Azərbaycan Milli Məclisinin ŞKTC Parlamentlərarası Dostluq Qrupunun üzvləri Şimali Kiprdə səfərdədirlər. Şimali Kiprə səfər edən nümayəndə heyətinə Milli Məclisin deputatı, ŞKTC Parlamentlərarası Dostluq Qrupunun sədri Cavanşir Feyziyev rəhbərlik edir.
Səfər çərçivəsində Şimali Kipr Prezidenti Ersin Tatar Cavanşir Feyziyev və onu müşayiət edən nümayəndə heyəti ilə görüşüb.
Ersin Tatar Azərbaycana səfərlərini xatırladaraq bu dostluq, qardaşlıq görüşlərinin bundan sonra da davam edəcəyini bildirib.
Şimali Kipr Türk Respublikasının Türk Dünyasının ayrılmaz bir parçası olduğunu vurğulayan Ersin Tatar bu yolda qardaş Azərbaycanın verdiyi dəstəyi yüksək qiymətləndirib. E. Tatar Şimali Kipr Türk Cümhuriyyətinin türk dünyasında rolunun artırılmasına verdiyi dəstəyə görə Azərbaycan xalqına təşəkkür edib.
Cavanşir Feyziyev 15 Noyabr - Respublika Günü münasibətilə Ersin Tatarı təbrik edib. Millət vəkili qeyd edib ki, məhz bu gün ərəfəsində Şimali Kipr Türk Cümhuriyyətində olmaq şərəfdir.
Daha sonra Şimali Kipr Türk Cümhuriyyətinin xarici işlər naziri Tahsin Ertuğruloğlu Cavanşir Feyziyevi qəbul edib.
Tahsin Ertuğruloğlu KKTC-nin yaranmasının 41-ci ildönümü və 15 Noyabr - Respublika Günü şənliklərində iştirak etmək üçün ölkəyə gələn Cavanşir Feyziyev və Tural Gəncəliyevə öz salamlarını çatdırıb.
Ertuğruloğlu Azərbaycan nümayəndə heyətinə Kipr türk xalqının bayramında yanında olduqları üçün təşəkkür edib.
Qəbulda ŞKTC-Azərbaycan Milli Məclisi Dostluq Qrupunun üzvləri Rəsmiyə Canaltay və Həsən Tosunoğlu da iştirak edib.
Qardaş ölkədə görüşlərini davam etdirən Azərbaycan nümayəndə heyətini Şimali Kipr Türk Cümhuriyyətinin Məclisinin sədri Ziya Öztürkler qəbul edib. Fəxri ziyafət salonunda keçirilən ziyafətdə çıxış edən Cavanşir Feyziyev Ziya Öztürkləri TBMM Başkanlığı seçkilərində qalib gəlməsi münasibətilə təbrik edib.
Müstəqilliyin əldə olunmasının çox çətin bir nemət olduğunu vurğulayan Feyziyev, Şimali Kipr Türk Cümhuriyyətinin inkişafı və möhkəmlənməsinə bütün türk dünyasının borclu olduğunu bildirib.
Feyziyev ŞKTC-nin güclənməsi üçün əllərindən gələni edəcəklərini, iki ölkə arasında son illərdə inkişaf edən əlaqələrin əsasının da məhz bu olduğunu bildirib.
Cavanşir Fevziyev bildirib ki, Azərbaycan bu günə qədər bir çox çətinliklərlə üzləşib, lakin bu məqamda öz problemləri həll olunduğu kimi, ŞKTC qarşısındakı maneələr də aradan qaldırılacaq və onlar üzərinə düşəni edəcək.
Fevziyev çıxışının sonunda Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın salamlarını çatdırıb.
Ziya Öztürkler məhz 15 Noyabr - Respublika Günü ərəfəsində onların yanında olduqları üçün Cavanşir Feyziyevə və Tural Gəncəliyevə təşəkkür edib.