“Minlərlə Daun sindromlu uşaq Bəhramın ardınca gələcək...” - Fotolar+Video

minlerle-daun-sindromlu-usaq-behramin-ardinca-gelecek
Oxunma sayı: 2998

Azərbaycan Milli İncəsənət Muzeyi fiziki məhdudiyyətli uşaq və gənclərin muzey həyatına, sosial və mədəni mühitə cəlb edilməsi istiqamətində Uşaq İnkişaf Mərkəzi ilə birlikdə yeni layihəyə başlayıb.

“Qafqazinfo” xəbər verir ki, “İstedadın çalarları” adlı bu layihənin ilk təqdimatı yanvarın 10-da baş tutub.

Layihə çərçivəsində ölkəmizdə Daun sindromlu yeganə tarzən Bəhram Rahimlinin konserti və rəsm sərgisi keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Azərbaycan Milli İncəsənət Muzeyinin direktor müavini Nəzrin Şirinova bildirib ki, “İstedadın çalarları” layihəsinin məqsədi sağlamlıq imkanları məhdud olan uşaq və gənclərin yaradıcı qabiliyyətlərinin üzə çıxarılması, dəstəklənməsi, onların cəmiyyətə tanıdılmasıdır.

Uşaq İnkişaf Mərkəzinin rəhbəri Aynur Musayeva qeyd edib ki, fiziki məhdudiyyətli uşaq böyütmək çox çətindir: “Bu, çox çətin bir yoldur, amma biz uğurla davam etdiririk. Hər il ali məktəblərə, kolleclərə töhfələr veririk, çalışırıq ki, onlar təhsil alsınlar. Bizə bu yolda ən böyük dəstəkçi Heydər Əliyev Fondu və onun rəhbəri, birinci xanım Mehriban Əliyevadır. Onlar bizə çox böyük qucaq açırlar, dayaq olurlar. Mən Bəhrama bu konserti söz vermişdim. Gələcəkdə Bəhram repertuarını böyütsün, İnşallah, ona Beynəlxalq Muğam Mərkəzində konsert təşkil edəcəyik. Bəhram həm rəssamdır, həm də tarzəndir. Bir məhdudiyyətli uşaq görün özündə necə gözəl işləri cəmləşdirib və cəmiyyətə təqdim etmək istəyir. Bu, çox qürurludur, çox gözəldir. İnanıram ki, gələcəkdə Bəhramın konsertlərinə düşmək üçün onlayn bilet alacağıq”.  

B. Rahimlinin müəllimi Əməkdar artist Vüsal İsgəndərzadə Bəhramla tanışlığından bəhs edib: “Çox musiqisevər və həyatsevər uşaqdır. Mən onda tara olan hörməti, sevgini gördüm. Ona tarı öyrətməyi özümə bir missiya kimi hesab etdim. Çox istəyirdim ki, Bəhram gözəl ifa etsin. Əvvəllər Bəhram mənsiz məşq etmək istəmirdi. Onunla bir neçə dəfə söhbət etdim, izah etdim ki, mənsiz evdə məşğul olmasan, səninlə işləməyəcəm. O da özündə məsuliyyət hiss etdi və evdə çalışmağa başladı. Hər ikimizə çox çətin oldu. Arzu edirəm ki, Muğam Mərkəzində də onun konsertinə, işığına yığışaq, uğurlarına sevinək. Bundan sonra da Bəhram üçün əlimdən gələni edəcəyəm”.

Bəhramın anası Mehparə xanım tədbirdə iştirak edən hər kəsə təşəkkürünü bildirib: “Bəhramın üzərində əməyi olan hər kəsə minnətdaram. Təsəvvür edin ki, bugünkü tədbirdən sonra minlərlə Daun sindromlu uşaq Bəhramın ardınca gələcək. Fərqi yoxdur, musiqiçi olsun, aşpaz olsun, ya da rəssam”. 

Konsert proqramında, həmçinin Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin əlaçı şagirdi, bir sıra müsabiqələr laureatı Jalə Musayeva piano musiqiləri səsləndirib.

Tədbirin sonunda gənc rəssamlar Fuad Musayev və Aytac Quliyeva tərəfindən 3 nömrəli Respublika Xüsusi İnternat Məktəbinin uşaqları üçün ustad dərsi aparılıb.

Hüseyn Məmmədsalahov

Video-Foto: Pərvin Zeynal