“Niyə prezidentin bunlardan xəbəri yoxdur?..” - Müsahibə

niye-prezidentin-bunlardan-xeberi-yoxdur-musahibe
Oxunma sayı: 872

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlunun “Qafqazinfo”ya müsahibəsi

- Sizinlə söhbətə başlamazdan əvvəl dediniz ki, son vaxtlar daha çox çəkməyə başlamasınız. Siqareti belə artırmağın xüsusi səbəbi var, yoxsa elə belə?..
- Mən uzun illərdir ki, dostların yanında çəkmirdim. Evdə tək olanda çəkirdim.
Söhbət qəlyandan gedir. Mən siqareti çoxdan atmışam. Hardasa 20 ilə yaxındır ki, siqaret çəkmirəm. Son günlər isə tempi artırmışam. Artıq görürsünüz ki, sizin yanınızda çəkirəm. Əvvəlki tempə qayıdıram.


- Niyə?

- Bilmirəm, 3-4 gündür belədir.


- Bu son günlər ölkədə baş verənlər, gərginliyin artması ilə bağlı ola bilərmi?

- Gərginlik azalmamışdı axı, hər zaman var idi. Sadəcə olaraq, indi bir müstəvi üzrə daha çox hiss olunur. Azərbaycanda gərginlik həmişə olub. Azərbaycan o dərəcədə qəribə ölkədir ki, hər şeyi var, amma heç nəyi yoxdur. Son model maşını olan adam var, ancaq o adam həmin maşını sürməyi bacarmır. Kefi istəyir yolun ortasında maşını saxlayır, işıqlarını yandırır, vəssalam. Onun kefi istəyirsə, getdiyi yerdə həmin sürətlə də dönə bilər. Azərbaycan bu gün belə idarə olunur. Hər şeyi əlindədi, hər şeyi var, amma heç nəyi normal idarə olunmur.


- Bu günlərdə mən Facebook-da bir status gördüm, bir az da bəyəndim doğrusu. Yazılmışdı ki, Azərbaycandakəı hər şey qaydasız döyüş səhnəsini xatırladır. Zərbə haradan gələcək, necə gələcək? Heç bir məsafə gözlənilmədən, heç bir ölçüyə riayət olunmadan adamı vururlar.

- Qaydasız döyüşün də qaydası var axı. Qaydasız döyüşə çıxan adam bilir ki, bu qaydasız döyüşdü. Bilir ki, burada hər cür zərbə gözləmək olar. Burada görürsən, qanunlar var, yalan-doğru Milli Məclisin binası var və s. Belə şeylər var.


- Siz bayaq dediniz ki, ağırlıq indi bir müstəvidə çoxalıb, amma əvvəldən elə bütün müstəvilərdə vəziyyət ağır olub. Bu situasiya, bu gərginlik nə vaxta qədər gedə bilər? Yəni, bu elə belə də davam edə bilərmi?

- Bu, iki halda dayana bilər. Birincisi xalqın məsələyə münasibəti ilə. İnsanlar qalxıb, etirazını bildirir və bunlara dur deyir.


- Məncə buna ümid etmək yersizdir.

- İkincisi isə İlham Əliyev şəhərdən kənarda olan iqamətgahından mərkəzə gəlib, özü baş verənlərə dur deyir. Təbii ki, onun yüzlərlə informasiya mənbəyi var. Bütün reallıqları öyrənə qiymətləndirə bilər.


- Bu variantlardan hansı real görünür?

- Birinci varianta siz ani reaksiya verdiyiniz kimi, mən də ikinci varianta elə reaksiya verirəm ki, bu hələ mümkün olan şey deyil. Nə üçün? Azərbaycanda indi yürüdülən siyasətin məqsədi ayrıdır. Bu gün ölkədə “Azərbaycan türklərindən intiqam almaq” siyasəti yürüdülür. Bu siyasət açıq-aşkar dövlət səviyyəsində həyata keçirilir.


- Ağa, ölkədə olan siyasi vəziyyət hamımıza məlumdu. Dediyiniz iki variant
konkret variantdır, məsələyə ya prezident qarışmalıdır, ya da xalq. Variantların heç biri də real görünmür. Axı belə də davam edə bilməz...

- Siz variantların heç birinə inanmırsınız. Bəs kim dəyişəcək vəziyyəti? Sarkozi gəlib Azərbaycandakı vəziyyəti düzəldəcək? Yoxsa, Puqaçov xortlayıb gələcək? Bunu mütləq və mütləq Azərbaycan vətəndaşı etməlidir. Bizi dinləyən yoxdur, söhbət cəmiyyətdən gedir. Mən şəxsən, özümü və mənsub olduğum partiyanı demirəm. Bizi o mənada dinləyən yoxdur ki, biz dərdimizə özümüz çarə qılmalıyıq. İnsanlar qalxıb öz haqlarını müdafiə etməlidirlər. Daşaltı döyüşündən çıxan insanlardan biri o gün mənə zəng edib deyir ki, mən nə vaxta qədər belə olacam? Ayın otuzudur ancaq hələ pensiya almamışam. Deyir ki, bu onun, öz ifadəsidir - “mənim pensiyam da insan payı deyil, başqa paydır. Bunu da vaxtında vermirlər. Mən 80 manatlıq dərman almışam, əczaxanada tanışım var ona görə veriblər. Nə olacaq? Bu nə qədər davam etməlidir?” Axı mən o döyüşçüyə nə cavab verməliyəm. Bu gün ölkədə başqaları nə qədər istəsə saxta yolla qazanır. Ən böyük saxtakar isə Misir Mərdanovdur. Gör ölkə nə günə qalıb ki, Misir Mərdanov saxta diplomlar axtarır. Təhsil millətin gələcəyidir deyə, məhz gələcəyi məhv ertmək üçün Misiri qoyublar bu vəzifəyə. Bunların kadrları çox unikal kadrlardır, dünyada analoqu olmayan kadrlardır. Üzr istəyirəm, vəziyyət o dərəcədədir ki, bir mərhələdə, bir yerdə, bir struktura rəhbərlik edən şəxs rəhbərlik etdiyi bütün insanların namusuna təcavüz edir, ailələrinin namusuna təcavüz edir, onlar da susurlar, çox qəribədir. Şəhərə baxırsan, deyirlər ki, şəhərdə inkişaf var. Bir yerdən o biri yerə getmək mümkün deyil, ancaq adını inkişaf qoyublar. Gəlin 30 il bundan əvvəlki Bakı ilə indiki Bakını müqayisə edək... Nə var, nə var kimsə gəlib bizə deyəcək ki, şəhəriniz inkişaf edib. Bakı simasını dəyişib, simasızlaşıb. Hər kəsin burada emblemi var, başqa millətlərin, başqa dövlətlərin, başqalarının afişaları var, reklamları var, bir Azərbaycanın özünün yoxdur, bir Bakının özünün yoxdur. Bir-iki yeri saxlayıblar vəssalam. Nə qədər olar bu belə? Şəhər bütünlükdə yəhudilərin simvolları ilə, iudaizmin simvolları ilə doludur. Niyə? Bakı yəhudi şəhəridir? Bakı xristianlığın, Avropanın simvoluna çevrilməkdədir. Biabırçılıqdır. O qədər problem var ki, hansını deyəsən?


- Problem var, amma ölkədə müxalifət də var axı.

- Ölkədə ən böyük müxalifət xalqın özüdür. Bu gün Azərbaycanda ən böyük müxalifət xalqdır. Amma, bu təşkil olunmamış müxalifətdir. Bu xalqa elan edirlər ki, bir aydan sonra, yeni ildə sənin maaşını artıracağıq. Amma maaş artımından bir ay qabaqdan metroda qiymət 33% artıb. Xalqın da kefinə deyil.


- Mənim üçün maraqlıdır ki, siz bu xalqa necə müxalifət deyirsiniz ki, onlar metroda qiymətin artmasına etiraz etmək əvəzinə kartı götürüb, iki gün sonra artacaq qiyməti qabaqlamaq və heç olmasa? beş manat qabağa düşmək üçün növbəyə düzüldülər.

- Bir dəfə benzinin qiymətinin qalxacağı ilə bağlı xəbər çıxanda da belə hadisə baş vermişdi.


-Yəni, xalqın tədbiri bu cür olur?

- Baxın, sizin kiçik bir kollektiviniz var, siz onu idarə edirsiniz, amma böyük işlər görürsüz kiçik kollektivlə. Burada bir nizam-intizam var. Bu sizin xarakterinizə və tərbiyənizə uyğun idarəetmədir. Deməli, xalq da yavaş- yavaş onu idarə edənlərin tərbiyəsinə, mənəviyyatına, siyasətinə və hətta onların özünə oxşamağa başlayıb. Başda oturanlar necə yığır-yığışdırır milyardları... Xalq da onlara baxır və düşünür ki, cəhənnəm heç olmasa 100 də qənimətdir. Yaxud da ki, bir bak benzin qabağa düşməyi qənimət bilir.


- Yəni, cəmiyyət bu qədər sadəlövh şəkildə davranır...

- Xalq hələlik çıxış yolunun bir neçə gediş haqqı qazanmaqda görür, nəinki Tağı Əhmədova qarşı mübarizə aparmaqda. Tutaq ki, bu gün Bakının kəndlərindən biri olan Kürdəxanını sel yuyub aparır. Lakin heç kəsin vecinə deyil. İnsanlar da bu düşüncədədir ki, prezidentin bundan xəbəri yoxdur. Niyə xəbəri yoxdur? Niyə xəbər vermirlər? Niyə eyni yerdən alternativ informasiya mənbəyi yoxdur?


- Məsələn, bir neçə gün əvvəl Bakı şəhəri iflic olub, quşbaşı qarın əlində qalanda da deyirdilər ki, ölkə başçısının xəbəri yoxdur, yoxsa bunların dərisinə saman təpər...

- Bakı quşbeyin adamların əlində tıxaca düşdü, quşbaşı qarın yox. Əgər baş verənlərdən xəbəri yoxdursa, deməli, hörmətli İlham Əliyev öz yerində deyil. Yerindədirsə, niyə xəbəri yoxdur? Əgər xəbər vermirlərsə, onda xəbər verməyənlər niyə cəzalanmir? Burada çox qəribə bir şey var ki, sanki bütün komanda bir-birindən asılı vəziyyətdədir. Birinci hamıdan, hamı birincidən. Sanki hamı bir-birinə borcludur, gözü kölgəlidir. Bu pullar bu cür xərclənir, əslində büdcə talanır. Neftdən gələn pullar Azərbaycana gəlmir, gəlirsə də tamam başqa məqsədlərə istifadə olunur. Bir küçə düzəldirlər ki, çölü bəzək, içi təzək. Millət dilənçi və səfil günündədir. Bütün bunların hamısı dözülməz vəziyyətdir və mən inanmıram ki, bu vəziyyətdən İlham Əliyevin xəbəri yoxdur. Niyə tədbir görülmür o ayrı məsələdir, onu artıq mən bilmirəm. Bunu ehtimal edə bilərik. Hər halda bu məsələlərə özü aydınlıq gətirməlidir. Azərbaycandakı kadrlar dünyanın heç bir yerində yoxdur ki, hər kadr yalnız və yalnız milləti necə sümürmək haqqında düşünür. Bir adamın məsuliyyəti yoxdur, bir adamın hesabatı yoxdur. Hərə öz hayındadır, heç kəs heç kəsin kitabını oxumur.


- Bəs onda nəyə görə Avropa böhranla, Şərq isə üsyanla çalxalandığı bir vaxtda Azərbaycanda ictimai-siyasi sabitlik elə bir həddədir ki, milçək uçsa vızıltısı eşidilər.

- Göydən min bəla gəlsə biri bizdən ötə bilməz. Hər şey gəlib axırda bizim başımızda çatlaya bilər. Lakin sizin dediyiniz məsələ belədir ki, bizim varımız dövlətimiz o qədər çoxdur ki, bütün dünyanı aldatmağa kifayət edir. Amma bütün dünyanı, burada maraqlı olanları, inqilabi proseslərdən tutmuş təbii proseslərə qədər... Şərqdə və qərbdə olan proseslərdən yan keçirməkdən ötrü o qədər rüşvət verirlər ki... Şükür Allaha bu qədər qaz var, neft var, verirlər. Millətin payından, dövlətin payından onların arzu və istəklərinə uyğun ödəyirsən və məsələlər də doğurdan yan keçir. Məsələlər o dərəcədə primitiv yerinə yetirilir ki... Amma dünyanın mizan tərəzisi başqadır və bizə gülürlər. Hətta bizim pulumuzdan yararlananlar bizə, bu ağlımıza gülürlər. Bu gerizəkalılığı lağa qoyurlar ki, bu cür də olmaz da. Amma sən demə olur.


- Yəni, üsyandan, böhrandan bu yolla yayınmaq olar?

- Bizim sərvətimiz, bizim milyardlarımız ildırımötürən, inqilabötürən, böhranötürən, infilyasiyanı ötürən rolunu oynayır. Bilirsinizmi Azərbaycan dövləti nə qədər pul ödəyir ki, milyardlar ödəyir ki, manatın məzənnəsini saxlasın? Bu hakimiyyətin bəzi insanları var, onlarla təmasda olursan xeyirdə, şərdə, bu zaman onlar da bizə gülürlər. Bizim açıqlamalarımıza gülürlər, bizə deyirlər ki, siz nə bilirsiz ki, sizin bildikləriniz və danışdıqlarınız boş şeylərdir.


- Və düz deyirlər.

- Əlbəttə, düz deyirlər, rəqəmi bilirlər axı, onlar bilirlər ki, mənimsəmə nə qədərdir, hansı işi necə aparırlar.


- Bir sözlə belə qənaətə gəlmək olar ki, vəziyyət ağırdır.

- Vəziyyət ağırdan o tərəfədir, kritikdir. Buna reaksiya isə adekvat deyil.


- Müşahidələr belə deməyə əsas verir ki mövcud kirtik durum hələ davam
edəcək.

- Belə görünür, amma bunun sonu var, mütləq və mütləq sonu var.


- Mən nədənsə inanmıram.

- Əlbəttə, mütləq var. O dərəcədə sonu var ki, onları özləri də dəqiq bunun vaxtını bilirlər. Məsələn, Sarkozinin dünya siyasətindəki mövqeyinə baxın. Hələ bircə Sarkozini deyirəm. Qafqaza səyahət edir, İrəvanda nə danışır, Gürcüstanda nə danışır, Azərbaycanda nə danışır. Onlara münqaişənin kompramis yola həll olunacağını deyir, çünki onlar bu sözü eşitmək istəyirdilər. Sarkozi İrəvana və Bakıya nə istədilərsə, onu da verdi. Onlara Qarabağla bağlı söz, bizimkilərə orden-medal. Əslində kor-kor, gör-gör bu bütövlükdə belədir. Dünya bizə bax belə baxır. Biz problem həll edə bilmərik? Edərik, deməli istəmirik, istək yoxdur. İkincisi, biz Azərbaycanı hazırkı vəziyyətdən çıxara bilmərik? Çıxararıq. Mən axırıncı günlər bir neçə rayonda olmuşam, bir neçə istiqaməti çıxmaqla bütün yollar tamamilə darmadağındır. Çoxdan idi ki, getmirdim, Beyləqan, İmişli, Saatlı, Sabirabadda oldum. Ümumiyyətlə, orada avtomobil hərəkəti yoxdur, mümkün deyil. Elə yer var ki, saatda 10-la, 20- ilə maşın sürürsən. Bir azdan da yollar açılacaq, olacaq Bakı-Şamaxı yolu kimi, açılışdan bir ay sonra batacaq, dağılacaq. Bunun səbəbini soruşan olmalıdır, amma yoxdur. Milli Məclisi büdcə müzakirə edirlər. Burada öz adamlarına belə imkan vermirlər ki, söz desinlər, doğru-dürüst təhlil etsinlər, təklif desinlər. Bu gün Azərbaycanda heç kəs heç kəsi saymır.


- Mən belə başa düşdüm ki, siz fikirləşirszi ki, biz oturub qiyamət gününü
gözləməliyik.

- Qətiyyən.


- Yəni, bunların qiyamətini...

- O da qətiyyən yox. Bunu gözləmək doğru deyil. Burada bir yerdə olub, çəkici bir nöqtəyə vurub, vahid mövqedən çıxış eedib, iş görmək lazımdır.


- Bunu da edə bilmirik.

- Nə üçün edə bilmirk? O adamlar ki, hakimiyyətin ömrünü uzatmaq istəyirlər, hakimiyyətə çalışırlar, bunlar həm də daxildən gələ biləcək zərbələri də zərərsizləşdirə bilirlər axı. Yalanlarını, paralarını zərərsizləşdirə bilirlər. Dedi-qodu sala bilirlər, insanları bir-biri üçün çalışdıra bilir. O bir cür açıqlama verir, mən başqa cür açıqlama verirəm. Qarşıdurma yarada bilirlər. Bunu edə bilirlər. Biz baş verənlərin fövqündə dura bilmirik. Müxalifət olaraq bir araya gəlib bir iş görə bilmirik. Azərbaycan tilsimli dairədədir, bütün cəmiyyət də belədir. Fikir verin, hamı tıxacda qalır, lakin heç kəs səsini çıxartmır. Hamı bir-birinə qışqırır. Heç kim soruşmur ki, bunun səbəbkar kimdir, nədi? Deməli təşkilatlanmalıyıq. Biz cəmiyyət olaraq da, müxalifət olaraq da iqtidarın öz taktikasıyla və onun özünün tərbiyəsinə uyğun siyasət yeritdiyimizə görə heç nəyə nail olmuruq. Bu taktika mütləq dəyişilməlidir. Sən gözlə ki, onlar nəsə addım atsın, sən də onu tənqid et, belə olmaz.


- Azərbaycanda son günlər iki tanımış Rafiqə qarşı xoşagəlməz hadisə bas verib.

- Birini işdən götürdülər, birini aradan götürdülər.


- İzəliyrsiz yəqin ki, prosesləri. Necə qiymətləndirirsiz?

- inancımıza görə Rafiq Tağıya “Allah rəhmət eləsin” deməliyik. Lakin bu cür təqdim olunur ki, o, atesit idi, açığı mən onda bir ateistlik görməmişdim. Səhvləri ola bilərdi. Onun qətlini İranın, ya da başqa ölkənin üstünə atmaq doğru deyil. Azərbaycan hakimiyyəti bu hadisəni aça bilmirsə, yaxud istəmirsə, bu, dövlətçilik psixologiyasından uzaq olmaq, onun əlifbasını bilməmək deməkdir. Vətəndaşın öldürülüb, vəlvələdən, zəlzələdən dəxli yoxdur, o, qətlə yetirilib. Bu hadisəyə dövlət səviyyəsində bəyanat verməklə işi bitirmək olmaz. Bəyanatı ailə verər, təşkilat verər, bizlər veririk, hay-küy salırıq ki, belədir. Aidiyyatı orqanlar, prokurorluq öz işini görməlidir. Və ortalığa ən qısa zamanda sübut qoymalıdırlar. Azərbaycan hakimiyyəti bunu etmir. İstəmirmi, bacarmırmı və s. Bunlar ayrı-ayrı məsələlərdir. Onu açmaq əvəzinə ağzıgöyçəklər deyir ki, 90-cı illərin əvvəllərində biz yata bilmirdik, küçəyə çıxa bilmirdik. Bədbəxt oğlu bədbəxt sənin indi generalını, akademikini, tələbini qətlə yetirirlər e. Ölkədə baş verən bu və üstü açılmayan belə qətlləri istənilən qədər saymaq olar. Bu Azərbaycanda idarəolunmaz vəziyyətin göstəricisidr.
Rafiq Əliyevlə bağlı məsələ isə də sadaladıqlarımızdan kənar deyil. Adamın dostu axmaq olanda ona düşmən lazım deyil. Belə komandası olan iqtidara müxalifət lazım deyil.
Rafiq Tağının qətlinin üstünü aça bilməyən hüquq-mühafizə orqanı elə böyük müxalifət deməkdir. Yenə də deyirəm ki, bütün bunlar Azərbaycan hakimiyyətinin idarəolunmaz hala gəldiyinin göstəricisidir. Dağıntı ərəfəsidir. Sonun başlanğıcı deyil, başlanğıcdan keçib. Özləri də bilirlər ki, belə yanaşmaq olmaz, bu insani idarəetmə deyil. Bu, bir bioloji varlığın mübarizəsinə oxşayır, heyvanı münasibətdir. Onun qoruğuna girmək olmaz, bu qoruq iribuynuzlular üçündür. Cəmiyyət yavaş-yavaş bu məsələnin fərqindədir.


- Rafiq Tağıyla bağlı sizin münasibətiniz mənim üçün marqlıdır. Əvvəldə də
dediniz ki, onun atesit olduğuna inanmırsız.

- Onu xüsusi dedim. Amma onun səhvləri var.


- Bu məsələyə münasibət bildirməyinizi istəyirəm. Bu günlərdə onun çox
mübahisəsi gedir. Bu qətl insanları iki cəbhəyə bölüb.

- Mən o mövqe ilə rastlaşmışam ki, insanlar iki cəbhəyə bölünüb. Əslində Azərbaycan dinsiz cəmiyyətdir. Dindarlar məni bağışlasınlar, kifayət qədər saf, müqəddəs dindarlarımız var, amma Azərbaycan imansız cəmiyyətdir. Özünə dindar deyən adam Tehrandan fətva gözləyirsə, o dindar deyil, getsin öz işinə. Dövlət olaraq vəziyyətimiz o qədər gərgindir ki, vətəndaşımızın öldürülməsini Tehranda az qala bayram edirlər, hətta bəzi ayətullahlar deyirlər ki, bu ölməli idi, öldü. Bunlar əslinə o qədər kamil iman sahibi olmadıqlarını da göstərirlər. Birbaşa İran İslam Cümhuriyyətinin vətəndaşları da, ayətullahları da, molla rejiminin özünün də içərisində kafa sahibi, qabiliyyət sahibi olanlar var. Hətta onların özləri də bütün qabiliyyətlərini, imanlarını siyasətə qurban verirlər. O məsələ itib. Burada da imanla, dinlə siyasətin sərhəddi qorxaqlıqla qəhrəmanlığın sərhəddi kimidir. Tük qədərdir. Rafiq Tağı sovet vətəndaşı olub. Sovet vətəndaşları içərisində dinə meyilli olanlar kifayət qədər olublar, birmənalı olublar. Amma kifayət qədər atesit də olub, hətta indi bəziləri mollalıq edə bilir. Burada ciddi baxılmalıdır. Buna qətl olaraq, insan ölümü olaraq yanaşılmalıdır. Bunu
bilərəkdən kökləyirlər ki, dindarlarla ateistlərin davası olsun və cinayətkarı tapmaq məsuliyyətini inzibati orqanlar daşımasın, məqsəd budur. Bu da bizimkilərin siyasətidir. Desinlər ki, peyğımbəri söymüsən, təhqir etmisən, bunlar da belə olub. Hətta məhkəmən də olub. Bir azdan müqayisə də edəcəklər. İranda gənclər gedib İngiltərə səfriliyini dağıtdılar, guya ki, hüquq mühafizə orqanları onun qarşısını ala bilmədilər. Yalansa dədəsinə lənət, bəyəm özü təşkil etməmişdi onu? Özü çağırdı, 6 saatdan sonra da nöqtə qoydu ki, olmaz. Çətin idi onun qarşsını almaq? Xeyr, sadəcə məqsəd var idi. Eləcə də bu məsələ. Azərbaycan da bu məsələyə məsuliyyətlə baxmalıdır. Onun vətəndaşını öldürüblər. Onun vətəndaşı oğru idi, quldur idi, ateist idi, imansız idi, molla idi, imanlı idi, axund idi, siyasətçi idi, alim idi dəxli yoxdur, onun vətəndaşıdır. Bununla da nəyəsə nail olmaq mümkün deyil. Əvəzində daha kəskin, daha radikal söz deyən insanlar olacaq, yazılar yazılacaq. Rafiq Tağı öldürülməklə məsələ bir az qəlizləşəcək.


- Deyirlər ki, Rafiq Tağı peyğəmbəri təhqir edib. Lap tutaq ki, edib. Buna görə adamı öldürərlər?

- Yox, insanı öldürmək ən böyük günahdır. Mən Rafiq Tağı ilə cəmi iki dəfə məclislərdə rastlaşmışam. Həbs olunda da dərinə getməmişəm, baxmamışam ki, o, nəyi necə yazıb. Hesab etmişəm ki, o, düz etməyib. Amma, ona görə adamı öldürmürlər. Allah insanı elə yaradıb ki, bir insanı nahaqdan öldürmək, İslama görə bütövlükdə insanlığı öldürmək qədər günahdır. Məhəmməd peyğəmbər deyir ki, alim öldü, aləm öldü.
Təbii ki, söhbət bəşərə, dünyaya xidmət edən alimdən gedir. İnsanın ölümü bu dərəcədə ölçülür. Qonşu İranda belə məsələlər əhəmiyyət kəsb etmir. Ona görə də mən həmişə deyirəm ki, İran Anti-islam Cümhuriyyəti. İranın islama az aidiyyatı var, onun adı islmadır. Əgər insanı öz dilində danışmağa qoymurlarsa, məktəbi yoxdursa, özü də əhalinin böyük əksəriyyəti, 50%- dən çoxudursa, bu elə Allahı inkar deməkdir. Allah verib bu dili. Peyğəmbər özü heyvan doğulandan sonra gələn ət parçasını onun başına atanları, ayağının altına tikanlar atanları, bütün bunların hamısını səbrlə, dözmlə qarşılayırsa, onların ölümünə fərman vermirsə, siz kimsiz ki, belə fətva verirsiz...
Bu cür doğru deyil.


- Mən səhər sizə zəng edəndə dediz ki, bu gün cümə olduğuna görə işim var,
oğlumu ziyarət etməyə gedəcəm.

Elə dedim, bəli.


- Mən sizlə danışandan sonra bir az təəccübləndim. Fikirləşdim ki, sizin
oğlunuz dünyasını dəyişdiyi bir neçə ildi arıtq...

- İki ildir, bu il ikinci ili tamam oldu. O birinin isə 20 ili tamam oldu.


- Hər cümə gedirsiz?

Yox, çoxdandı getmirdim, sadəcə nəzərdə tutmuşdum. Daha doğrusu bazar ertəsi getmişdim, amma anasını da aparmalıydım.


- Bu bazar ertəsi.

- Bəli, cümə axşamı idi, anasına da söz vermişdim ki, aparacam.


-Deməli, tez-tez gedirsiz.

- O elə bir şeydir ki, sırf insani məsələdir, mən onu tez-tez ziyarət edirəm. O mənim dostumdur, təkcə oğlum deyil. Biz həm də dost idik. Amma anası çoxdan idi getmirdi, ona görə getdim. Özüm iki gün ondan əvvəl ziyarət etmişdim. Əvvəllər daha tez-tez ziyarət edərdim, hətta həftədə bir neçə dəfə. İndi artıq özüm planlaşdırıram. Demirəm artıq ayda, ya da həftədə neçə dəfə. Nə vaxt söhbət etmək istəyirəmsə, gedirəm.
Əslində bu şəxsi məsələdir, amma bilmək istəyirəm nə deyirsiz? Onu Allah vermişdi, bir əmanət vermişdi, Allah da aldı. Kimsə də məni kövrələn görmədi. Minlərlə adam vardı ki, dəfn mərasimində sona qədər iştirak etdilər. Dostlarım, silahdaşlarım, Azərbaycanda olan bütün tanınmışlar, Allah hamısına şadlıq qismət eləsin. Amma, axır vaxtlar bilmirəm niyə meyllənirəm, gedirəm. Bəlkə də yaxınlarda görüşəcəyik ona görə. Bilmirəm
nədirsə, söhbət edirəm, söhbətlərimi yazıram. Elə bilirəm ki, uzaq bir səfərdədir və biz haçansa görüşəcəyik. Çatdırmaq istədiklərimi qeyd edirəm, yazıram. Ola bilsin ki, vaxtım olar çap edərəm, ola bilsin ki, vaxtım olmaz, qalar orda. Onunla mən hər şeyi bölüşürdüm. Ona çox perspektivli baxırdım. Onun böyük qardaşı ilə yaş fərqi çox idi. Qardaşı 1980-ci il təvəllüd idi, bu, 1993-cü ilin fevralı idi. O, mənimlə bir yerdə Azərbaycanın bütün kəndlərini gəzmişdi. Naxçıvandan tutmuş Dərbəndə qədər hara getmişəmsə, orada olub. Belə hesab edirdim ki, o, geniş götürsək, oğlumun xətrinə dəyməsin az qala varis idi. Görüb götürürdü, məsləhətləşirdik. Onunla yaşına uyğun olamayan təhlillər aparırdım, o da mənə suallar verirdi. Onu bu günkü siyasi partiyaların rəhbərliyində olan hər adam tanıyırdı, o da hər adamı tanıyırdı. Ya özüm tanış edirdim, ya da özü tanış olurdu. Qeyri-adi sevimli idi, dost idi. Bu həm də dost itkisidir. Bədbin, xüsusi kövrəldici söhbətlərim olmur onunla.


- Neçə yaşınız var?

- 55 oldu, 56-nın içindəyəm.


- Amma, oğlunuzla görüşməyə niyə tələsirsiniz?

- Tezi, geci biz bilmirik ki, ona Allah qərar verir. Mircəlil məndən ayrılandan 7 dəqiqə sonra keçindi. Uzun ömürlü insanılarımız da olub, çox qısa yaşayanlar da olub. İki oğlumu yeniyetmə yaşında itirmişəm və düşünmüşəm ki, Allah bilən məsləhətdir.
Mən özüm də hər zaman Allahla görüşə hazıram. Allah qismət edər kəlmeyi-şəhadətimi deyərəm, eləməz, dilim tutular, o başqa məsələ.


- Oğlunuzla görüşmək istədiyinizi dediniz, maraqlıdır, görüşsəniz nə deyərsiz?

- Bilmirəm, bəlkə də o, məsumdu deyə onun mərtəbəsinə getməyə yol çox çəkər. O tərəfləri bir az bilirəm axı... Ani görüş yoxdur. Mərhələlər var, əcdadlarımızla ani olaraq görüş yoxdur.


- Deyək ki, mərhələləri keçdiz və görüşdüz. Sizin söhbətimizin necə olacağını bilmək istərdim.

- Mənə elə gəlir ki, “xoş gəldin” deyəcək. Axırıncı telefon danışığımız da belə olmuşdu. Gərgin bir gün idi, mən Bakıda bir toyda oldum, sonra Maştağada dostumun, Hacı Zakirin oğlunun ilində oldum, oradan gəldim Bakıda toya, sonra getdim İsmayıllıya toya, Bakıdakı toydan sonra. Özü də eyni maşınla. İsmayıllıda toy çox ləzzətli idi. Toydan çıxdıq, mübarək olsun dedik. Gecə saat 3-ün yarısı idi, mənə zəng elədi. Həmişə mənə deyərdi ki, gəlmirsiniz? Deyirdim ki, mənə sən de, yenə deyirdi ki, gəlmirsiz? Deyirdim ki, gəlirsən de. O, məndən soruşanda saata baxdım və dedim ki, sənyatmamısan hələ? Dedi ki, yox sizi gözləyirəm. Dedim sən yat, mən də gəlirəm. Bu, axırıncı gecə söhbəti olub aramızda. İndi mən oğlumla görüşəndə birinci onun sualına cavab vərəcəm yəqin ki... Deyəcəm ki, gəldim...