Şəhid övladları “Yol Polisimizlə bir gün” tədbirində - Video

sehid-ovladlari-yol-polisimizle-bir-gun-tedbirinde
Oxunma sayı: 366

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin təşəbbüsü və “YAŞAT” Fondunun dəstəyi ilə 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar şəhid övladları üçün ekskursiya və maarifləndirici görüş təşkil edilib.

“Qafqazinfo” xəbər verir ki, uşaq və yeniyetmələr arasında yol hərəkəti təhlükəsizliyinin təbliği məqsədilə həyata keçirilən görüş çərçivəsində tədbir iştirakçıları Bakı Şəhər BPİ DYP İdarəsinin və Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin inzibati binalarına ekskursiya ediblər.

Məktəblilərə yol-patrul xidməti inspektorlarının xidməti fəaliyyəti, yol hərəkət iştirakçılarının rahat, fasiləsiz və təhlükəsiz hərəkəti üçün görülən tədbirlər, eləcə də inzibati hüquqpozmalar barədə nəzəri məlumatlar verilib, xüsusi texniki vasitələr nümayiş olunub.

Bununla yanaşı, şagirdlərə nəqliyyatın intellektual idarə edilməsi sistemi, yol hərəkətinin tənzimlənməsi və müasir texnologiyaların tətbiqi haqqında ətraflı məlumatlar verilib. Məktəblilər real vaxt rejimində yollardakı vəziyyətin necə izlənildiyini və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üçün istifadə olunan innovativ həlləri maraqla izləyiblər.

Sonda tədbir iştirakçılarına xatirə hədiyyələri təqdim olunub.