Nazir Sabirabadda vətəndaşları qəbul etdi - Fotolar

nazir-sabirabadda-vetendaslari-qebul-etdi
Oxunma sayı: 1099

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciət, ərizə və şikayətlərinin müsbət həlli üçün müvafiq tədbirlər görürlər.

“Qafqazinfo” xəbər verir ki, tərtib edilmiş qəbul cədvəlinə uyğun olaraq kənd təsərrüfatı naziri Məcnun Məmmədov bu gün Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Sabirabad, İmişli, Beyləqan və Saatlı rayonlarından olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri əsasən işlə təmin olunma, subsidiyaların verilməsi, torpaq sahəsinin ayrılması, işğaldan azad edilmiş ərazilərdə torpaq sahələrinin ayrılması, suvarma suyu ilə təminat və digər məsələlərlə bağlı olub.

Nazir hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun olaraq qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

M.Məmmədov vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb.