Məşhur ukraynalı bankir Milanda ölü tapıldı

meshur-ukraynali-bankir-milanda-olu-tapildi
Oxunma sayı: 516

Ukraynalı tanınmış bankir və sahibkar Aleksandr Adariç İtaliyanın Milan şəhərində müəmmalı şəkildə həyatını itirib.

“Qafqazinfo” İtaliyanın “Il Giorno” nəşrinə istinadən xəbər verir ki, 60 yaşlı iş adamının cəsədi yanvarın 23-də Milanın mərkəzində, Via Nerino küçəsində yerləşən dəbdəbəli hotelin pəncərələri altında aşkarlanıb.

Hadisə ilə bağlı araşdırmalar zamanı bir sıra şübhəli məqamlar üzə çıxıb ki, bunlardan ən diqqətçəkəni Adariçin qaldığı otağın başqa bir şəxsin adına rəsmiləşdirilməsidir.

Nəşr yazır ki, otaqda aparılan axtarış zamanı bankirin fotosu olan, lakin müxtəlif adlar və vətəndaşlıqlar göstərilən saxta şəxsiyyət vəsiqələri tapılıb. Videomüşahidə kameralarının görüntülərinə görə, hadisədən dərhal sonra Adariçin qaldığı hoteli iki nəfər tələsik tərk edib və hazırda Milan polisi həmin şəxslərin kimliyini müəyyənləşdirməyə çalışır.

Xatırladaq ki, A. Adariç Ukrayna maliyyə sektorunda kifayət qədər tanınmıs sima olub. Belə ki, o, müxtəlif illərdə “PrivatBank”ın Donetsk filialının rəhbəri, “UkrSibbank”ın idarə heyətinin üzvü olub, həmçinin 2016-cı ildə müflis olan “Fidobank” və “Evrobank”ın sahibi kimi tanınırdı.

Onu da bildirək ki, son illər o, Lüksemburqda “Alfaro Real Estate” daşınmaz əmlak şirkətinə rəhbərlik edirdi və Barselonadakı “Fondazione Casa Ucraina” fondu ilə sıx əlaqələri vardı.