Nazirliyin əməkdaşlarına atəş açıldı - Yaralı var

nazirliyin-emekdaslarina-ates-acildi
Oxunma sayı: 5176

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Ağstafaçay su anbarında balıq ovu üçün istifadə olunan sintetik torlar müəyyən edilib. Torlar yığışdırılan zaman xidmətin əməkdaşlarına qarşı odlu silahdan atəş açılıb.

Bu barədə “Qafqazinfo”ya Xidmət rəisi Hikmət Əlizadə məlumat verib.

O bildirib ki, atəş sahildən naməlum şəxs tərəfindən açılıb və nəticədə idarənin baş mütəxəssisi Yaşar Məmmədov xəsarət alıb, qayığa isə ziyan dəyib:

“Odlu silahdan atəş edən şəxsin tapılması və barəsində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə Qazax Rayon Polis Şöbəsinə müraciət olunub. Hazırda araşdırma aparılır”.

***

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, məsələ ilə bağlı ilkin araşdırma aparılıb və Rayon Prokurorluğuna göndərilib: "2 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşının yaralanmasına gəlincə, ilkin baxışda nə əməkdaşın özündə nə də geyimində hər hansı bir odlu silah izi aşkarlanmayıb. Hər bir halda iddialar araşdırma predmetidir, ekspertiza və araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".