“Mikayıl Cabbarov proqnozları doğrultmur”

mikayil-cabbarov-proqnozlari-dogrultmur
Oxunma sayı: 4856


“Qafazinfo”həmin yazını təqdim edir.

***

Bir müddət öncə çox hörmətli Mikayıl Cabbarova arzu xarakterli müraciətim olmuşdu. Mətbuat vasitəsilə. Təvəqqemin məğzi isə ondan ibarət idi ki, Mikayıl müəllim təhsildəki “sterilizə”ni bir tək hansısa yerdəyişmələr ya da işdən xaricetmələrlə deyil, eyni zamanda bu sektordakı günahkarları sona qədər təqib etməklə reallaşdırsın...

Gözlədik. Xeyli gözləyəcəyimizi düşünürkən, az gözlədik amma. Və bir baxdıq ki, Mikayıl müəllim təhsildəki qoçuların, nəinki iki, heç bircə eşşəyin belə arpasını bölə bilməyəcək ağılın sahibi olan bəzi təhsil bosslarının, institut rektorlarının, məktəb direktorlarının vayına oturub. Həm də inanılmaz soyuqqanlıq və möhtəşəm planlama ilə...Hazırda elə bir durum vaqe olub ki, Azərbaycan təhsilinə illərdir qan udduranlar sanki gilyötün qarşısında gözləyirmiş kimi gözləyirlər öz növbələrini. Çünki, sıranın bu sektordakı bütün nadürüstlərə, nanəciblərə, nakişilərə də çatacağı şəkki-şübhəsizdir artıq!

***

Mikayıl Cabbarov döyüşür. Bu gənc nazir hazırda - on illər boyu kök salan və özlərini yaxın keçmişə qədər toxunulmaz hesab edən təhsil mafiyasının öncül isimləri ilə sözün əsl mənasında döyüşür! Hara qədər döyüşəcək, hara qədər tab gətirəcək bilmirəm. Amma döyüşə, dirəşə, tab gətirə bildiyi qədər böyükdür Mikayıl müəllim!

Təhsilimizdə bu günə qədər olan qeyri-qənaətbəxş durumla bağlı Prezident səviyyəsində belə iradlar bildirilib. Həm də dəfələrlə! Fəqət, haqqında danışdığım metostazlar həmin o irad və tövsiyyələri hər dəfəsində də çox qərib bir şəkildə görməzdən keçməyi bacarıblar. Hətta xatırlayıram, bir neçə il bundan öncə hörmətli akademik Ramiz Mehdiyev verdiyi müsahibələrin birində son dərəcə diqqət çəkən məqama toxunmuşdu: “ Bakı Dövlət Uiversitetinin “Hüquq” fakültəsini bitirən bir nomal mütəxəssis tapa bilmirik ki, Administrasiyanın müvafiq şöbəsində işlə təmin edək”... Və, Ramiz müəllim bu ismarıcı heç şübhəsiz o vaxtın yarıtmaz təhsil bosslarına ünvanlamışdı. Həm də birbaşa və açıq mətnlə. Amma nəticə oldumu? Olmadı, təbii. Niyə olmadı? Çünki, qarşı tərəf istəsəydi belə bundan artığını ortaya qoya bilməzdi. Çünki, onların bacardığı bu idi. Çünki, onların “qab”ında olan bu idi... Ya da Məleykə xanım Abbaszadənin dəfələrlə açıqladığı statistika...Qorxulu, eyni zamanda vahiməli idi, deyilmi? Hərçənd xanım məmurun verdiyi suallar bu günə qədər öz cavabını gözləyir. Yenə də məlum səbəblərdən...

***

Əlqərəz, demək istədiyim budur ki, Mikayıl Cabbarovun üzərində illərin yığını olan bax bu qədər yük var. Həmin yükü qaldırmaq və daşımaq isə hər özündən deyən oğulun işi deyil. Gerçəkdən! Odur ki, Mikayıl müəllim həm də elə daşıya bildiyi yük qədər böyükdür...

O bizi hər addımı ilə çaşdırır, proqnozlarımızı yanıldır, həmin proqnozları doğrultmur.

Fəqət, yaxşı mənada!

Gözlədiyimizdən daha artığını etdiyi üçün...

Hələ ki...

P.S Təşəkkürlər, cənab nazir. Sükanı belə saxla...