O gün gəldi! - 34 il 21 gün sonra...

o-gun-geldi
Oxunma sayı: 3485

5 fevral 2026-cı il. Tarixi ədalətin bərqərar olacağı gündür. 8 Noyabrda döyüş meydanında qazandığımız Zəfəri necə qürurla qeyd ediriksə, bu gün də hüququn və ədalətin qalib gəldiyi gün kimi yadda qalacaq.

“Qafqazinfo” xəbər verir ki, bu gün Azərbaycanda keçirilən “Nürnberq prosesi” yekunlaşır. Sülh və insanlıq əleyhinə ağır cinayətlər törətməkdə ittiham olunan erməni əsilli şəxslərin hökmü artıq hazırdır.

Arayik Harutyunyan başda olmaqla, əli azərbaycanlıların qanına batmış bu şəxslərin tutulub ölkəyə gətirildiyi günü cəmiyyət necə qürürlu və sevincli qarşılamışdısa, bu gün də hamı eyni qətiyyətlə bir məqam gözləyir: layiqli cəza!

Məhkəmə istintaqı zamanı təqdim edilən əsaslar təkcə kağız üzərində dəlil və sübutlardan ibarət olmadı. Arxiv sənədləri toplandı, minlərlə şahidlər və zərərçəkmişlər danışdı. Hətta daha əvvəlki illərdə baş vermiş cinayətlərin araşdırılması üçün pensiyada olan müstəntiqlər də bu iş üçün birgə araşdırmaya cəlb edildilər. Azərbaycan hüququn aliliyinə təminat verərək hər bir detalı dəqiqliklə incələdi.

Ən önəmlisi isə odur ki, təqsirləndirilənlər ermənilər özləri danışdı. Onların məhkəmə zalındakı etirafları göstərdi ki, birinci və ikinci Qarabağ müharibələrində mülki əhali təsadüfən deyil, bilərəkdən hədəf seçilib. Yaşayış məntəqələri hərbi obyekt olduğu üçün yox, qorxu yaratmaq və terror məqsədilə atəşə tutulub. Terror və diversiya aktları isə özbaşına yox, mərkəzləşdirilmiş göstərişlər əsasında törədilib. Etdikləri dəhşətli cinayətləri əks etdirən kadrları isə foto-videolarla özləri də izlədi.

Misal üçün, uzun illərdir gizlədilən, müxtəlif bəhanələrlə inkar edilən həqiqətlər hərbi cinayətkarların öz dili ilə etiraf olundu. Mnatsaknayan açıq şəkildə etiraf etdi ki, tarixdə qalmış qondarma rejim ordusu müstəqil qüvvə deyildi və Ermənistan ordusunun ən böyük hərbi birləşməsi olub, qondarma rejim ordusunda yuxarı vəzifələrə təyinat İrəvanda təsdiqlənirdi, ordunun təminatı Ermənistan Ordusunun daxilində təşkil edilirdi.

Toplanmış mötəbər sübutlar əsasında ümumilikdə 2548 epizod üzrə Ermənistan Respublikası Silahlı Qüvvələri və qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfərə-Arkadi Qukasyan, Arayik Harutyunyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan, Davit Manukyan, Qarik Martirosyan, Melikset Paşayan, Davit Allahverdiyan, Qurqen Stepanyan, Levon Balayan, Madat Babayan, Vasili Beqlaryan və Erik Qazaryana qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin soyqırımı, terrorçuluq, müharibə cinayətləri və insanlıq əleyhinə əməlləri əhatə edən maddələri ilə ittiham irəli sürülüb.

Yekunda isə prokurorlar hər bir ittihamın sübuta yetirilməsini nəzərə alaraq erməni müttəhimlərin bir neçəsinə qanunun icazə verdiyi ən ağır cəza olaraq ömürlük, bəzilərinə isə başqa ağır cəzalar tələb etdi.

Bu gün həm də Prezident İlham Əliyev daha bir siyasi qələbəsini qeyd edəcək. Çünki İlham Əliyev yenə qəti iradə, prinsipiallıq nümayiş etdirdi, xalqımız qarşısında verdiyi sözə həmişə əməl etdiyi kimi, bu dəfə də vədinə sadiq qaldı. Azərbaycana məhkəmə ilə əlaqədar xaricdə güclü əsassız siyasi təzyiqlər var idi. Lakin bu, Prezidentin bu sahədə qəti mövqeyinə heç bir təsir göstərmədi.

Bugünkü hökm Sarkisyan və Küçəryan kimilərə açıq mesaj olacaq: Qoy bir daha görsünlər ki, Azərbaycanın həm hərbi, həm siyasi mövqeyi dəyişməzdir. “Dəmir yumruq yerindədir!”

Prezident dəfələrlə deyib ki, Azərbaycan xalqına qarşı cinayətlər cəzasız qalmayacaq. Kim günahkardırsa, bir gün məhkəmə qarşısında cavab verəcək.

2021-ci il: “Xocalı soyqırımını törədənlər bizim mənfur qonşularımızıdır. Xocalı soyqırımını törədənlər hərbi cinayətkarlardır. Onlar bir gün ədalət məhkəməsi qarşısında cavab verəcəklər”.

2025-ci il: “Onlar Bakıya gəlmək istəyirdilər, bizi hədələyirdilər, deyirdilər ki, tankları Bakı küçələrində olacaq. Haqlı çıxdılar. Onların tankları bu gün Bakıdadır- Hərbi Qənimətlər Parkında. Deyirdilər ki, Bakıya gəlib çay içəcəklər. Bu da doğrudur. İndi çay içirlər- istintaq təcridxanasında”.

Ən əsası isə bu günü Xocalıda fəryad edən qadınlara, uşaqlara, Gəncə terrorunda valideynlərini itirən Nilayla Sevilə, qucağında övladının cəsədini aparan ataya borclu idik...

Sail Ağasəlim