“ChatGPT” ilə əməkdaşlıq Azərbaycan təhsilinə nə vəd edir?

chatgpt-ile-emekdasliq-azerbaycan-tehsiline-ne-ved-edir
Oxunma sayı: 401

Elm və Təhsil Nazirliyi “ChatGPT” alətini hazırlayan “OpenAI” ilə təhsil sahəsində mühüm əməkdaşlığa başlayır.

“Qafqazinfo” xəbər verir ki, bu əməkdaşlıq çərçivəsində müəllimlərin gündəlik işini asanlaşdıracaq, şagirdlərin isə daha yaxşı öyrənməsinə dəstək olacaq yeni süni intellekt əsaslı həllərin hazırlanması nəzərdə tutulur.

“OpenAI”nin Azərbaycan ilə başladığı bu əməkdaşlıq ölkəmizə nə vəd edir?

Bununla bağlı rəsmi “Linkedin” səhifəsində məlumat paylaşan “OpenAI” açıqlayıb ki, Elm və Təhsil Nazirliyi ilə birgə fəaliyyət ölkənin rəqəmsal təhsil sisteminin güclənməsinə dəstək verəcəklər. Hazırlanacaq həll “Rəqəmsal Məktəb” platformasında həm şagirdlərə, həm də müəllim və məktəb rəhbərlərinə süni intellekt əsaslı təhsil dəstəyi göstərəcək, onlar üçün bir çox imkanlar təqdim edəcək.

Məqsəd isə sadədir - müəllimlərə sinifdə daha fərdiləşdirilmiş dəstək göstərmək imkanı yaratmaq, şagirdlərə öyrənmək və özünəinam formalaşdırmaq üçün əlavə imkanlar təqdim etmək.

Şagirdlər üçün imkanlar

Təqdim ediləcək həll şagirdlər üçün aşağıdakı imkanları yaradacaq:

- Süni intellekt şagirdlərin bilik səviyyəsini təhlil edəcək.

- Çətinlik çəkilən mövzular və istiqamətlər müəyyənləşdiriləcək.

- Hər şagird üçün fərdiləşdirilmiş tapşırıqlar hazırlanacaq.

- Fərdi dəstək mexanizmləri təqdim olunacaq.

- Şagirdlərin özünüinkişaf və gələcək üçün vacib bacarıqlarının formalaşmasına dəstək veriləcək.

- Şagirdlər süni intellekt alətlərindən səmərəli istifadə bacarıqları əldə edəcəklər.

Müəllimlər və məktəb rəhbərləri üçün imkanlar

“ChatGPT” ilə yenilənmiş “Rəqəmsal məktəb” yalnız şagirdlər üçün deyil, müəllim və məktəb rəhbərləri üçün də funksional olacaq.

Beləliklə, platforma təhsil işçilərinə də aşağıdakı istiqamətlər üzrə dəstək göstərəcək:

- Müəllimlər üçün xüsusi analitik panel fəaliyyət göstərəcək.

- Müəllim və məktəb idarəediciləri tədris göstəricilərini real vaxt rejimində izləyəcəklər.

- Toplanan məlumatlar əsasında təhlillər aparacaqlar.

- Tədris fəaliyyətinin planlaşdırmasını və idarə edilməsini daha səmərəli təşkil edəcəklər.

Tətbiq mərhələsi

“Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”nın prioritet istiqamətlərinə uyğun əməkdaşlıq “Rəqəmsal məktəb” layihəsi çərçivəsində tətbiq ediləcək. Hazırlanmış həllər ilkin mərhələdə pilot şəkildə həyata keçiriləcək. Əldə edilən nəticələr təhlil edildikdən sonra mərhələli şəkildə əhatə dairəsinin genişləndirilməsi planlaşdırılır.

Əməkdaşlıq çərçivəsində bir sıra əsas prinsiplərə riayət olunacaq. Müəllim nəzarəti, milli kurikuluma uyğunluq, davamlı qiymətləndirmə və məlumatların təhlükəsizliyi və qorunması kimi məsələlərə xüsusi diqqət yetiriləcək.

Milli innovasiya ekosisteminə dəstək

Layihənin mühüm istiqamətlərindən biri də ölkədə süni intellekt üzrə bilik və innovasiya potensialının artırılmasıdır. Layihə çərçivəsində milli süni intellekt innovasiya ekosisteminin inkişafı istiqamətində birgə fəaliyyətin təşkili nəzərdə tutulur. Bu çərçivədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə hakatonlar təşkil olunacaq, "Build Days" proqramları, tədqiqat və inkişaf təşəbbüsləri həyata keçiriləcək, yerli innovasiya və texnologiya potensialının gücləndirilməsi istiqamətində əməkdaşlıqlar qurulacaq.

“OpenAI” və son dövrlərdə süni intellekt sahəsində digər böyük şirkətlərlə əməkdaşlıq onu göstərir ki, Azərbaycan təhsili texnoloji yeniliklərə açıqdır. Süni intellekt əsaslı təhsil həllərinin tətbiqi Azərbaycanın rəqəmsal transformasiya gündəliyində mühüm yer tutur.