Nizamidə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində tədbir keçirildi - Fotolar

nizamide-sehersalma-ve-memarliq-ili-cercivesinde-tedbir-kecirildi
Oxunma sayı: 683

Nizami Rayon İcra Hakimiyyətinin və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində aprelin 14-də “Ulu Öndər Heydər Əliyev və Azərbaycanın memarlıq irsi” mövzusunda tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə qonaqlar, Milli Məclisin deputatları, tanınmış memarlar, habelə geniş rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

İlk öncə tədbir iştirakçıları “Ulu Öndər Heydər Əliyev və Azərbaycanın memarlıq irsi” mövzusunda foto-sərgi ilə tanış olublar.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, eləcə də Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə “Ulu Öndər Heydər Əliyev və Azərbaycanın memarlıq irsi” video-filmi nümayiş olunub.

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Read Qasımov, Milli Məclisin deputatları Könül Nurullayeva və Aydın Hüseynov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin professoru Sabir Məmmədov tədbirdə çıxış ediblər.

Qeyd olunub ki, Azərbaycanın şəhərsalma və memarlığının inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Tarixən təşəkkül tapmış Azərbaycan şəhərlərinin və bütöv şəhərsalma sistemlərinin qorunması ilə bağlı Ulu Öndərin təşəbbüsü əsasında vacib qərarlar qəbul edilmiş, tədbirlər həyata keçirilmiş, şəhərlərdə memarlıq abidələrinin bərpası üzrə planlı iş aparılmış, memarlıq və şəhərsalma fəaliyyətinin davamlılığını təmin edən institusional təsisatlar qurulmuşdur.

Memarlıq abidələrini xalqımızın qədimliyinin sübutu və tariximizin daşlaşmış yaddaşı, memarlıq sənətini isə Azərbaycan xalqının mədəniyyətini, zövqünü, mənəviyyatını özündə əks etdirən çox qiymətli bir sahə hesab edən Ümummilli Lider Heydər Əliyevin memarlıq irsi müasir Azərbaycanın simasını müəyyənləşdirən böyük bir quruculuq məktəbidir.

Vurğulanıb ki, milli memarlığa Ulu Öndərin fenomenal qayğı ənənəsi bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Xüsusilə erməni işğalı nəticəsində dağıdılan şəhər və kəndlərimizin yenidən qurulması, tarixi-memarlıq irsimizin bərpası geniş vüsət alıb. Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması çağdaş tələblər səviyyəsində, yeni texnologiyaların, şəhərsalma standartlarının və memarlıq formalarının tətbiqi ilə gerçəkləşir. Abidələrin ilkin siması özünə qaytarılır, məhz dünənlə bu günün arxitektura vəhdətində XXI əsrin yeni Azərbaycan kənd və şəhərlərinin obrazı yaradılır. Qürur doğuran bu milli təəssübkeşliyin kökündə isə Ulu Öndərin milli-mənəvi dəyərlərimizə, maddi mədəniyyətimizə böyük məhəbbəti dayanır.

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) 2026-cı ildə Bakıda keçirilməsi qərarı isə Azərbaycanın dayanıqlı şəhərsalma və qlobal urbanizasiya sahəsindəki artan rolunun, habelə beynəlxalq nüfuzunun təsdiqi, eyni zamanda ölkəmizin uğurlu şəhərsalma siyasətinin və dayanıqlı inkişaf töhfələrinin yüksək qiymətləndirilməsidir.