Naxçıvanda 7 nəfərin zəhərləndiyi dönərxana bağlandı - Fotolar-Yenilənib

naxcivanda-7-neferin-zeherlendiyi-donerxana-baglandi
Oxunma sayı: 1319

Naxçıvanda kütləvi zəhərlənmə qeydə alınıb.

“Qafqazinfo” “Nuhçıxan”a istinadən xəbər verir ki, bu barədə Mərkəzin həkimi Nəzmin Allahverdiyeva jurnalistlərə məlumat verib.

Həkim bildirib ki, Naxçıvan MR-in Yoluxucu Xəstəliklər Mərkəzinə qida zəhərlənməsi şübhəsilə yeddi nəfər yerləşdirilib.

Onun sözlərinə görə, xəstələr ürəkbulanma, qusma, ishal, qarın ağrısı və ümumi halsızlıq kimi şikayətlərlə daxil olublar: “Onların vəziyyəti orta-ağır qiymətləndirilib, dərhal simptomatik tibbi yardım göstərilib. Müalicədən sonra pasiyentlər evə buraxılıb”.

Araşdırmalar zamanı məlum olub ki, zəhərlənməyə səbəb dönər və şaurma tipli “fastfood” qidaların istehlakı olub.

Məsələ ilə bağlı Naxçıvan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən də açıqlama verilib.

Agentliyin əməkdaşı Mirfərid Seyidov bildirib ki, qida zəhərlənməsi halları Naxçıvan şəhərinin Heydər Əliyev prospektində yerləşən “Kassap dönər” adlı iaşə obyektində qeydə alınıb.

“Agentliyin əməkdaşları tərəfindən obyektdə müvafiq araşdırmalar aparılıb, şübhəli məhsullardan nümunələr götürülərək Naxçıvan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına təqdim olunub. Hazırda analizlər davam etdirilir və nəticələrlə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək”, - o qeyd edib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

Naxçıvan Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, yoxlama zamanı dönərxanada normativ tələblərin pozulduğu məlum olub.

Belə ki, məhsulların müvafiq temperaturda saxlanılmadığı, temperaturun monitorinqinin həyata keçirilmədiyi və qeydiyyatının aparılmadığı, soyuducularda mal qonşuluğu prinsipinə əməl olunmadığı, sanitar gigiyenik qaydalara əməl olunmadığı aşkarlanıb.
Şübhəli məhsul hesab edilən mayonez və toyuq dönərindən, həmçinin səthlərdən yaxma nümunələri seçilərək analizlərin aparılması üçün Naxçıvan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və dönərxananın fəaliyyəti məhdudlaşdırılıb.