ABŞ Prezidenti Donald Tramp İsrail Prezidenti İsaak Hersoqdan Baş nazir Benyamin Netanyahuya qarşı illərdir davam edən məhkəmə prosesini dərhal dayandırmağı və onu əfv etməyi tələb edib.
“Qafqazinfo” “Axios” nəşrinə istinadən xəbər verir ki, Tramp Hersoqun bu məsələdəki hərəkətsizliyini “rüsvayçılıq” adlandıraraq, Netanyahunun “elə bu gün” əfv olunmasını istəyib.
Ağ Ev rəhbəri bildirib ki, davam edən cinayət işi Baş nazirin diqqətini hərbi vəzifələrindən yayındırır:
“Bibi”nin (Netanyahunun ləqəbi – red.) yeganə narahatlığı İrana qarşı mübarizə olmalıdır”.
Tramp həmçinin iddia edib ki, Prezident son bir il ərzində ona Netanyahunu əfv edəcəyi ilə bağlı beş dəfə söz verib, lakin hələ də addım atmayıb.
O, İsrail prezidentini bu məsələdən öz siyasi karyerası üçün təzyiq vasitəsi kimi istifadə etməkdə ittiham edərək onu sərt şəkildə tənqid edib:
“Mən onu ifşa edirəm. Prezident Netanyahunu dərhal əfv etməlidir”.
Xatırladaq ki, Netanyahuya qarşı korrupsiya, dələduzluq və vəzifə səlahiyyətlərindən sui-istifadə iddiaları ilə bağlı cinayət işləri 2016-cı ildən başlanıb, məhkəmə prosesi isə 2020-ci ilin mayından davam edir.
Son xəbərlər
Son Xəbərlər