Moskva Bəyannaməsini oxuyub anlamayanlar üçün...

moskva-beyannamesini-oxuyub-anlamayanlar-ucun
Oxunma sayı: 12291

Azərbaycan Prezidenti İlham Əliyevin Moskvaya səfəri və rusiyalı həmkarı ilə imzaladığı Bəyannamə dərc olunduqdan sonra sosial mediada bəzi iddialar səslənməyə başladı. Burada ekspert kimi tanınan və siyasi fəaliyyəti olan şəxslər də bu iddiaları bölüşüblər.

"Qafqazinfo" xəbər verir ki, iddialardan biri belədir ki, Bəyannamənin 7-ci maddəsinə görə, "Rusiya Federasiyası və Azərbaycan Respublikası tərəflərdən birinin fikrincə iki dövlətin strateji tərəfdaşlığına və müttəfiqlik münasibətlərinə xələl gətirən hər hansı hərəkətlərdən çəkinirlər" öhdəliyi Moskvaya Azərbaycanın hərəkətlərini təftiş etmək imkanı verəcək.

Bunu iddia edənlərin mövzuya nə qədər qərəzli yanaşdığını anlamaq üçün Bəyannamənin elə ilk bəndinə nəzər yetirmək kifayətdir.

Bənddə açıq şəkildə yazılır ki, Rusiya Federasiyası və Azərbaycan öz münasibətlərini “... iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq...” prinsiplərinə sadiqlik əsasında qururlar.

Rəsmi sənəddə yazılmış “bir-birinin daxili işlərinə qarışmamaq” öhdəliyini “Azərbaycanın hərəkətlərini təftiş etmək imkanı” kimi yozmaq üçün doğrudan da “dahi geostrateq” olmaq lazımdı. Moskva Bəyannaməsinin “Azərbaycanın müstəqilliyini ciddi şəkildə məhdudlaşdırdığını” iddia etmək üçün də həmçinin. 

Məsələ ondadır ki, bu məntiqlə yanaşılsa, istənilən ikitərəfli və çoxtərəfli sənədi “müstəqilliyin məhdudlaşdırılması” kimi qələmə vermək olar. Çünki hər bir sənəddə tərəflər üzərilərinə müəyyən öhdəliklər götürür, yəni könüllü şəkildə özünü nədəsə məhdudlaşdırır.  Eyni məntiqlə, Türkiyə ilə imzalanmış “Şuşa Bəyannaməsi”ndə də Azərbaycan üzərinə öhdəliklər götürüb. Bu o deməkdirmi ki, bu sənəd Türkiyəyə Azərbaycanın müstəqilliyini məhdudlaşdırmaq imkanı verir?

Belə bir iddia səsləndirən insanlar ümumiyyətlə Beynəlxalq müqavilə hüququndan xəbərdardırmı? Müasir beynəlxalq münasibətlər sistemində iki və çoxtərəfli sazişlər, müqavilələr imzalamayan, beynəlxalq təşkilatlar, digər dövlətlər qarşısında öhdəliklər götürməyən hansısa dövlət varmı?

Belə təsəvvür yaradırlar ki, sanki bu sənəd yalnız Azərbaycanın üzərinə öhdəlik qoyur. Halbuki, bu öhdəliyi hər iki tərəf yerinə yetirməlidir – beynəlxalq sənədlərin mahiyyəti elə bunu nəzərdə tutur. 

O ki qaldı hansısa məhdudiyyətlərə, əksinə, Müttəfiqlik Bəyannaməsi, məsələn, 10 noyabr müqaviləsindəki öhdəliklərin yerinə yetirilməsi üçün Azərbaycana hüquqi baxımdan əlavə rıçaqlar verəcək. Yəni, beynəlxalq terrorçuluq, ekstremizm, separatçılıq kimi təhdidlərin qarşısının alınması üçün səylərin birləşdirilməsi Azərbaycana separatistlər və revanşist qüvvələrə qarşı Rusiyadan daha konkret addımlar gözləməyə əsas verir.

Məsələnin hərbi-siyasi tərəfinə gəldikdə, Azərbaycan regionda və dünyada kifayət qədər nüfuzu olan dövlətə çevrilsə də, nə ABŞ, nə Çin, nə də Böyük Britaniyadır. Və Rusiyadan Azərbaycan üçün olan potensial risklər bizim Moskva üçün yarada biləcəyimiz potensial təhlükə ilə müqayisəyə belə gəlməz.  Azərbaycan istənilən halda Rusiyanın ərazi bütövlüyünə, sərhəd toxunulmazlığına qarşı addımlar atmaq, RF-yə güc tətbiq etmək, Rusiya ərazisində terrorçuluq, ekstremizm, separatçılığa dəstək vermək fikrində və gücündə deyil. Amma qarşı tərəf bu təhdidlərin hər birindən istifadə edə bilər və vaxtaşırı başqa ölkələrə qarşı istifadə edir. Elə isə tərəflərin üzərinə götürdüyü “iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət..., bir-birinin daxili işlərinə qarışmamaq.., güc tətbiq etməmək və ya güclə hədələməmək” öhdəlikləri, əslində, Azərbaycanın yox, daha çox Rusiyanın öhdəlikləri olduğunu, sənədin Rusiyanın Azərbaycana təsir imkanlarını azaltdığını, Azərbaycanın isə əlavə təminatlar aldığını anlamaq üçün Bzejinski kimi olmaq lazımdır? 

Daha bir iddia - Rusiya ilə hərbi əməkdaşlığın dərinləşməsi Moskvanın Azərbaycanın daxili işlərinə müdaxiləsi üçün “hüquqi əsaslar” verir. Guya biz “yararsız silahlar” almalı olacağıq, birgə hərbi təlimlər və terrorçuluqla birgə mübarizə isə Türkiyə ilə müttəfiqliyimizi... “neytrallaşacaq”.

Bunu iddia edənlər unudurlar ki, Azərbaycan və Rusiya arasında bundan əvvəl də sıx hərbi əməkdaşlıq olub, ölkəmiz RF-dən milyardlarla dollar həcmində silah alıb, alınan texnikadan istifadə üçün rusiyalı instruktorlar hərbçilərimizə təlim keçirlər. Ermənistandan fərqli olaraq, Azərbaycan Rusiyadan heç vaxt “yararsız silah” almayıb və 44 günlük müharibədə də bu, sübut olunub.

Hərbi təlimlərə və terrorla mübarizəyə gəlincə, Azərbaycan indinin özündə də Xəzərdə RF ilə birgə təlimlər keçirir, xüsusi xidmət orqanlarının xətt ilə terrorizm və ekstremizmlə birgə mübarizə aparılır, hər il Rusiya ilə sərhəddə ənənəvi “Sərhəd-qalxan” əməliyyatı keçirilir və s. 

O ki qaldı Türkiyə ilə müttəfiqliyimizə, necə izah edilə bilər ki, Moskvada imzalanmış sənəd Şuşa Bəyannaməsini “neytrallaşdırır?” Əvvəla, Moskva Bəyannaməsində Azərbaycanın digər ölkələrlə hərbi əməkdaşlığına hər hansı məhdudiyyət olduğuna dair bir bənd yoxdur. Digər tərəfdən, Rusiya ilə sənəd  “Şuşa Bəyannaməsi”nin Azərbaycan və Türkiyə parlamentlərində ratifikasiyasından sonra imzalanıb. Yəni, Moskva Bəyannaməsi artıq Azərbaycanla Türkiyə arasında rəsmiləşmiş hərbi müttəfiqliyin yaratdığı yeni regional reallıqlara adaptasiya edilib. Bu iki sənəd bir-birinə zidd deyil, əksinə, bir-birini tamamlayır və Azərbaycanın təhlükəsizliyinə zəmanətdir.

Nəhayət, Moskva Bəyannaməsinə etiraz edənlərin daha bir arqumenti, sənədin Ukraynanın ərazi bütövlüyünə yaranmış real təhlükə, separatçı bölgələrin RF tərəfindən tanınması ilə eyni vaxta təsadüf etməsidir. Bununla, guya, Azərbaycan bu münaqişədə Rusiyanın tərəfində olduğunu nümayiş etdirir.

Bəli, sənədin imzalanma tarixi, doğrudan da, çox mürəkkəb vaxta düşüb, amma buna hansısa siyasi məna vermək də absurddur. Çünkü ciddi siyasətçi və əsl ekspertlər gözəl anlayır ki, bu miqyasda sənədin imzalanması və dövlət səfəri aylarla hazırlanır, bir neçə günün işi deyil. Moskva Bəyannaməsi üzərində iş 2021-ci ilin əvvəlindən gedib, rəsmi səfərlərin tarixi də təxminən məlum idi – 2022-ci il yanvarın sonu-fevralın əvvəli. Sadəcə, sənədlər üzərində iş yekunlaşmadığından səfər fevralın 21-nə keçirilib. Yəni, Bəyannamənin imzalanması regionda gedən son proseslərlə əlaqələndirilə bilməz, bu sənəd yalnız Moskva ilə Bakının münasibətlərini tənzimləyir, bunun Moskvanın digər ölkələrlə (Ukrayna, Gürcüstan, Qazaxıstan və s.) münasibətlərinə heç bir aidiyyəti yoxdur. “Azərbaycan Ukraynaya qarşı çıxdı” deyən “ekspertlər” unudurlar ki, Azərbaycan bu bəyanatdan əvvəl də Rusiya ilə dost münasibətdədir, amma bu, tutaq ki, Gürcüstan-Azərbaycan əlaqələrinə xələl gətirməyib.

Moskva Bəyannaməsinə, az qala, müstəqilliyin itirilməsi kimi təqdim edənlərə xatırlatmalar edək:

-        Azərbaycanla Rusiya arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında 3 iyul 1997-ci il tarixli Müqavilə

-        Rusiya Federasiyası və Azərbaycan arasında dostluq və strateji tərəfdaşlıq haqqında 3 iyul 2008-ci il tarixli Bəyannamə

-        Rusiya ilə Azərbaycan prezidentlərinin 1 sentyabr 2018-ci il tarixli Birgə Bəyanatı və s.

Bu müqavilələr, bəyannamələr, bəyanatlar Azərbaycanın müstəqilliyinə nə dərəcədə təhlükə doğurub? Azərbaycanın çoxşaxəli, öz milli maraqlarına uyğun müstəqil siyasətinə mane olubmu? Və ən əsası – bu sənədlər Azərbaycanın 44 günlük müharibə zamanı öz torpaqlarını azad etməsinə maneə yaratdımı?

Yəqin ki, ritorik suallardır...

Moskvadakı danışıqlar və imzalanmış tarixi sənəd, əslində, Azərbaycan Prezidenti İlham Əliyevin 18 il ərzində addım-addım qurduğu və ölkənin müstəqilliyinin təminatına yönəlmiş konstruksiyanın çox vacib bir hissəsidir. 2022-ci ilin fevralında – cəmi bir neçə gün ərzində həm NATO üzvü olan Türkiyə ilə hərbi müttəfiqliyi rəsmiləşdirən Bəyannamənin ratifikasiya olunması, həm də regiondakı ən böyük güc və nüfuz mərkəzi olar Rusiya ilə müttəfiqlik Bəyannaməsinin imzalanması Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və təhlükəsizliyinə ən yüksək səviyyədə verilmiş zəmanətdir.

Bir neçə aydan sonra isə Azərbaycan Avropa İttifaqı ilə də ikitərəfli saziş üzrə danışıqları bitirmək və sazişi imzalamaq niyyətindədir.

Regionda və dünyada gedən proseslər fonunda Azərbaycan bütün güc mərkəzlərindən öz müstəqil siyasətinə, təhlükəsizliyinə zəmanət qazanmış yeganə postsovet ölkəsidir.