Naxçıvanda “Yaşıl dünya könüllüləri” qrupu fəaliyyətə başlayıb - Fotolar

naxcivanda-yasil-dunya-konulluleri-qrupu-fealiyyete-baslayib
Oxunma sayı: 840

Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər, Gənclər və İdman, Təhsil nazirliklərinin və Naxçıvan Dövlət Universitetinin birgə əməkdaşlığı ilə “Yaşıl dünya könüllüləri” proqramına start verilib.

“Qafqazinfo” xəbər verir ki, bu münasibətlə Naxçıvan Biznes Mərkəzində  həmin könüllü qrupuna qatılan gənclərlə görüş keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının gənclər və idman nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Məcid Seyidov, Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Xanlar Mustafayev proqramın məqsəd və əhəmiyyəti barədə danışıb, gəncləri maraqlanıran sualları cavablandırıblar.

Qeyd olunub ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması ilə əlaqədar olaraq bütün ölkə ərazisində ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.

Azərbaycanın COP29 kimi mötəbər bir tədbirə ev sahibliyi edəcəyini xatırladan rəsmilər ölkəmizin bu etimadı layiqincə doğruldacağına əminliyini ifadə edib, eyni zamanda əlavə ediblər ki, muxtar respublikada da aidiyyəti qurumlar tərəfindən bu formata xidmət edən, eləcədə ümumilikdə ekosistemin mühafizəsinə, biomüxtəlifliyin qorunmasına, yaşıllıqların artırılmasına xidmət edən işlər həyata keçirilir. Yeni yaradılmış könüllü qrupu üzvlərinin bu işlərin bir parçasına çevriləcəyi, onların bilik və bacarıqlarının, ideyalarının bu mənada faydalı olacağına əminlik ifadə olunub.

“Yaşıl dünya könüllüləri”nin üzvü Sahil Məmmədov sözügedən layihə ilə ekologiya sahəsində yeni təcrübələr qazanmaq, insanları sağlam və ekoloji təmiz həyata təşviq etmək niyyətində olduqlarını diqqətə çatdırıb.

Tədbirdə könüllü fəaliyyətini və onların ekosistemin qorunmasındakı rolunu əks etdirən videoçarx nümayiş etdirilib.

Qeyd edək ki, “Yaşıl dünya könüllüləri”nin üzvləri 2024-cü il ərzində muxtar respublikada “Yaşıl dünya naminə həmrəylik ili”, COP29, həmçinin Naxçıvan Muxtar Respublikasının 100 illiyi münasibətilə keçiriləcək tədbirlərdə iştirak edəcəklər. Könüllülər 2024-cü ildə muxtar respublikada təşkil olunacaq elmi-praktiki konfranslarda, “1 günə 100 min ağac ək” ağacəkmə aksiyasının, “Tullantıları tingə dəyiş”, “Tullantıları ekoçantaya dəyiş” aksiyalarının və təmizlik  aksiyalarının keçirilməsində, velosiped yürüşündə, ekoloji təqvim günləri qeyd edilməsində, “Media bağı”nın salınmasında, eləcə də yaşıl məktəb layihəsində iştirak edəcəklər. Sözügüdən layihənin il ərzində yarımillik və illik hesabat tədbirləri keçiriləcək, fəal könüllülər sertifikat və hədiyyələrlə mükafatlandırılacaqlar.