NASA könüllülər axtarır

nasa-konulluler-axtarir
Oxunma sayı: 521

ABŞ Milli Aeronavtika və Kosmik Administrasiyası (NASA) gələcək Ay və Mars missiyalarına hazırlıq məqsədilə bir il davam edəcək simulyasiya proqramı üçün dörd könüllü axtardığını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, “Ay və Marsın Kəşfiyyat Simulyasiyası” adlanan proqramın 2027-ci ilin avqustunda Hyustondakı Conson Kosmik Mərkəzində başlaması planlaşdırılır.

Layihənin məqsədi uzunmüddətli kosmik uçuşların insan sağlamlığı və performansına təsirini öyrənmək, həmçinin gələcək missiyaların risklərini azaltmaqdır.

Simulyasiya çərçivəsində iştirakçılar əvvəlcə 60 kvadratmetrlik kosmik gəmi modelində yaşayaraq, Marsa uçuşu imitasiya edəcəklər. Daha sonra onlar planet səthini təqlid edən 84 kvadratmetrlik bazaya köçəcək, burada məhsul yetişdirəcək, sağlamlıqlarını izləyəcək və xüsusi hazırlanmış ərazidə kosmik yürüşlər həyata keçirəcəklər. Proqramın son mərhələsində isə Yerə qayıdış simulyasiya olunacaq.

Layihə çərçivəsində könüllülərin Marsın vaxt qurşağına uyğunlaşması da araşdırılacaq. Marsda bir sutka Yer vaxtından təxminən 40 dəqiqə uzundur və alimlər bunun yuxu rejimi və iş qabiliyyətinə təsirini öyrənməyi planlaşdırırlar.

NASA proqramda iştirak etmək istəyən namizədlərin mühəndislik, biologiya, fizika və ya riyaziyyat sahəsində ali təhsilli, 30-55 yaş aralığında olan ABŞ vətəndaşları və ya daimi sakinləri olmasını tələb edir. Bundan əlavə, namizədlər fiziki və psixoloji testlərdən keçməli, yuxuda gəzmə problemi yaşamamalı və yuxu dərmanlarından istifadə etməməlidirlər.

NASA-nın əvvəlki oxşar layihələrində iştirak etmiş həkim Natan Cons bildirib ki, bir il ərzində xarici aləmdən təcrid olunmuş şəraitdə yaşamaq emosional baxımdan ciddi sınaqdır. Onun sözlərinə görə, bu təcrübə gündəlik həyatda adi görünən şeylərin – günəş işığının, təbiətin və təzə qidanın dəyərini daha yaxşı anlamağa kömək edir.