Neftçalada Dövlət Proqramı üzrə görülən işlər müzakirə olundu - Fotolar

neftcalada-dovlet-proqrami-uzre-gorulen-isler-muzakire-olundu
Oxunma sayı: 259

2026-2030-cu illər üçün Dövlət Proqramında nəzərdə tutulan tədbirlər çərçivəsində Neftçala rayonu üzrə görülmüş işlər barədə tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbir “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin Neftçala rayonunda icrasının təmin edilməsi istiqamətində görülən işlərlə yerində tanış olmaq məqsədilə keçirilib.

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Məmmədiyə Məmmədov, Neftçala Rayon İcra Hakimiyyəti başçısının 16 iyul 2026-cı il tarixli 80 nömrəli Sərəncamı ilə yaradılmış Əlaqələndimə Qərargahının üzvləri, Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin, “Azərişıq” ASC-nin yerli qurumlarının rəhbərlərinin rayonun 3 iri fermer təsərrüfatına baş çəkiblər.

Tədbirin davamı olaraq Rayon İcra Hakimiyyətinin  inzibati binasında kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə məşğul olan təsərrüfatların və emal müəssisələrinin, aidiyyəti dövlət qurumlarının yerli nümayəndələrinin, “Əlaqələndimə Qərargahı”nın üzvlərinin iştirakı ilə görüş keçirilib. Tədbirin məqsədi zona müşavirəsində irəli sürülmüş təşəbbüslərin icra vəziyyətini, habelə Dövlət Proqramı çərçivəsində həyata keçirilən digər tədbirlərə dair məlumatların diqqətə çatdırılması olub. 

Giriş nitqi ilə çıxış edən Neftçala RİH başçısı Mirhəsən Seyidov Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirəni xatırladaraq ölkədə aqrar sahənin inkişafı, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi və kənd təsərrüfatının dayanıqlılığının təmin edilməsi istiqamətində qarşıya qoyulan vəzifələrin əhəmiyyətini vurğulayıb. M.Seyidov dövlət başçısının müəyyən etdiyi prioritetlərə uyğun olaraq Neftçala rayonunda görülən işlər barədə məlumat verib. O bildirib ki, rayonda kənd təsərrüfatının inkişafını sürətləndirmək, əkin sahələrindən səmərəli istifadə etmək, məhsuldarlığı artırmaq və mövsümi işləri əlaqələndirmək məqsədilə xüsusi Qərargah yaradılıb. Qərargah tərəfindən fermerlərin və torpaq mülkiyyətçilərinin qarşılaşdıqları problemlərin operativ həlli istiqamətində addımlar atılır, sahibkarlarla mütəmadi görüşlər keçirilir və rayon üzrə Dövlət Proqramının icrasına dair konkret hədəflər uğurla reallaşdırılır.

Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Məmmədiyə Məmmədov çıxışında Dövlət Proqramının ölkənin aqrar potensialından maksimum səmərəli istifadə etmək və qlobal çağırışlara cavab vermək məqsədilə hazırlanmış genişhəcmli fəaliyyət planı olduğunu qeyd edib. M.Məmmədov vurğulayıb ki, dövlət başçısı tərəfindən müəyyən edilmiş prioritet istiqamətlər və yeni Dövlət Proqramı kənd təsərrüfatının müasir standartlara uyğun inkişafını, innovativ yanaşmaların tətbiqini və kənd yerlərində məşğulluğun genişləndirilməsini nəzərdə tutur.

Daha sonra Dövlət Proqramının rayon üzrə icrası ilə əlaqədar Neftçala Rayon İcra Hakimiyyəti başçısının 16 iyul 2026-cı il tarixli 80 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “İş Planı”na əsasən görülmüş tədbirlər barədə təqdimat hesabatı diqqətə çatdırılıb. Neftçalalı fermer və sahibkarlar Dövlət Proqramının icrasına yaxından qoşulacaqlarını bildirib, nəzərdə tutulan tədbirlərin uğurla reallaşdırılması üçün bütün potensiallarını səfərbər edəcəklərini vurğulayıblar.