“Müsavat qazanc əldə etmək üçün hakimiyyətin müəyyən qolu ilə danışığa da getdi” - III Hissə

musavat-qazanc-elde-etmek-ucun-hakimiyyetin-mueyyen-qolu-ile-danisiga-da-getdi-iii-hisse-
Oxunma sayı: 1043






“Qafqazinfo” Azərbaycan Ümid Partiyasının sədri, Milli Məclisin üzvü İqbal Ağazadənin 2010-cu ilin parlament seçkilərindən sonra öz partiyadaşlarına ünvanladığı şok müraciətini əldə edib. “Niyə məğlub oluruq?!” başlığı ilə edilən müraciət bütün ölkə ictimaiyyəti tərəfindən maraqla qarşılancaq məqamlarla zəngindir. Müraciətdə ilk dəfə olaraq, ölkədə real siyasi vəziyyət, iqtidar-müxalifət münasibətləri, dini durum və digər həssas məqamlar tam çılpaqlığı ilə təsvir edilir. Əlavə şərh vermədən yazının üçüncü hissəsini təqdim edirik.

Əvvəli BURADA


3. Millətçilik də daha çox səslənən ideoloji xətlərdən biridir. Dinimizdə təriqətlər çoxluğu problem yaradan səbəblərdən biri olduğu kimi, Azərbaycanda millətçilik də etnik-milli qrupların çoxsaylı və kompakt coğrafiyaya malik olması baxımından, o cümlədən dünyanın bugünkü baxış bucağından - yeri gəlmişkən, bu islam və ya sosial islam modellərinə də aiddir – daha uğurlu görünən və effekt verən seçim deyil. Həm də hələ çoxluğun öz milli adını müəyyən etmədiyi bir ölkədə.

4. Bəlkə liberalizm vətənimizi bu problemlərdən azad edə biləcək kütləvi hərəkat formalaşdırmaq üçün ən yaxşı ideoloji seçimdir?

Azərbaycan cəmiyyəti hələ liberalizmin nə olduğunu bilmir və onu qəbul etməyə hazır deyil, belə bir ideoloji ilə ölkədə yeni ictimai-siyasi proses başlamaq üçün münbit şərait yoxdur. Maarifləndirmək, bu ideologiyanı vətəndaşa çatdırmaq üçün 24 saat təbliğat apara bilən tv-yə ehtiyac var. Nə internetin, nə də, çap məhsullarının bu ideologiyanı seçiciyə həzm etdirmək imkanları yoxdur.

Hərəkat insanların kütləviliyindən doğan bir proses, ideolojilər qrupların maraqlarını ifadə edən hadisədir. Biz hərəkatdan danışırıqsa demək, ideoloji seçimlərdə bu qədər özəllikləri və çətinlikləri olan ideolojilərin bazasında xalq hərəkatı formalaşdırmağın çətinliyini, bəlkə mümkünsüzlüyünü də doğru dürüst qəbul etməliyik.
Bir variant da ən çox səslənən fikir kimi sizləri düşündürür-mövcud siyasi qüvvələrin konsolidasiyasının bazasında formalaşdırılan xalq hərəkatı. Yuxarılardakından daha real səslənən və praktik görünən bu modeli tətbiq etməklə Azərbaycanı mövcud durumdan çıxartmaq olarmı?!

Elə müxalifət funksionerlərinin böyük əksəriyyəti də məhz belə bir təmərküzləşmə və bloklaşmanı daha optimal bir çıxış yolu hesab edirlər. Lakin, bu birliyi təşkil etmək özü də çox ciddi səslənmir. Çünki müxalifət qüvvələri arasında münasibətlər az qala hakimiyyətə münasibətdən də pisdir. Zaman-zaman müxalifət nümayəndələrinin bir birinə qarşı səsləndirdikləri ittihamlar indi birliyin qarşısında ən böyük əngələ çevrilib. İttihamlar birləşə bilməməyin ən üzdə olan səbəbidir. Daha dərin səbəblər də var ki, onlara da toxunmaq istərdik .

Azərbaycanda siyasi partiyaların sayı olduqca çoxdur və bu partiyaların heç biri özünün gerçək gücünü etiraf etmək niyyətində deyillər. Hamı özünü az qala bir nömrəli partiya statusunda görür. Proseslərə yanaşmada və bloklaşmada təəssüflər olsun ki, özünü reallıqla deyil arzu və istəklərinə uyğun yerdə görmək istəyirlər. Təbii ki, partiya kimi elan olunan bütün siyasi qurumları bir çətir altında toplamağın özü ilk baxışdan cazibədar görünsə də fəsadları daha çoxdur. Bir anlıq təsəvvür edək ki, açıq qapı prinsipi ilə biz hakimiyyətə müxalif hesab edilən hər kəsi bir blok çərçivəsində birləşdirdik – nəzəri cəhətdən mümkündür. Lakin hakimiyyətin siyasi partiyalara münasibətində elə ənənələr formalaşıb ki, belə bir qurumun perspektivini təsəvvür etmək çox çətindir. Qısa zaman kəsiyində hər kəsin toplaşdığı bu qurum hakimiyyətin nəzarətinə keçə və ya onun planlarını icra edən amorf təşkilata çevrilə bilər. Bir sədrdən ibarət olan partiyalar var ki, hakimiyyət çox ucuz yolla onların maraqlarını təmin edir. Konsensus və ya sadə səs çoxluğu ilə qərarları yönləndirmək, ya da qəbuluna mane olmaq hakimiyyət üçün elə də çətin olmaz. Azərbaycan müxalifəti belə birliklərin acısını çox yaşayıb. Siyasi partiya rəhbərlərinin maraqları o qədər tez ödənilən və siyasilikdən uzaqdır ki, hakimiyyət sədrlərin əksəriyyəti ilə çox asan dil tapır. Ona görə geniş birliyi xalq hərəkatı modelinə çevirmək çox çətindir. Geniş birlikdən fərqli təyinat üçün istifadə etmək və yeni ictimai siyasi vəziyyət yaratmaq mümkündür ki, bu barədə də məqaləmdə az da olsa toxunacam. Bəlkə real gücü olan siyasi təşkilatlar bir araya gəlsinlər, yeni birlik yaratsınlar? Bu da olduqca cəlbedici və mümkün görünən variant hesab oluna bilər. Lakin zahirən sıravi vətəndaşdan tutmuş partiya üzvlərinə qədər hər kəs niyə birləşə bilmirsiniz sualını asanlıqla verir və bizim bir arada olmamağımızı hamımızın qəbahəti hesab edir. Əslində bir xeyli dərəcədə haqlıdır bu sualı verən hər kəs. Amma son dəfə 2009-cu ildə bir araya gələn müxalifətin ən sanballı birliyi qısa zamandan sonra elə ittihamla dağıdıldı ki, indi bir araya gəlmək çox müşkül görünür. Dağılma səbəbləri barədə çox geniş müzakirələrimiz olub. Onlara toxunmaq istəməzdim, lakin tezislər şəklində də olsa ümumi məlumat üçün bir daha sadalayım.

1) Seçkinin nəticələrinə əvvəlcədən formalaşmış ümidsizlik düşüncəsi...

Müsavat partiyası 2009-cu ilin bələdiyyə seçkiləri öncəsi belə qənaətə gəldi ki, növbəti mərhələdə müxalifətin geniş birliyi onun məğlubiyyəti, müxalifət koalisiyasında olan Ümid, ADP, VİP-in isə qazancı ilə nəticələnə bilər. Blok qalsa idi hakimiyyət nümayəndələri beynəlxalq təşkilatların da isti münasibət göstərdikləri müxalifətin böyük birliyinə bələdiyyə və parlament seçkilərindəki neqativ yanaşmanı sərgiləyə bilməzdilər. O cümlədən, vətəndaşların ən azı 25%-i də müxalifətin birliyi fonunda prosesə seyrçi qalmaz və prosesə qoşulmağa cəhd göstərərdi. Beynəlxalq dəstək və seçici aktivliyi hakimiyyəti müxalifətin müəyyən uğurlarını tanımağa məcbur edərdi. Bu halda isə Müsavat onunla birlikdə olan yuxarıda adını çəkdiyim 3 partiyaya bələdiyyə və parlament seçkilərində hakimiyyətin zorən ayıra biləcəyi yerləri daha dar çərçivədə özü almağa səy göstərdi. Bunun üçün isə müxalifətin böyük birliyi dağıdıldı əvəzində radikal müxalif brendə sahiblənmiş kiçik birlik ortaya çıxdı. Müsavat ən uğurlu variant kimi AXCP-Müsavat birliyini seçdi. Onunla bir yerdə hakimiyyətə qarşı mübarizə aparan siyasi təşkilatları ləkələməkdən, çamur atmaqdan belə çəkinmədi. Hətta iddia edirəm ki, qazanc əldə etmək üçün hakimiyyətin müəyyən qolu ilə də danışığa getdi. Parlament seçkiilərinə bir ay qalmış heç bir mənası olmayan, siyasi-hüquqi, mənəvi anlam verməyən addım da atdı, MSK-da boş qalmış yerə öz namizədini verdi. Hakimiyyətin həmin qolunun isə Müsavatın maraqlarını təmin etməyə sadəcə gücü çatmadı.

2) Gələcək illərdə Ümid Partiyasının güclənəcəyi qorxusu hərəkatı dağıtdı.

AXCP hakimiyyətin ona münasibətini və gələcək illərdə daha sərt davranacağını çox gözəl anlayır və yerli strukturların, mərkəzi aparatın tam iflic vəziyyətində olduğunu bilir. AXCP rəhbərliyinə o da məlumdur ki, qərargahsız, yerli struktursuz uzun müddət partiyanı ayaqda saxlamaq çox çətindir. AXCP-də bu proses bu gün də davam edir. Müsavat partiyasının növbəti qurultayı bu təşkilatın gələcək taleyində çox mənfi rol oynayacaq. Partiya daxilində qrup maraqları və bu qrup rəhbərlərinin şəxsi münasibətləri İsa Qənbərin sədr olmadığı Müsavatı çox çətin duruma salacaq. Bunu Azərbaycan cəmiyyəti ilə yanaşı İsa Qənbərin özü də bilməmiş deyil. Ona görə də Müsavat Partiyası ondan güclü müxalif təşkilatın mövcudluğunu heç istəmir. Heç bir irsi hakimiyyət bazası olmadan Ümid kimi bir partiya formalaşıb ortaya çıxa bilibsə, AXCP və Müsavatın zəif olduğu bir zamanda Ümidin mərkəzdə olmayacağı təminatı heç kimdə yoxdur. Hər kəs anlayır ki, Ümid ilk fürsətdəcə ölkənin ən böyük müxalifət partiyası olacaq. Bunun üçün də Müsavat birliyi dağıtmalı, müxalifət birliyindən Ümidin divident götürməsinə imkan verməməli, partiyanın sədri, yolu barədə cəmiyyətə yanlış informasiyalar ötürməli idi.

3) Hərəkatı dağıtmaq həm də hakimiyyətin maraqlarına xidmət edirdi.

Hərəkatı dağıtmağı qarşısına məqsəd qoyan Müsavatla hakimiyyətin maraqları üst-üstə düşdü. Müsavat sanki hakimiyyətə öz xidmətini təklif edərək hərəkatı dağıtdı və iqtidardan xidmətinin əvəzini gözlədi. Yuxarıda qeyd etdim ki, bu istiqamətdə Müsavat hakimiyyətin müəyyən qolu ilə əlbir işləyirdi. Plan baş tutdu və hakimiyyət də Müsavatın köməyi ilə müxalifəti dağıtdı. Daha başqa səbəblər də var. Lakin saydığım səbəblər də müxalifətin böyük birliyinin dağılması haqda ətraflı və müfəssəl bilgi verir. Bütün bunlardan sonra müxalifətin yenidən həmin formatda və ya həmin formata yaxın birlikdə birləşməsinə böyük əngəllər törədir. Bir məqam da diqqətçəkəndir. Qeyd etmişdim ki, bütün siyasi qüvvələri bir çətir altında toplayaraq onlardan başqa təyinat üçün istifadə etmək və Azərbaycanın demokratikləşməsinə töhfə vermək olar.

Müxalifətin ümumi yükünü müəyyən edən bir birlik formalaşdırılmalı, (məs: Ümid, Müsavat, AXCP, KXCP, ADP, ALP, AMİP) sonra bu birlik cəmiyyəti narahat edən ayrı-ayrı problemləri ardıcıl olaraq müzakirəyə çıxarmaqla birlikdən kənarda qalan siyasi-ictimai təşkilatları və şəxsləri Azərbaycanın demokratikləşməsi prosesinə cəlb etməli, bununla da iqtidarın yanında yer alan və ya ona yaxın olan qüvvələri yavaş-yavaş sıralarına cəlb etməlidir. Bu gün həm münasibətlər, həm də mövqelər baxımından bir sıra siyasi qüvvələrin demokratikləşmə prosesində bizimlə bir sırada dayanacağı kimlərdəsə şübhə yarada bilər. Amma qəbul etməliyik ki, iqtidara yaxın və ya çox yaxın məsafədə dayanan qüvvələrin böyük əksəriyyəti heç də ideoloji-siyasi baxımından mövcud hakimiyyətin yanında deyillər. İqtidar, pis-yaxşı, o siyasi qüvvələrin maraqlarını - şəxsi və ya siyasi mənada təmin edir. Müxalifətin əksər hissəsi isə həmin qüvvələri daha çox iqtidarın yanına itələyir. Unuduruq ki, iqtidarın yanına itələdiymiz insanlar onu cəmiyyətə və beynəlxalq ictimaiyyətə daha haqlı və güclü göstərməyə xidmət edir. Cəmiyyətimizin problemlərinin kompleks həlli təbii ki, mövcud iqtidarın öz yerini demokratik qüvvələrindən birinə verməsindən keçir. Lakin illər uzunu səbəblərdən asılı olmayaraq bizlər bunu gerçəkləşdirə bilmirik. Bəs necə olsun? Biz iqtidarı dəyişə bilmirik, iqtidar siyasi partiyaları ya öz yançısına çevirir, ya da zəiflədir. Amma cəmiyyət və vətəndaşlar da bizim kompleks həll etmək istədiyimiz məsələlərin – yəni hakimiyyət dəyişikliyinin – öz həllini tapmamasından çox məyuslaşır və siyasi təşkilatlara güvəni tükənir. Zəif siyasi qüvvələr də perspektivlərini hakimiyyətdə möhkəmlənmiş iqtidarla əməkdaşlıqda görür. Müxalifətin əsas qüvvələri isə iqtidar səfində yer alan qüvvələri satqın, xain elan etməklə onların hakimiyyətə daha çox yaxınlaşmasına kömək edir. Tez-tez səslənən fikirlərdən biri də budur ki, müxalifətin real sərhədi bilinməlidir – kimin kim olduğu açıq görünməlidir. Demokratik cəmiyyətlər siyasi partiyaların təsnifatını çox asanlıqla müəyyən edir. Bir azad seçki hər kəsi öz yerində göstərir və o cəmiyyətlərdə siyasi təşkilatın imitasiya etməyə ehtiyacı qalmır. Bizim kimi ölkələrdə isə vəziyyət fərqlidir. İqtidarın siyasi təşkilatlara, proseslərə, seçkilərə münasibəti qeyri-ənənəvi olduğu üçün yanaşmamız da standart olmamalıdır. Real sərhədlərin çəkilməsi heç nəyə ciddi təsir etmir. Əksinə, cəmiyyətin hətta həlli mümkün olan problemləri belə hakimiyyətə daha sərt münasibət sərgiləyən qüvvələrin dilindən səsləndikcə iqtidar xarakter və mahiyyətinə uyğun olaraq problemi həll etmək əvəzinə, onu daha da dərinləşdirir. Hakimiyyət qüvvələri ictimai rəydə müxalifətdən gələn və ya onun dilindən səslənən problemi həll edən zəif iqtidar kimi görünməkdən qorxur. Həmçinin, hakimiyyət müxalifət adlanan qurumları – fərqi yoxdur real, radikal və ya konstruktiv – özünə sərf edən şəkildə bölməklə ona qarşı olan qüvvələri bir-birinə hədəf göstərir, döyüşən tərəflər iqtidarın təsnifatlandırdığı müxalifət olur. Nəzərə alsaq ki, bölünən müxalifətin özü başlanğıcda bir təşkilatda fəaliyyət göstərən insanlar olub, onun cəmiyyətə də təsir etmə imkanları haqda düzgün nəticə çıxara bilərik. Digər tərəfdən, hakimiyyət müxalifəti öz istəyinə uyğun kateqoriayalara böldükcə cəmiyyətdə fikirlər haçalanır, müxalifətə inamsızlıqla yanaşı, həm də iqtidar daha haqlı görünür. Yuxarıda göstərdiyim birlik formatında bir ictimai-siyasi qurum formalaşdırılarsa cəmiyyətin ümumi problemlərinə münasibətdə iqtidara yaxın hesab edilən və özünə müxalifət deyən – cəmiyyətin onları qəbul etməməsinə rəğmən – bütün qüvvələri də prosesə cəlb etmək çox asanlaşar. Biz fundamental həll yolunu iqtidarın dəyişməsində görürük, amma cəmiyyətin kompleks həll variantına qədər də siyasi təşkilatlardan gözləntiləri var. Məs: korrupsiya və rüşvətxorluğa qarşı mübarizə. Bu istiqamətdə hakimiyyətə qarşı mübarizə üsulundan asılı olmayaraq hər bir siyasi təşkilat mövqe nümayiş etdirə bilir. Biz deyəndə ki, ölkədə korrupsiya və rüşvətxorluq baş alıb gedir, iqtidar inad və israrla üzərimizə gəlir, yanımıza buraxmadığımız və ya qəbul etmədiyimiz siyasi qüvvələr isə ümumi ansambldan kənarda qalırlar. Hamının deyə biləcəyi sözü bir yerdə demək üçün hamıya şərait yaratmaq, iqtidarı problem qarşısında təkləmək, ona yaxın qüvvələri nə qədər mümkündür ondan uzaqlaşdırmaq, nəticə etibarı ilə, hakimiyyəti problemi həll etməyə vadar etmək lazımdır. Mən tək rüşvətxorluq və korrupsiya ilə bağlı dedim, söz və mətbuat azadlığı, insan haqlarının qorunması, sosial problemlər, kommunal xərclərin çoxluğu və s. hamının birgə qaldıra biləcəyi məsələlərdir. Ola bilsin ki, bizim qəbul etmədiyimiz qüvvələr hakimiyyət dəyişikliyi məsələsində, seçki məcəlləsinə əlavə və dəyişikliklərdə, konstitusiya islahatlarında bizimlə bir yerdə olmasınlar. Bunu faciə etməməli və həmin siyasi təşkilatın tam şəkildə iqtidar düşərgəsinə sıxışdırılması üçün bəhanə axtarmamalıyıq. Cəmiyyət problemlərinin həlli üçün daha çox insan iqtidara qarşı olarsa o da nəticə çıxarmağa məcbur olar. Bir də görürsən ki, bir siyasi məhbusun azadlığı üçün daim iqtidarın yanında olan bir ziyalıya və ya tanınmış şəxsə imzası üçün nə qədər dil tökürük, amma siyasi təşkilat rəhbərini – özü də o ziyalıya nisbətən daha aydın mövqeyi olan – prosesdən kənarda qoymaqdan az qala həzz alaraq, kimlərəsə müxalifət vəsiqəsi verməməyimizi böyük qəhrəmanlıq hesab edirik. Bu da onsuz da seyrək olan sıralarımızı bir daha seyrəldir, həll olunmayan problemlərin üzərinə problem gətirir. Iqtidar yanımızdakıları oğurlayır – biz yanımıza gəlmək, ən azı hansısa problemləri bizimlə birgə səsləndirmək istəyənləri özümüzdən uzaqlaşdırırıq. Niyə? Çoxmu güclüyük? Mənə elə gəlir ki, birliyin formatı müəyyən edildikdən sonra hər bir siyasi təşkilatlardan, fərdlərdən Azərbaycan problemlərinin həlli naminə doğru-dürüst yararlanmalı, hər kəsdən yerində istifadə etməliyik. Onda iqtidar daha çox əndişə keçirər, daha az adamla qalar, daha tez təklənər. Biz isə cəmiyyətə həm barış, həm anlayış, həm də problemlərin həlli baxımından təmərküzləşə bilən siyasi fəlsəfə bəxş etmiş olarıq. Çox təəssüf ki, müxalifət qüvvələri birliyin bu modelindən də heç bir zaman istifadə etməyərək iqtidarın daha asan manevr etməsinə şərait yaradıb. Birlik modelləri içərisində ən az səslənən model olsa da, buna da toxunmağı vacib bildim.

Siyasətin xammalı insandır. Hakimiyyət uzun illərdir bizdən insanları alır – qorxudur alır, repressiya edir alır, aldadır alır, şirnikləndirib alır…

İlk vəzifəmiz insanları qazanmaqdır. İnsanları bugünkü şərtlər daxilində kütləvi qazanmağın – yəni xalq hərəkatı modelində - mümkünsüzlüyü barədə yuxarıda bəhs etdik. Demək, fərqli yol tapmalıyıq. Nizamnaməmiz və daxili inamımız çevrilişsiz, inqilabsız, qansız-qadasız hakimiyyət dəyişikliyini diktə edir. Elə beynəlxalq qurumlar və mövcud yanaşmalar da demokratiyaya fazalı keçidi daha uyğun model hesab edirlər.

Demokratiyaya keçidin yolu isə insanları hakimiyyət dəyişikliyi marağı çərçivəsində siyasi təşkilatda birləşdirməkdən keçir. İnsanları necə qazanaq, onları sıralarımıza necə cəlb edək???
İlk növbədə, demokratik cəmiyyət quruculuğu üçün nə lazım olduğuna diqqət edək. Demokratiya idarəetmə formasıdır, demokratiya yaşam tərzidir, demokratiya xalq hakimiyyətidir – bu kimi nə qədər desəniz ifadə tapmaq mümkündür. Amma necə ifadə etməyimizdən asılı olmayaraq demokratiyanı ya idarəetmə, ya yaşam tərzi kimi seçənlər, ilk növbədə, öz düşüncə tərzinə görə fərqlənən insanlar olublar.

Azərbaycan iqtidarında çoxluq totalitar sovet düşüncəsindən qurtula bilməyən, sovet idarəçiliyini mükəmməl idarəetmə forması hesab edən əski kommunistlərdir. Məhz kommunist təfəkkürü də onlara demokratik cəmiyyət qurmağa, fərqli düşünməyə imkan vermir.

Ardı var