Miqren riskini artıran səbəb üzə çıxdı - Qadınlarda 3 dəfə çoxdur

miqren-riskini-artiran-sebeb-uze-cixdi
Oxunma sayı: 1449

Dünyada təxminən hər 7 nəfərdən birində, yəni 1 milyarddan çox insanda miqren müşahidə olunur. Qadınlarda bu xəstəliyə kişilərlə müqayisədə üç dəfə daha çox rast gəlinir.

“Qafqazinfo” xəbər verir ki, Böyük Britaniyanın Milli Miqren Mərkəzinin mütəxəssisi Keti Munronun sözlərinə görə, uşaqlıq dövründə oğlan və qızlarda miqren halları təxminən eyni olur.

Fərq isə yetkinlik dövründə, menstruasiyanın başlaması ilə ortaya çıxır.

Menstruasiyadan əvvəl estrogen hormonunun kəskin azalması miqren tutmalarını tətikləyə bilər. Hormonal dəyişikliklər menopauzaya qədər davam edir. Perimenopauza dövründə hormonlardakı sürətli dəyişikliklər miqreni daha da ağırlaşdıra bilər. Menopauzadan sonra isə hormonlar sabitləşdikcə tutmalar azala bilər.

Lakin miqrenə yalnız hormonlar səbəb olmur. Yuxu pozuntusu, stress, qan şəkərinin aşağı düşməsi, hava şəraiti, dəmir çatışmazlığı və qalxanabənzər vəzin zəif fəaliyyəti də tutmaları tətikləyə bilər.

Miqren tutması dörd mərhələdə inkişaf edə bilər: ilk mərhələdə yorğunluq, əsnəmə və boyun ağrısı, daha sonra isə görmə pozuntuları ilə müşayiət olunan aura yaranır. Baş ağrısı 4-72 saat davam edə, sonrakı mərhələdə isə halsızlıq 1-2 gün sürə bilər.

Munro miqreni olanlara tutmadan əvvəlki 2-3 gündə baş verən dəyişiklikləri izləməyi, müntəzəm qidalanmağı və yuxu rejimini qorumağı tövsiyə edir. Susuzluq və kifayət qədər qidalanmamaq da fiziki fəaliyyət zamanı tutmanı tətikləyə bilər.

Miqrenin müalicəsində ağrıkəsicilər, ürəkbulanma əleyhinə dərmanlar və həkim nəzarəti ilə triptanlardan istifadə edilə bilər. Maqnezium və B2 vitamini, bəzi hallarda hormonal müalicələr, CGRP-ni hədəfləyən preparatlar və botoks da tətbiq olunur. Akupunktur, yoqa, Tai Çi və ağrı reabilitasiyası da bəzi insanlara fayda verə bilər.

Munro miqrenlə mübarizədə ümidin olduğunu vurğulayaraq xəstələrə müalicəni davam etdirməyi məsləhət görüb.