Əlcəzair Prezidenti Azərbaycanla bağlı sənədi təsdiqlədi

elcezair-prezidenti-azerbaycanla-bagli-senedi-tesdiqledi
Oxunma sayı: 405

Əlcəzair Prezidenti Əbdülməcid Təbbun Azərbaycanla enerji sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan strateji sənədi təsdiqləyib.

“Qafqazinfo” yerli mətbuata istinadən xəbər verir ki, söhbət iki ölkə arasında neft, təbii qaz, neft-kimya sənayesi və bərpa olunan enerji istiqamətlərində əməkdaşlığın inkişafını hədəfləyən memorandumdan gedir.

Razılaşma enerji sektorunun müxtəlif istiqamətlərində birgə fəaliyyət üçün hüquqi və institusional əsas yaradır.

Sənəd çərçivəsində tərəflər neft və qaz yataqlarının araşdırılması, hasilatı və emalı, həmçinin enerji məhsullarının daşınması və bazarlara çıxarılması sahələrində əməkdaşlığı dərinləşdirməyi planlaşdırırlar. Bu əməkdaşlıq həm quru, həm də dəniz layihələrini əhatə edir.

Memorandumun mühüm bəndlərindən biri də Azərbaycanın enerji şirkəti SOCAR-ın Əlcəzairin İtaliyadakı emal müəssisələrinə uzunmüddətli əsaslarla xam neft tədarük etməsidir. Bu addım iki ölkə arasında enerji ticarətinin həcminin artmasına töhfə verməlidir.

Bununla yanaşı, tərəfdaşlıq yaşıl enerji sahəsini də əhatə edir. Xüsusilə hidrogen texnologiyalarının inkişafı, enerji və nəqliyyat infrastrukturu, eləcə də mütəxəssis hazırlığı istiqamətləri əməkdaşlığın prioritetləri sırasında yer alır.

2022-ci ilin noyabrında imzalanan memorandum beş il müddətinə nəzərdə tutulub.

Tərəflərdən heç biri müqaviləyə xitam vermədiyi halda, sənədin qüvvəsi avtomatik şəkildə uzadılacaq.