Çamadanlarından corablara bükülmüş 3 min zəhərli hörümçək çıxdı - Video

camadanlarindan-corablara-bukulmus-3-min-zeherli-horumcek-cixdi
Oxunma sayı: 267

Perunun Xorxe Çaves beynəlxalq hava limanında görünməmiş vəhşi təbiət qaçaqmalçılığının qarşısı alınıb. Sərnişinlərin baqajlarında corabların içinə gizlədilmiş 3000-dən çox tarantul (zəhərli hörümçək növüdür – red.), o cümlədən elmi cəhətdən hələ tam müəyyən edilməmiş yeni hörümçək növləri müsadirə olunub.

“Qafqazinfo” xəbər verir ki, Peru Milli Meşəçilik və Vəhşi Təbiət Xidmətinin məlumatına görə, əməliyyat zamanı Almaniya və Polşa vətəndaşı olan üç nəfər saxlanılıb.

Ölkənin Xunin, Loreto və Kusko bölgələrindən qanunsuz yığılan tarantullar ekzotik ev heyvanları bazarına və kolleksiyaçılara satılmaq üçün corablara bükülərək etiketlənib. Axtarış zamanı plastik qablarda minlərlə yumurta, bala  və yetkin tarantullar aşkar edilib.

Bildirilir ki, aşkar edilən növlərin zəhəri arı sancmasına bənzər təsirə malikdir və insanlar üçün həyati təhlükə yaratmır.

Peruda qorunan vəhşi heyvanların qanunsuz ixracı ağır cinayət hesab olunur. Vəhşi təbiət qaçaqmalçılığı 3 ildən 5 ilə qədər həbs cəzası nəzərdə tutsa da, xüsusi qorunan növlər olduqda bu müddət 7 ilə kimi artırıla bilər. Saxlanılan üç şübhəli şəxs barəsində artıq rəsmi istintaq başladılıb.