“Nəyə görə məhz Azərbaycana gəlmək lazımdır?” - Turistlər üçün

neye-gore-mehz-azerbaycana-gelmek-lazimdir-turistler-ucun-
Oxunma sayı: 1004




“Skal İnternational” Bakı Turizm Peşəkarları Assosiasiyasının rəhbəri, 2011-ci ildə Azərbaycanın ən yaxşı tur-operatoru adına layiq görülən “Millennium” turizm şirkətinin prezidenti, eyni zamanda ATİ-nin müəllimi Ruslan Quliyevin “Qafqazinfo”ya müsahibəsi



- Bildiyimiz kimi ötən il Azərbaycanda turizm ili elan olunmuşdu. Ötən müddət ərzində ölkədə turizmin inkişafında hansı irəliləyişlər əldə olunub?
- Əslində turizm ilinə biz turizmçilər tərəfindən hələ 2010-cu ildə qeyri-rəsmi start verilmişdi. Bu baxımdan 2010-cu ili 2011-ci ilin hazırlıq dövrü kimi qəbul edə bilərik. Belə ki, 2010-cu ildən bəri “Gəlin Azərbaycanda yeni marşrutlar kəşf edək” layihəsi həyata keçirilir. Eyni zamanda, istər ölkə daxilində, istər xaricində turizmlə əlaqəli bir sıra mötəbər hadisələr baş verdi. Turizm ilinin elan olunması son 10 ildə bu sahədə aparılan dövlət siyasətinin bir məntiqi davamı kimi qiymətləndirilməlidir. Əgər bir neçə il əvvəl desəydik ki, turizm ili elan edirik, bu bir qədər gülməli görünə bilərdi. Lakin bu gün zamanın tələbi ilə buna ehtiyac duyuldu. Bildiyimiz kimi, 1991-ci ildə sovetlərin süqutundan sonra iqtisadiyyatın bir çox sahələrində olduğu kimi turizmdə də çox böyük durğunluq müşahidə olunurdu. Eyni zamanda, Qarabağ müharibəsinin fəsadları, qaçqın və köçkünlərimizin müxtəlif sanatoriyalarımızda, qonaq evlərində yerləşdirilməsi turizmi iflic vəziyyətinə salmışdı. Təbii ki, bütün bu proseslər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıtması və 1994-cü ildə Əsrin sazişinin imzalanması ilə xarici iş adamlarının Azərbaycana axını başladı. Gördük ki, qonaqlarımızı qəbul etməyə bəlli bir infrastrukturumuz, gecələmə obyektlərimiz yoxdur. Azərbaycanda turizmin ən yeni tarixi 2001-ci ildən Gənclər və İdman Nazirliyinə turizm funksiyasının əlavə olunmasından sonra başladı. İki il öncə də 1999-da ölkə başçısı Heydər Əliyev tərəfindən turizm haqqında qanun qəbul olundu. Bu gün Azərbaycanda turizmin inkişafına artıq 11 illik məsafədəyik. Buna görə də onun inkişafına müqayisəli baxmalıyıq. O dövrdə barmaqla sayıla biləcək turizm şirkətləri, mehmanxana və ona bərabər tutulan obyektlərin sayı var idi. Bu gün isə artıq 500-dən artıq mehmanxana kompleksinin açılışına imza atmışıq. Artıq Azərbaycanda 10-dan da çox dünyanın ən brend, böyük otellər şəbəkəsinə daxil olan otellərinin açılışının şahidik. Bizdə 200-ə yaxın turizm şirkəti fəaliyyət göstərirdi, Mədəniyyət və Turizm Nazirliyinin monitorinqindən sonra təyinatına uyğun olmayan şirkətlər bağlandı. Artıq say 175-ə endi və hazırda isə yenidən 200 -ə yaxın belə şirkət var. Əgər o dövrdə bir-iki beynəlxalq sərgiyə yaxud tədbirə qatılırdıqsa, bu gün 20-nin üstündə beynəlxalq sərgi və il ərzində ümumilikdə 50-ə yaxın konfrans, biznes forum, seminar, infotur və sair tədbirlərə qatılırıq. Azərbaycan turizmçilərinin sərgidə iştirak coğrafiyası genişlənib. Artıq bu gün bizim turizmçilər Tokioda, Londonda, Berlində, Moskvada, İstanbulda dünyanın ən böyük sərgilərində özlərinin turizm imkanlarını təqdim edirlər. Biz turizmçilərin ən böyük ali məqsədi Azərbaycanı yeni bir turizm destanasiyası, mərkəzi kimi dünya insanlarına açmaq və ölkəmizə turizm axınını təmin etməkdir. Bir məqamı da qeyd edim ki, məsələn Qazaxıstan, Gürcüstan, Özbəkistandan olan həmkarlarımız, iş adamları gedəcəkləri sərginin, səfərin bütün iştirak haqqını özləri ödəyirlər. Bizim Mədəniyyət və Turizm Nazirliyinə təşəkkür edirəm ki, nazirlik bütün sərgilərdə, stendlərdə böyük formatda iştirak edir. Hətta mənfur qonşularımızdan 4-5 dəfə artıq sahə götürürük. Nazirlik hər zaman bütün bu xərcləri öz üzərinə götürür. Beləliklə, bizim iş adamları ancaq gediş-gəliş haqlarını ödəyirlər. Təsəvvür edin, Şəkidən, Qubadan, Lənkərandan olan iş adamı, mehmanxana sahibi birbaşa Berlində, Tokioda, Moskvada və dünyanın ən mötəbər sərgilərində iştirak haqqı qazanır və öz məhsulunu, turizm xidmətini təqdim edir.

- Bəs həmin beynəlxalq sərgilərdə şirkətlər, iş adamları ölkəmizin turizm potensialını lazımi səviyyədə təqdim edə bilir? Ümumiyyətlə təqdimat hansı səviyyədədir?
- Biz turizmin təbliğatından, inkişafından danışırıq, lakin bu gün bizim ən böyük ehtiyacımız təqdimetmə mədəniyyətini özümüzdə formalaşdırmalıyıq. Naqis qonşularımız cəlbedici olmayan bir şeydən nonsens, böyük bir hadisə yaradırlar. Sərgidə iştirak edəndə nə üçün məhz Azərbaycan, burada nə var ki, başqa yerdə bu şeyi görə bilməzsən kimi suallara cavab verməlisən. Biz beş önəmli faktoru burada göstərməliyik ki, nəyə görə məhz Azərbaycana gəlmək lazımdır. Qobustanın mövcudluğu, Yanardağ, İçərişəhər, Qız qalası və Şirvanşahlar kompleksi turistləri daha çox cəlb edir. Əfsuslar olsun ki, əvvəllər neft daşlarına ekskursiyalar təşkil olunardı, indi isə qadağan olunub. 50-ci illərdə mövcud şərtlərdə estakadalar üzərində tikilən şəhərin indiyə qədər bənzəri yoxdur. Bu özü də bir turizm məhsuludur. Hesab edirəm ki, turizm məhsulu yaradılan zaman bəzi xalqlarla ortaq tarixlər araşdırılmalıdır. Məhz bu turlar vasitəsi ilə ölkəmizə daha çox xarici turist cəlb edə bilərik. Məsələn, “Azərbaycanda alman məskənləri” marşrutu var. Bildiyimiz kimi 19-cu əsrin əvvəllərində Avropada kolonizasiya siyasəti həyata keçirildi və Almaniyadan Qafqaza və o cümələdən Azərbaycana böyük bir köç həyata keçirilmişdir. Onların gəlişi ilə Azərbaycanının qərb regionlarına ( Göy-Göl, Şəmkir, Gədəbəy, Daşkəsən və s ) böyük bir sivilizasiya, mədəniyyət gətirildi. Öz əcdadlarının yaşam tərzini öyrənmək istəyən alman turistləri biz bu üsulla cəlb edə bilərik. Daha sonra “Aleksandr Düma Qafqazda” marşrutu var. Bu da fransızlara xitab olunan bir turdur. Son zamanlar nazirlik tərəfindən dəstəklənən “Azərbaycanda polyak izləri” marşrutu işlənir. “İpək yolu” layihəsində çox aktiv iştirak edirik. Xarici turistlər biləndə ki, bir səfərlə bir neçə ölkə gəzə biləcək, məsələn avropalı başlayır Türkiyə, Gürcüstan, Azərbaycan, eyni zamanda İran və Özbəkistandan keçməklə Çinə qədər uzanır. Şərqdən gələn turistləri isə Avropa istiqamətində göndəririk. Bizim əsas məqsədimiz bu marşrutları tətbiq etməklə Azərbaycanın turizm imkanlarını, mədəni potensialını daha çox sərgiləməkdir. İki əsas layihəmiz haqda danışmaq istərdim. Bu günlərdə 63 günlük, 21 min kilometrlik Malayziyadan başlayaraq, Tailand, Laos, Çin, Qazaxıstan, Rusiya, Azərbaycan, Gürcüstan, Türkiyə, Suriya, İordaniyadan keçməklə Məkkədə başa çatan, “Kembaro- Bumusuci- müqəddəs yerlərə səyahət” marşrutu var idi ki, motosikletlərlə həyata keçirdik. Çox unikal bir tur idi, hansı ki, üç gecə dörd günlük Azərbaycan hissəsinə biz cavabdeh idik. Eyni zamanda, bu yaxınlarda “Trans Asiya-3” layihəsini həyata keçirdik. İstanbuldan başlayaraq Çinin Tyanji vilayətində bitən 58 günlük və 17 min kilometrlik, 33 nəfər və 12 ölkənin – ABŞ, Britaniya, Norveç, Türkiyə, Rusiya, Çin, Hindistan, Azərbaycan, Gürcüstan, Yunanıstanın iştirakı ilə bu marşrutu keçdik. Ümumiyyətlə turizm bir təbliğat maşınıdır. Azərbaycanın haqq səsini, reallıqlarını dünya insanlarına çatdırmaq üçün gözəl bir vasitədir. Turizm bir vətənpərvərlik işidir. Təsəvvür edin ki, Azərbaycana gələn turistlər ölkəmizin mədəniyyəti, qədim qonaqpərvərlik ənənələri ilə tanış olur. Qarabağ davamızla bağlı, erməni vəhşiliklərini biz Şəhidlər Xiyabanında, digər anım yerlərimizdə onlara göstəririk. Onlar da görürlər ki, belə bir mədəniyyəti, əzmkarlığı, qonaqpərvərliyi olan xalq heç vaxt istilaçı və barbar ola bilməz.

- Azərbaycan “Evrovizion” yarışmasına ev sahibliyi etdi. Bu yarışma ölkəmizə turist axınının artımı baxımından nə isə verə bildi? Ümumiyyətlə, bu yarışmadan sonra statistikada bir dəyişiklik olub?
- Mən bunu Azərbaycanın mədəniyyətinin, iqtisadiyyatının intibahının təzahürü kimi qiymətləndirərdim. Azərbaycanı tanıtmaq baxımından bu yarışmanın keçirilməsinin qiyməti yoxdur. Müsabiqənin keçirilməsi Azərbaycanı tanıtmaq baxımından bizim işləri dörd il qabağa atdı. Hər yarışmaçının çıxışından əvvəl göstərilən promo-çarxlar bir turizmçi kimi məni riqqətə gətirirdi. Yarışma bitəndən sonra da əvvəllər Azərbaycana gəlməyə tərəddüd edən turizm şirkətləri bizə kütləvi mail-lər, sorğular göndərməyə başladılar. Ən azından öz məlumat bazalarını yeniləmək üçün , Azərbaycanla yeni müqavilələr bağlamaqda maraqlı oldular.

- Mənə maraqlıdır, müsabiqədən sonra xarici turizm şirkətləri sizə müraciət etdilər deyirsiniz. Onları həmin promo-çarxlarda ən çox nə cəlb etmişdi?
- Bizim bu gün turizmin inkişafı üçün iki əsas kapitalımız var. Onlardan birincisi bizim qonaqpərvərliyimizdir. Bunu heç bir böyük investisiya ilə müqayisə etmək olmaz. İkincisi isə mətbəximizdir ki, xaricilər çox vurulmuşdular. Məsələn, mənə zəng edənlər arasında çovkən oyunu ilə maraqlananlar olub. Onların arasında at həvəskarları, eko-turları sevənlər var. Bayaq təqdimetmədən danışdıq, biz bölgələrimizə uyğun turizm xidmətləri, məhsulları ilə çıxmalıyıq. Əgər çalışsaq ki, bu gün Türkiyə, Yunanıstan, İspaniyanın dəniz istirahəti sahəsində rəqabət aparaq, bu bir qədər absurd görünər. Lakin Azərbaycan eko-turizmin çox gözəl model ölkəsi ola bilər. Buna çox böyük imkanlar var. Biz qonaqlarımız deyirik ki, siz iki saat ərzində təbiətin müxtəlif çalarlarını görə bilərsiniz. Əgər 11 iqlim tipinin 9-u bizədirsə, bu artıq kiçik bir dünya deməkdir. Məsələn, Türkiyədə, Rusiyada fərqli təbiət görmək üçün günlərlə məsafə qət etmək lazımdır. Turizmdə bizim zavod, fabrikimiz yoxdur, burada 90% insan faktorudur. Bizim hər zamanki kimi bu ildə ən böyük problemimiz olub xidmət, keyfiyyət və qiymət. Şükürlər olsun ki, Azərbaycan Turizm İnstitutu yaradıldı. Bu, tək turizmdə deyil, təhsildə də böyük bir inqilab idi. O universiteti bitirən uşaqlar KREMS Avstriya universitetinin ikili diplomlarını əldə edirlər. İyirmi iki həftəlik praktika müddətində onlar turizm şirkətlərində, mehmanxanalarda, hətta xarici ölkələrdə Yunanıstanda, Kiprdə, Türkiyədə, İspaniyada praktika keçmək imkanı əldə edirlər. Artıq universiteti bitirəndə 45-55% sektora hazır səviyyə nümayiş etdirirlər. Bu yaxınlarda turizm texniki-peşə məktəbi açıldı. Turizm institutunun nəzdində turizm təlim mərkəzləri açıldı və gələcəkdə Xaçmazda, Gəncədə, Lənkəranda, Sumqayıtda bu sektora kadrlar hazırlayan təsisatlar fəaliyyət göstərəcək. Əgər təzə açılan müddətdə sektorda 1500-2000 turizmçi fəaliyyət göstərirdisə, hazırda 8000-dən artıq turizm kadrı çalışır. Azərbaycan üzrə 4-5 min yataq sayımız vardısa, artıq 32 minə yaxındır. Lakin bu gün kəmiyyət göstəricilərindən keyfiyyət göstəricilərinə keçməyin vaxtıdır. Əvvəllər hər hansı turizm obyektində sahibkar öz əmisi oğlunu, qardaşını, turizmə aidiyyatı olmayan şəxsləri qoyurdu. Bu gün isə xaricdə çalışıb artıq Azərbaycana dönən turizmçi həmvətənlərimiz var. Mən Azərbaycan və Türkiyə Mədəniyyət və Turizm Nazirliklərinə, TİKA təşkilatına, Türsab-a, Skal Türkiyəyə öz təşəkkürümü bildirirəm ki, əgər əvvəllər seminarlar, treninqlər ancaq Bakıda keçirildisə indi Masallıda, Şəkidə, Qəbələdə, Lənkəranda bu tip treninqlər keçirilir.
Biz turizmin inkişafında 3 əsas məsələyə diqqət etməliyik. Təşkilatlanma, koordinasiya və təqdimetmə mədəniyyəti. Bildiyimiz kimi yeni turizm layihəsi hazırlanır və Dünya Turizm Təşkilatına təsdiqlənməsi üçün göndərilib. Əlbəttə ki, hər bir qanunda bir vərəsəlik amilləri olmalıdır. Bütün qanunu 100% dəyişmək də düzgün deyil. Bu qanunun özəlliklərindən biri tur-agent və tur-operator anlayışlarına aydınlıq gətirməkdir. Lakin bizdə bunlara eyni turizm şirkətinin fəaliyyəti kimi lisenziya verilir. Hesab edirəm ki, mütəmadi olaraq, Milli Məclisdə turizm sektoruna dəstəklə bağlı lobbiçilik siyasəti həyata keçirilməlidir. Bu gün dövlətin əsas məqsədi Azərbaycanda turizmi 12 ay aktual etməkdir.

- Bununla bağlı nə kimi təklifləriniz var. İl boyu aktiv sektor olması üçün nə etmək lazımdır?
- Biz turizmi artıq sezon xarakterindən çıxardırıq. Hər kəs deyir ki, turizm maydan avqust ayına kimi aktualdır. Lakin işgüzar turizm məsələsi var. Gördüyünüz kimi bu gün Azərbaycan Kras-Montana kimi, Mədəniyyətlərarası dialoq kimi, müxtəlif bank, səhiyyə, arxitexnologiyalarla bağlı sərgi, konfranslar keçirilir. İkincisi, dünyada bənzəri olmayan Naftalan neftimiz var. Müalicə mövsümə baxmır. Duzdağ, Qalaaltı, İstisu kimi termal mərkəzlərimiz mövsümü turizmi aradan qaldıra bilər. Şahdağ kompleksinin tikilməsi ilə qışda da turist qəbul edə biləcəyik.

- Bir turizmçi kimi ölkədə bu sahənin inkişafına təkan verə biləcək hansısa təklifləriniz var?
- Bir neçə məsələ var ki, biz gələcəkdə bunu parlamentə bir qanun layihəsi kimi də təklif edə bilərik. Bu təkliflərin 50 %-nin belə həyata keçirilməsi turizmin inkişafına təkan verəcək. Bunlardan biri xaricdə Azərbaycanın turizminin təbliğatı ilə məşğul olan turizm təsisatlarına dövlətin 50% maddi yardım göstərməsidir. Bu, Türkiyə təcrübəsidir. Məsələn, mən əgər Azərbaycanın turizm imkanlarının təbliğatı ilə məşğul oluram, disk, kataloq, veb-sayt yaradıramsa dövlət çəkilən ümumi məbləğin 50 %-ni yardım şəklində şirkətə qaytarmalıdır. Kiprdə belə bir təcrübə var ki, ölkəyə girən hər bir turistə görə, yeddi gecə gecələməsi şərti ilə, onu gətirən şirkətə təşviq pulu kimi 60 şərti vahid pul ödəyir. Təsəvvür edin, ölkəyə bir milyon turist girirsə və 60 avrodan ödəyirsə, bu pul büdcədən gedir. Lakin bir turist bir həftədə 950 şərti vahid pul xərcləyirsə bunu bir milyona vursaq bir milyardın üzərində rəqəm alınacaq. Daha sonra turizm sektoruna uzunmüddətli aşağı faiz dərəcəsi ilə kreditlər ayrılmalıdır. Türkiyədə turizmin inkişafı göz qabağındadır. Turqut Ozalın zamanında dövlət bu cür kreditlər ayırdı və bir müddət sonra monitorinqlər həyata keçirdi. Gördülər ki, hər kim ki, həmin vəsaitdən maksimum yaralanıb dövlət həmin kreditləri bağışladı. Məsələn, Gürcüstanda mehmanxana tikmək istəyən, yaxud hansısa təsisat yaratmaq istəyən təşkilata dövlət pulsuz yer verir. Layihəni təqdim etdikdən, tikintidən sonra 15 il müddətinə əmlak və digər vergilərdən azad olunur. Ən azı beş il müddətində turizm sektoru vergilərdən azad olunmalıdır. Azı aşağı vergi dərəcələri tətbiq olunmalıdır.

- Qiymətlərdən söz düşmüşkən bizdə turizm xidmətlərinin baha olması nə ilə bağlıdır?
- Nəzərə alsaq ki, bizim müstəqilliyimizin 20 illik tarixi var və 10 il də turizm tariximiz var. 50-60 ildə Fransanın, 30 ildə Türkiyənin keçdiyi yolu biz qısa müddətdə Azərbaycana tətbiq etmək istəyirik, bu da qeyri-realdır. Lakin biz onlardan daha şanslıyıq. Onların keçdiyi uzun yolu bizim qısa müddətdə keçmək imkanlarımız var. Biz yaxın 20 il ərzində turizmin inkişafının milli strategiyasını hazırlamalıyıq. Əgər bütün bunlara fikir versək Azərbaycan qısa müddətdə dünyanın yeni bir turizm səltənətinə çevriləcək.

- Azərbaycanın turizm potensialını yüksək dəyərləndirirsiniz. Bəs inkişafa mane olan hansı əngəllər var? Məsələn, ötən il turizm şirkətləri üçün viza rejiminin sadələşdirilməsi ilə bağlı qanun layihəsi hazırlanmalı idi. Bu hansısa müsbət nəticələr verdi?
- Təbii ki, problemlər hər zaman var. Əvvəllər viza almaq qaydalarında bəzi problemlər vardı. Tədricən online viza rejiminin tətbiqinə başlanılır. İlkin olaraq ABŞ vətəndaşları üçün tətbiq olundu. Bu sistemin tətbiqi Azərbaycanın turist axınına müsbət təsir göstərəcək. Mən fürsətdən istifadə edib Fransa, İtaliya, Cənubi Koreya, Çexiya, Malayziya, Özbəkistandakı səfirliyimizə minnətdarlığımı bildirirəm ki, onlar hər zaman bizim turizmçiləri dəstəkləyirlər. Bir turizmçi kimi ölkəyə nə qədər çox turist cəlb etməyi düşünsəm də ən əsas məsələ Azərbaycanın təhlükəsizliyidir. Turizmin inkişafını ləngidən amillərdən biri də Qarabağ məsələsidir. Xaricilər həmişə deyirlər ki, sizdə Qarabağ problemi var, müharibə var və sair.

- Bəs əcnəbi turistlər ən çox hansı bölgələrimizə səfər edir?
- Bayaq qeyd etməyi unutdum, bizdə Lerik rayonunda “uzunömürlülər marşrutu” var. Orda 128 yaşı olan insanlar var. Turistə maraqlıdır 3 əsrə yaxın yaşayan birinin həyata baxışı, dünya görüşü necədir. Onlar Nikolaydan, Stalindən danışırlar. Bu, bir turizm məhsuludur. Quba-Xaçmaz regionu, Şəki çox ziyarət edilir.

- Elə bölgələrimiz var ki, turizm potensialı yüksəkdir, lakin turist axını zəifdir. Bir turizmçi kimi həmin bölgələrə turistləri cəlb etmək üçün nəzərdə tutduğunuz layihələriniz var?
- Məsələn Gəncəbasar zonasını bura aid edərdim, Balakən-Zaqatala-Qax təbiətinə görə çox möhtəşəmdir, lakin orada mehmanxana, mehmanxana tipli obyektlərin sayı azdır. Turizm imkanları zəifdir. Bakı və Xaçmazdan sonra Qəbələ və Masallı mehmanxanaların sayına görə əsas yerlərdədir.

- Siz həm də “Skal İnternational” Bakı Tourism Professionals Assosiasiyasının prezidentisiniz. Təşkilatın əsas işi nədən ibarətdir?
- “Skal İnternational Bakı” Türkiyə Skalının dəstəyi ilə yaradılıb. Beynəlxalq təşkilatdır. 75 illiyini 2009-cu ildə Budapeştdə qeyd etdik. Dünyada 22 min üzvü, 100 ölkə və 700 təşkilatdan ibarətdir. Bu təşkilatlar dünyanın turizm şirkətləri rəhbərləri, aviakompaniya rəhbərləri, mehmanxana direktorları, nəqliyyat şirkətlərinin rəhbərləri, bu sahəyə aidiyyatı olan elmi-tədqiqat mərkəzlərinin rəhbərləri birləşiblər. Məqsədimiz bu təşkilatlar vasitəsilə Azərbaycanın turizm imkanlarının təbliğatını həyata keçirməkdir. Bayrağımız da Qız qalası və Azərbaycan kəlməsi ilə təsdiqləndi. Türkiyə həmin konqresdə Azərbaycanla bağlı 4 təqdimat həyata keçirdi və bizi həmin təşkilatın tamhüquqlu üzvü kimi qəbul etdilər. Ən azı dünyanın 112 ölkəsinin iştirak etdiyi konqresdə Qız qalasının əksi və Azərbaycan sözləri yazılan bayrağımız dalğalandırıldı. Bu məni bir vətənpərvər kimi çox sevindirir. Keçmiş MDB məkanında da ilk olaraq Azərbaycanda yaradıldı bu təşkilat və koordinasiya mərkəzi Azərbaycan oldu.

Səidə