələlərdə gərginliyin artdığı dövrə təsadüf edir. Xüsusilə ABŞ-nin Qrenlandiya ilə bağlı son ərazi iddiaları və NATO daxilindəki maliyyə öhdəlikləri fonunda Transatlantik münasibətlərin gələcəyi müzakirə mövzusudur. Merts bu səfəri ilə Almaniyanın Avropadakı liderlik rolunu və Vaşinqtonla strateji tərəfdaşlığın davamlılığını təsdiq etmək niyyətindədir.
Qeyd edək ki, Kanslerin mart səfərindən öncə, gələn həftə ABŞ-nin dövlət katibi Marko Rubio Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyaya gələcək. Bu təmaslar Mart görüşü üçün zəmin hazırlayan mühüm diplomatik addımlar hesab olunur.
Son xəbərlər
Son Xəbərlər